Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3482/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, Ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(060)-7890/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun adına Qubadlı rayonu, Göyərcik kənd icra nümayəndəliyi tərəfindən 16.08.1970-ci ildə tərtib edilmiş 18 nömrəli doğum haqqında akt qeydində onun adının «Vaqif»dən- «Vüqar»a, ata adının «Mülkadar»dan – «Mülkədar»a düzəliş olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(060)-7890/2021 saylı qərardadı ilə ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmuş, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə təqdim edilmişdir. (hakim A.Süleymanova) Qərardaddan ərizəçi şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(060)-7890/2021 saylı qərardadının ləğv edilməsini və iş üzrə sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, onun adının Vüqar, ata adının isə Mülkədar olması şəxsiyyət vəsiqəsilə və nikah haqqında şəhadətnamə ilə öz təsdiqini tapsa da, doğum haqqında akt qeydində Vaqif Mülkadar oğlu kimi qeyd edilmişdir. Buna görə də o, anasından miras qalmış əmlakı qəbul edə bilmir. O, hər hansı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsilə bağlı deyil, akt qeydinə düzəliş olunması ilə bağlı ərizə vermişdir. Bu ərizələrə isə inzibati məhkəmədə yox, ümumi məhkəmədə baxılmalıdır. Sadalanan hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv olunmalı, iş üzrə sonrakı prosessual hərəkətlər edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(060)-7890/2021 saylı qərardadı ilə ilə Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(060)-7890/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizənin qəbulundən imtina edərkən birinci instansiya məhkəməsi haqlı olaraq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinad etmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın — yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi — şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi — həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü — məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir və bu barədə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir. Eyni zamanda, MPM-nin 153.3-cü maddəsinə əsasən məhkəmə iddiaçıya eyni tələblə müvafiq orqana və məhkəməyə müraciət etmək hüququnu izah etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mahiyyətcə düzgün qərardadın ləğvi üçün əsas hesab edilmir. İddiaçı pozulmuş hüquqları ilə bağlı aidiyyəti üzrə müvafiq məhkəmədə iddia qaldırmaq hüququnu saxlayır. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə Ərizəçi hazırkı ərizəsinin qəbul edilməsindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(060)-7890/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3482/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3482/2021
19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver