Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3510/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mənzil-tikinti kooperativinin nümayəndəsi və vəkili Vəkil2 Şəmsəddin oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-1822/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-1822/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh mənzil-tikinti kooperativinə qarşı maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsi barədə ilk iddiası təmin edilməmiş, Cavabdeh mənzil-tikinti kooperativinin İddiaçı qarşı mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Cavabdeh mənzil-tikinti kooperativi (kooperativ) ilə İddiaçı (payçı) arasında bağlanmış 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan ümumi sahəsi 71,84 kv.metrdən ibarət 95 saylı mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh mənzil-tikinti kooperativi ilə onun arasında bağlanmış 04 fevral 2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.metrdən ibarət 95 saylı mənzil ona satılmışdır. Həmin müqavilənin 1-ci bəndində göstərilmişdir ki, kooperativ Abşeron rayonu. Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 95 saylı mənzili, payçı (İddiaçı) isə müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşlər, yəni hər bir tərəf bu müqavilə ilə öhdəlik götürmüşlər. 04 fevral 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin 3-cü bəndinə əsasən göstərilən mənzilin dəyəri 46696 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 4-cü bəndinə görə müqavilə bağlanan günü “Payçı” (İddiaçı) tərəfindən mənzilin ümumi dəyərinin 46696 manat hissəsi ödənilir. Müqavilənin 6-cı bəndində isə göstərilmişdir ki, ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunacaqdır. 04 fevral 2018-ci il tarixli kassa mədaxil orderi ilə 2-ci blokun müqaviləsinə əsasən “Payçı” kimi o, 46696 manat ödəmiş və həmin məbləğ kassaya mədaxil edilmişdir. Maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona təqdim edilməsi barədə şifahi qaydada dəfələrlə Cavabdeh mənzil-tikinti kooperativinə müraciət etmişdir. Lakin Cavabdeh mənzil-tikinti kooperativinin bir qrup aidiyyatı əməkdaşları tərəfindən ona bürokratik əngəllər yaradılmış, qanunsuz və əsassız olaraq mənzilə heç bir aidiyyəti olmadığını, həmin mənzilin ona məxsus olmadığını bildirmişlər. Həmin mənzilin borcu tam ödənildiyi halda, kooperativin əməkdaşları qərəzli olaraq ona maliyyə arayışı və mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını vermirlər. Bundan sonra yazılı şəkildə müraciətini Cavabdeh mənzil-tikinti kooperativinin rəhbərliyinə ünvanlasa da, müraciəti əsassız olaraq təmin edilməmişdir. 04 fevral 2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləni nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.metrdən ibarət 95 saylı mənzilin dəyəri tərəfindən tam ödənildiyindən, həmin mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ona verilməlidir. Cavabdeh mənzil-tikinti kooperativi qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə Cavabdeh mənzil-tikinti kooperativi arasında bağlanmış 04 fevral 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və 25 yanvar 2021-ci il tarixli mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 04 fevral 2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.metrdən ibarət 95 saylı mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, MTK ilə arasında 2018-ci ildə müqavilə bağlanmış və mənzilin sifarişçisi olmuşdur. Cavabdehin iddiası əsassızdır, mənzillə bağlı müqavilə kooperativin 4000 kv.metr vergi borcunun silinməsi qarşılığında hazırlanmış və mənzil qabaqcadan verilmişdir. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Bunu vergi orqanından həmin dövrə aid vergi yoxlaması zamanı görülmüş işlərə dair alınan məlumatlar da təsdiq edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyildir, qətnamə çıxarılarkən işin faktiki halları düzgün təhlil edilməmiş, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli mənzilin dəyərinin onun tərəfindən ödənilməsi barədə sübut, yəni 04.02.2018-ci il tarixli kassa mədaxil orderi iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. O, Abşeron-A1” mənzil-tikinti kooperativinin 4000 kv.m sahənin vergiyə cəlb edilməsinin əsassızlığı ilə bağlı nəticənin aradan qaldırılması ilə əlaqədar üzərinə hər hansı öhdəlik götürməmişdir. Belə bir öhdəliyin hər hansı sənəd, sübut olmadan, nümayəndənin izahatı ilə və yaxud da şahid ifadəsi ilə şəxsin üzərinə qoyulması qanunvericilikdə nəzərdə tutulmamışdır. Konkret müqavilə və həmin müqavilə üzrə öhdəliyin icra edilməsi barədə sənəd və sübutu təqdim etsə də, məhkəmə bunları qəbul etməmiş, lakin cavabdeh tərəfin şifahi izahatı və şahid ifadəsini məhkəmə qəbul etmişdir. Bu da məhkəmənin qərəzli mövqe nümayiş etdirməsini göstərir. Həmçinin onun müəssisədə səyyar yoxlama aparılmasının qarşısını almaq səlahiyyəti yoxdur. Belə ki, səyyar yoxlama aparmaq vergi orqanlarının səlahiyyət və hüquqlarıdır. Məhkəmə iş üzrə nəticəyə gələrkən qanunvericiliyin tələblərini nəzərə almamışdır. Eyni zamanda məhkəmə işə baxarkən iddia tələbindən, mahiyyətindən kənara çıxaraq, vergi orqanının müxtəlif vaxtlarda tərtib etdiyi qərarlarını sübut kimi qiymətləndirmiş və məhkəmə qətnaməsində bunlara münasibət bildirmişdir. Halbuki o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsinin mahiyyəti isə müqavilə öhdəliklərindən ibarət olmuşdur. İşin məhkəmə baxışı zamanı cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsinə də münasibət bildirərkən bütün bunları qeyd etmişdr. Hesablanmış vergi məbləğinin və maliyyə sanksiyasının 4 dəfə çox olmasının, əvvəl yoxlanılan 2016-2017-ci illərin yenidən yoxlanılmasının, yoxlamanın prosedur qaydalarının pozulmasının, vergi orqanının yol verdiyi nöqsanlara görə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsində maraqlı olmasının nə onun iddia tələbinə, nə də qarşılıqlı iddia ərizəsinə aidiyyatı yoxdur. Məhkəmə qətnaməsində sadalanan bütün qanunvericilik normaları təsdiq edir ki, onun üzərinə götürdüyü öhdəliklər müqavilədən irəli gələn öhdəliklərdir və həmin öhdəlikləri də tam icra etmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədə yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn bərpa edilməsinə yol verilə bilər. İddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri məhkəmə tərəfindən araşdırılmamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mənzil-tikinti kooperativinin nümayəndəsi Vəkil2 Şəmsəddin oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ilk iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan gələcəkdə “Kooperativ” adlanan Cavabdeh mənzil-tikinti kooperativi ilə “Payçı” kimi İddiaçı arasında kooperativ binanın mənzil tikintisi haqqında bağlanmış 04.02.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh mənziltikinti kooperativi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikintidə olan yaşayış binasının 2-ci giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,84 kv.m olan 95 nömrəli mənzili payçıya verməyi, İddiaçı müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdələrinə götürmüş, mənzilin ümumi dəyəri 46696 manat müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh mənzil-tikinti kooperativinin 04.02.2018-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, 2-ci blokun müqaviləsinə əsasən İddiaçı tərəfindən 46696 manat Cavabdeh mənzil-tikinti kooperativinin kassasına mədaxil edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh mənzil-tikinti kooperativi üzrə 09/K saylı, 01 fevral 2018-ci il tarixli əmrlə hüquqşünas vəzifəsinə qəbul edilmiş, 02/K saylı, 03 mart 2020-ci il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında 09.01.2018-ci il tarixli, **********100608 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh mənzil-tikinti kooperativi üzrə keçirilən səyyar vergi yoxlaması müddətinin 30 iş günü artırılması qərara alınmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında 31.10.2018-ci il tarixli, **********167652 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh mənzil-tikinti kooperativi üzrə keçirilən səyyar vergi yoxlaması müddətinin 30 iş günü artırılması qərara alınmışdır. İş materiallarında olan 04.04.2019-cu il tarixli, **********101676 nömrəli səyyar vergi yoxlaması aktının surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 13271,04 manat azaldılmasına görə 50% məbləğində, yəni 6635,52 manat məbləğində maliyyə sanksiyası, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 32934,83 manat məbləğində ödəmə mənbəyində tutulan verginin yayındırılmasına görə 50% məbləğində, yəni 16467,42 manat məbləğində maliyyə sanksiyası, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2017ci ilin 3-cü rübü üzrə ödəmə mənbəyindən vergi bəyannaməsinin əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin baş direktorunun əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 15.04.2019-cu il tarixli, **********180911 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh mənzil-tikinti kooperativi üzrə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh mənzil-tikinti kooperativi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış 13.03.2019-cu il tarixli məktubun surətindən görünür ki, yoxlama aktının bu günədək təqdim edilməməsinin səbəblərinin izah edilməsi və yoxlama aktının təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh mənzil-tikinti kooperativi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış 01.04.2019-cu il tarixli məktubun surətindən görünür ki, müəssisənin vergi orqanı ilə əlaqəli bütün məsələləri ilə araşdırmada iştirak edən təmsilçisinin İddiaçı olması bildirilmiş və bununla əlaqədar etibarnamənin surəti göndərilmişdir. İş materiallarında olan Cavabdeh mənzil-tikinti kooperativi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə ünvanlanmış 16.04.2019-cu il tarixli şikayətin surətindən görünür ki, 04.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının ləğv olunması haqqında göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh mənzil-tikinti kooperativi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə ünvanlanmış 17.04.2019-cu il tarixli şikayətin surətindən görünür ki, 04.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının ləğv olunması haqqında göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh mənzil-tikinti kooperativi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə ünvanlanmış 25.04.2019-cu il tarixli məktubun surətindən görünür ki, müəssisədə aparılan səyyar vergi yoxlamasının ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi barədə 30.04.2019-cu il tarixli, **********182054 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti baş vergi xidməti müşaviri tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativi üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş 27.22.2017-ci il tarixli, **********128540 nömrəli qərar ləğv edilmişdir. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında 04.06.2019-cu il tarixli **********184485 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh mənzil-tikinti kooperativi üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2016 - aprel 2019-cu illəri əhatə edən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında 25.10.2019cu il tarixli, **********192174 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh mənzil-tikinti kooperativi üzrə səyyar vergi yoxlamasının müddətinin 30 iş günü artırılması qərara alınmışdır. İş materiallarında olan 04.05.2020-ci il tarixli, **********189850 nömrəli səyyar vergi yoxlaması aktının surətindən görünür ki, Cavabdeh mənzil-tikinti kooperativində satılmış mənzillərə görə 894148,85 manat ƏDV-siz dövriyyə müəyyənləşdirilmiş və nəticədə 160946,79 manat ƏDV üzrə kənarlaşma aşkar olunmuşdur, 80473,40 manat və 180 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərkən Əlizadə X2 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m-dən ibarət 95 saylı mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsini xahiş etsə də, mübahisəli mənzilin dəyərinin onun tərəfindən ödənilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsinə, İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 04.02.2018-ci il tarixli kassa mədaxil orderinin ciddi hesabat blankı olmamasına, Cavabdeh mənzil-tikinti kooperativi ilə İddiaçı arasında kooperativ binanın mənzil tikintisi haqqında 04.02.2018-ci il tarixli müqavilənin kooperativin 4000 kv.metr mənzil sahəsinin vergiyə cəlb edilməsinin əsassızlığı ilə bağlı nəticənin aradan qaldırılması ilə əlaqədar bağlanmasına, İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə, əksinə müxtəlif vaxtlarda səyyar yoxlamalar aparılmasına, 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd olmasına, başqa əqd üzrə İddiaçı Cavabdeh mənzil-tikinti kooperativi qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməməsinə istinad etmişdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 2018-ci ilin iyulun 1-dək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü pay yığımına hüquq olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Həmin Məcəllənin 113-cü maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tıkinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdən görünür ki, Cavabdeh mənzil-tikinti kooperativi ilə “Payçı” kimi İddiaçı arasında kooperativ binanın mənzil tikintisi haqqında bağlanmış 04.02.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh mənzil-tikinti kooperativi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikintidə olan yaşayış binasının 2-ci giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,84 kv.m olan 95 nömrəli mənzili payçı kimi İddiaçı verməyi, İddiaçı isə mənzilin müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öz öhdələrinə götürmüş, mənzilin ümumi dəyəri 46696 manat müəyyən olunmuş, 04.02.2018ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən Cavabdeh mənzil-tikinti kooperativinin kassasına mənzilin dəyəri olaraq 46696 manat ödənilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh mənzil-tikinti kooperativi ilə kooperativ binanın mənzil tikintisi haqqında 04.02.2018-ci il tarixli müqaviləni payçı kimi bağlamışdır. Məhkəmə kollegiyası işin halları nəzərə alaraq hesab edir ki, Əlizadə X2 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikintidə olan yaşayış binasının 2-ci giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,84 kv.m olan 95 nömrəli mənzilə mülkiyyət hüququnu həmin mənzilin dəyərinin tam ödənildiyi gündən, yəni 04.02.2018-ci il tarixdə əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Əlizadə X2 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikintidə olan yaşayış binasının 2-ci giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,84 kv.m olan 95 nömrəli mənzilin pay haqqını tam ödədiyi üçün ona həmin mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı verilməlidir. Azərbaycan Respublikası MM-nin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Cavabdeh mənzil-tikinti kooperativi qarşılıqlı iddia tələbini mənzillə bağlı müqavilənin 4000 kv.metr vergi borcunun silinməsi qarşılığında hazırlanması və mənzilin qabaqcadan verilməsi, lakin İddiaçı öhdəliyini yerinə yetirməməsi, 04.02.2018-ci il tarixli müqavilənin uydurma əqd olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tərəflər arasındakı kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin başqa əqdi pərdələmək məqsədilə ilə bağlanmış yalan əqd olması nəticəsinə gəlmişdir. Göründüyü kimi, Cavabdeh mənzil-tikinti kooperativi qarşılıqlı iddia tələbini 04.02.2018-ci il tarixli müqavilənin uydurma əqd olması ilə əsaslandırdığı halda, birinci instansiya məhkəməsi həmin müqaviləni yalan əqd hesab etmişdir. Halbuki uydurma və yalan əqdlər müxtəlif əsaslarla əhəmiyyətsiz hesab edilir və müxtəlif nəticələrə səbəb olur. Cavabdeh mənzil-tikinti kooperativi qarşılıqlı iddiasında mənzillə bağlı müqavilənin 4000 kv.metr vergi borcunun silinməsi qarşılığında hazırlanmasını və mənzilin qabaqcadan verilməsi, öhdəliyin yerinə yetirilməməsini göstərsə də, məhkəmə kollegiyası bunu əsassız hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh mənzil-tikinti kooperativinin inşa etdiyi binanın 4000 kv.metr sahəsinin vergiyə cəlb edilməsinin əsassızlığı ilə bağlı nəticənin aradan qaldırılması ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikintidə olan yaşayış binasının 2-ci giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,84 kv.m olan 95 nömrəli mənzilin İddiaçı verilməsi barədə tərəflər arasında yazılı razılaşma olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə dindirilmiş şahidin ifadəsi qeyd olunan razılaşmanın olması nəticəsinə gəlinməsinə əsas vermir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, gələcəkdə “Kooperativ” adlanan Cavabdeh mənzil-tikinti kooperativi ilə payçı kimi İddiaçı arasında kooperativ binanın mənzil tikintisi haqqında müqavilə 04.02.2018-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi, Cavabdeh mənzil-tikinti kooperativinin istinad etdiyi hal artıq 2018ci ilin fevral ayından ona məlum olmuş, lakin hazırki qarşılıqlı iddia ilə 2021-ci məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ilk iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-1822/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m-dən ibarət 95 saylı mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi Cavabdeh mənzil-tikinti kooperativinə həvalə edilsin. Cavabdeh mənzil-tikinti kooperativinin İddiaçı qarşı mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3510/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3510/2021
21.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver