Məhkəmə qərarları › İş №2(105)-3518/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3518/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3518/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(012)-565/2020 saylı qərardadından X4 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(012)-565/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-565/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, X7 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 565/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. X7 qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(012)-565/2020 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-565/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: X7 qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, mərhum anası X2 Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbinin əsası ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ ilə özünə məxsus evin torpaq sahəsi üzərində yerləşən, lakin kənar şəxs tərəfindən zəbt olunmuş özbaşına tikiliyə köçürülməsini istəmişdir. Məhkəmə mübahisəli tikilinin özbaşına inşa edilmə faktını əsas götürərək tələbin əsassız olması qənaətinə gəlmişdir. Bu nəticəyə görə məhkəmə hüquqi fakt kimi mübahisəli özbaşına tikilinin cavabdeh tərəfindən alınmasını müəyyən etmiş, özbaşına tikilini alqı-satqı predmeti kimi qəbul etmişdir. Ərizəyə əlavə edilmiş çıxarışa əsasən Xırdalan şəhəri, Quşçuluq y/m, R.Behbudov küçəsində yerləşən 76 saylı ev mülkiyyət hüququ ilə mərhum anası X3 məxsusdur. Lakin texniki pasportla müəyyən edilmiş torpaq sahəsi bələdiyyə fonduna aid edilmiş və evin qeydiyyatında olan ailə üzvlərinə (ona və bacı-qardaşına) məxsusdur. Qanuna əsasən ev və evin yerləşdiyi torpaq sahəsi vərəsə kimi yalnız onun, qardaş və baçısının mülkiyyətinə verilə bilər. Mübahisəli özbaşına tikili onların istifadə və sahiblikləri müəyyən olunmuş torpaq sahəsinin üzərində yerləşir və bu əsasla da mübahisəli özbaşına tikilinin istifadə hüququ da onlara məxsusdur. Lakin mübahisəli özbaşına tikili hazırda kənar şəxslər tərəfindən zəbt olunmuşdur. 4 saylı MTİİS-in rəsmi arayışına əsasən Xırdalan şəhəri, Quşçuluq y/m, R.Behbudov küçəsində yerləşən 76 saylı evdə mülkiyyətçinin ailə üzvləri kimi o və bacı-qardaşı qeydiyyatdadır. Buna görə də özbaşına tikilinin kənar şəxslər tərəfindən tutulması bilasavitə onun istifadə hüququnu pozmuşdur. Pozulmuş bu hüququn bərpasına yönələn tələbinə isə Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22.02.2020-ci il tarixli, 2(012)-250 saylı qətnaməsi maneçilik törədir. Həmin qətnaməyə əsasən özbaşına tikilinin satılması hüquqi fakt kimi müəyyən edilmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. Cavabdeh və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, X4 şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətini geri qaytararkən hazırki iş üzrə ölmüş İddiaçı hüquq varisliyinə yol verilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İş materiallarından görünür ki, apellyasiya şikayəti 15 sentyabr 2020-ci il tarixdə ölmüş İddiaçı oğlu X7 tərəfindən verilmişdir və o, hazırki mülki iş üzrə tərəf deyildir. Bundan başqa, İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-565/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra, 15 sentyabr 2020-ci il tarixdə ölmüşdür, hazırki iddia tələbi İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə olmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə edilən hüquq münasibətində prosessual hüquq varisliyinə yol verilmir və apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası X4 şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X4 şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(012)-565/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar