Məhkəmə qərarları › İş №2(105)-3471/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3471/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3471/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(067)-1988/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(067)-1988/2021 saylı qətnaməsi ilə (hakim S.A.Səmədzadə) İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 34 saylı ünvanında yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və bu qətnamənin Cavabdeh Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 34 saylı ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(067)-1988/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi 34 saylı evindən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəmə müraciət edərək, Cavabdeh Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə Rəsulzadə küçəsi 34 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri, M.Rəsulzadə küçəsi, ev 34-də yerləşən fərdi yaşayış evi ona məxsus əmlakdır. Cavabdeh mülkiyyətinə məxsus evdə formal qeydiyyatdadır. Cavabdeh ona məxsus evdən formal qeydiyyatda qalmışdır və həmin məsələ bu vaxta kimi uzanmışdır. Həmin yaşayış evini ona 06 noyabr 1997-cı il tarixdə bəxşiş edilmə müqaviləsi əsasında adına qeydə alınmışdır. Cavabdeh ona məxsus evə nə vaxtsa qeydiyyata düşübdür. Cavabdehin valideynləri X7 və X4 və X1 Rayon Məhkəməsinin 22 iyun 2001-ci il tarixli qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmışdırlar. Lakin 1992-ci il təvəllüdlü Cavabdeh qeydiyyatda qalmışdır. Cavabdeh isə qeyd olunduğu kimi uzun müddətdir ki, ümumiyyətlə onun evində yaşamamış və evdə onun heç bir əmlakı və evlə bağlı heç bir əlaqəsi yoxdur. Hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı müddəasi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 yanvar 1999-cü il tarixli, 5-1/98 saylı sorğusu ilə bağlı Konstitusiya Məhkəməsinin 12 mart 1999-cü il tarixli qərarı ilə mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada təsdiq olunmalı və məhkəmənin qərarında əsaslandırılmalıdır.Ona görə də, cavabdehin onun evindən hüququ itirilmiş hesab olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 26 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123, 87-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 80, 81, 88, 217-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 06 noyabr 1997-ci il tarixli, 1A-979A saylı evin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi 34 saylı ünvanda yerləşən ev İddiaçı adına qeydə alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 2-246 saylı, 22 iyun 2001-ci il tarixli qətnaməsi ilə X7, X4 və X3 Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi 34 saylı yaşayış evində yaşamaq hüququları itirilmiş hesab edilmişdir. Cavabdeh 1997-ci ildən Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi 34 saylı ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evində yaşamaması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırki mübahisə 1997-cı ildə yarandığından həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Cavabdeh İddiaçı xüsusi mülkiyyətinə aid Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 34 saylı evində qeydiyyatının formal olması və onun həmin evdə ümumiyyətlə yaşamaması müəyyən edildiyindən, iddiaçının xüsusi mülkiyyətinə aid, sahiblik etdiyi Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 34 saylı evində formal qeydiyyatda olması mülkiyyətçinin xüsusi mülkiyyətinə aid əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan Cavabdeh sözügedən yaşayış evinə formal xarakter daşıyan istifadə hüququ itirilmiş hesab edilməlidir. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 34 saylı ünvanında yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(067)-1988/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar