Məhkəmə qərarları › İş №2(105)-3491/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3491/2021

14.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3491/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılma» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-4861/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-4861/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Azər İsmayılov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Abışova (Qaraxanova) Xuraman Vaqif qızı və Cavabdeh2 hər birinə 5000 manat olmaqla, cəmi 10000 manat məbləğində kompensasiya verilməklə onların və yetkinlik yaşına çatmayan 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 17 mkr., 57 saylı evin, 44 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili X7 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçıya məxsus mənzil 1 otaqdan ibarətdir. Həmin evdə hal-hazırda cavabdehlər və 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı yaşayır. İddiaçı mülkiyyətçi olaraq öz mənzilindən sərbəst şəkildə istifadə edə, həmin mənzildə yaşaya bilmir. Onun mülkiyyət hüququ kobud şəkildə pozulur. Buna səbəb isə cavabdehlərdir. Çünki onlarla birlikdə yaşamaq mümkün deyil. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə cavabdeh Abışova (Qaraxanova) Xuraman Vaqif qızı iddiaçını döydüyü üçün Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 3 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Konstitusiya Məhkəməsi mülkiyyətçinin hesabına onun ailə üzvlərinə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə yaşamaq imkanının verilməsini mümkün sayır. Bu o demək deyil ki, mülkiyyətçinin hesabına cavabdehlər özlərinə başqa yerdə mənzil alıb orada yaşayacaqlar. Əgər cavabdehlərin mübahisəli mənzildə hansısa payları olsaydı, bu halda onlar haqlı ola bilərdi. Lakin cavabdehlərin mübahisəli mənzilə yalnız yaşayış hüquqları olmasına onlara ümumilikdə 10.000 manat kompensasiya verilməsi cavabdehlərin heç bir hüququnu pozmur və onlar bu məbləğə başqa yerdə müəyyən müddət ərzində əvvəlki şəraitdən də daha yaxşı şəraitdə yaşaya bilər. Sumqayıt Şəhər Məhkəməsi sadəcə göstərib ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərə uzun müddət əvvəlki mənzillə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. İşin hallarından məlum olur ki, cavabdehlərdən biri iddiaçının keçmiş gəlini, digəri isə nəvəsidir. Hazırda tərəflərin münasibətləri normal deyil, aralarında tez-tez münaqişələr olur, birgə yaşayışı mümkünsüzdür. Mənzil iddiaçının şəxsi mülkiyyətində olan mənzildir, iddiaçı cavabdehlərin təqsiri ucbatından mənzildə rahat şəkildə yaşaya bilmir. Cavabdehlərə təklif edilən 10.000 manat kompensasiya onların eyni şəraitli, hətta ondan da yüksək şəraitli mənzildə ən azı 3 il və ondan da artıq müddətinə yaşaya bilməsi üçün normal məbləğdir. Üstəlik qeyd etmək lazımdır ki, cavabdehlər ana-baladır, onlara təklif edilən kompensasiya ilə onlar ayrı-ayrı mənzildə yaşamayacaqlar, 10000 manat məbləğində kompensasiya onların bir yerdə başqa mənzildə daha yaxşı yaşaması üçün əlverişlidir. Amma hər bir halda iddiaçı humanistlik göstərərək kompensasiya məbləğinin 12000 manat məbləğində müəyyən edilməsini təklif edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-4861/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına, eyni zamanda kompensasiya məbləğinin 12000 manat həcmində müəyyənləşdirilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X6 apellyasiya şikayətinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi və apellyasiya şikayəti ilə razı olmadıqlarını bildirmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlər iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkilini dinləyərək apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-4861/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 57 saylı evin, 44 nömrəli mənzili İddiaçı məxsusdur. İş materiallarında olan 16.05.2021-ci il tarixli Forma 2 arayışından görünür ki, cavabdehlər Abışova (Qaraxanova) Xuraman Vaqif qızı, Cavabdeh2 və yetkinlik yaşına çatmayan 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı Sumqayıt şəhəri, 17 mkr., 57 saylı evin, 44 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli, (060)-4091/2016 saylı qətnaməsinin surətindən görünür ki, X5 və X6 arasında olan 25.08.2000-ci il tarixli nikah pozulmuş və 28.05.2001-ci il təvəllüdlü Cavabdeh2 və 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı X1 yanında qalmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının 2(105)-1946/2019 saylı, 22.05.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə muraciət edərək cavabdeh X4 5000 manat məbləğində kompensasiya verilməklə onun və yetkinlik yaşına çatmayan usaqları 28.05.2001-ci il təvəllüdlü Cavabdeh2 və 08.12.2006cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızının Sumqayıt şəhəri, 17-ci mikr. 57 saylı evin, 44 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin qətnamə ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, (060)-522/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X4 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə diar iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən cavabdehlərin hər birinə təklif etdiyi 5000 manat kompensasiyanın, onların, habelə cavabdeh X2 yetkinlik yaşına çatmayan 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı ilə birlikdə istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsi baxımından kifayət hesab etməməsini müəyyən edərək iddianı təmin etməmişdir. Hazırda işə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəf ərizə ilə müraciət edərək təklif edilən kompensasiyanın cavabdehlərin hər birinə 6000 manat olmaqla cəmi 12000 manat müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı olmaqla, onun cavabdehlərə təklif etdiyi 12000 (on iki min) manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilər. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən payın ödənilməsini tələb etmək hüququ verməsə də o yaşayış sahəsindən istifadə hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. İş materiallarında olan “Ev alqı-satqısı” Mərkəzinin 14.12.2021-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanın da yerləşən 44 saylı mənzilin (1 otaqlı, 34,1 kv.m, 3-cü mərtəbə) hazırki təxmini qiyməti təmirsiz halda 30000-32000 manat, təmirli halda isə 35000-37000 manat təşkil edir. Aylıq kirayə haqqı isə təmirsiz halda 120-150 manat, təmirli halda 170-200 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan və nəzərə alınsa ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə 1 otaqlı təmirli mənzilin aylıq kirayə haqqı 170-200 manat civarındadır, iddiaçının cavabdehlərə təklif etdiyi 12000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab edilə bilər. Çünki iddiaçı tərəfindən təklif edilən 12000 manat məbləğində kompensasiyanın hesabına, cavabdehlər hər ay orta hesabla 200 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, 5 il (60 ay) müddətdə başqa yerdə 1 otaqlı təmirli mənzildə yaşamaq imkanı əldə edər. Eyni zamanda iş materiallarından olan Sumqayıt Şəhər Məhkəməsinin 05.02.2019cu l tarixli, 1(060)-133/2019 saylı hökmündən görünür ki, X6 ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı İddiaçı vuraraq ona xəsarət yetirmiş, Abışova Xuraman Vaqif qızı AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 3 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisəli mənzil iddiaçının xüsusi müıkiyyətində olmaqla 1 otaqdan ibarətdir. Həmin mənzildə cavabdeh övladı ilə birgə yaşayır. Tərəflər arasında ailə-məişət zəminində mübahisələr olmuşdur. Bu səbəbdən də qeyd edilən şəxslərin 1 otaqlı mənzildə birgə yaşaması mülkiyyətçinin maraqlarına əhəmiyyətli dərəcədə toxunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, 12000 manat kompensasiya verilməklə cavabdehlərin evə istifadə hüquqlarına xitam verilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavadbehlərin mənzilə istifadə hüquqlarına xitam verildiyindən onlara məxsus əmlak da iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-4861/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-4861/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 17 mkr., 57 saylı evin, 44 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdeh X6 (08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı ilə) və Cavabdeh2 mənzildən əmlakları ilə birlikdə çıxarılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar