Məhkəmə qərarları › İş №2(105)-352/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-352/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-352/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-998/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-998/2020 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 ilə birlikdə Quba rayonu, Amsar kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 qız və Cavabdeh3 sahibliyində olan, lakin mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-998/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 ilə xx xxxx 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Quba rayonu, Amsar kəndində cavabdehlərə məxsus evə gəlin köçmüşdür. Gəlin köçərkən cehiz əşyalarını da həmin evə aparmışdır. Cavabdeh3 ilə birgə nikahlarından iki uşaqları - xx xxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxx 2017-ci il təvəllüdlü X2 doğulmuşlar. Ailə daxilində yaranmış mübahisələrə görə 2019-cu ilin dekabr ayında cavabdehlər onu evdən çıxarmış və həmin tarixdən uşaqları ilə birlikdə qohum evində yaşayır. Onun ailə qurarkən ər evinə apardığı cehiz və digər əşyaları hazırda da gəlin köçdüyü evdədir. Onun gəlin köçdüyü və cavabdehlərin sahibliyində olan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, bu evə cavabdehlərin razılığı ilə gəlin köçmüş və bu zaman onun qarşısında evə köçməyi, orada yaşamağı ilə bağlı hər hansı bir şərt qoyulmamışdır. O, bu evə orada müvəqqəti yaşamaq üçün deyil, daimi yaşayış yeri olaraq köçmüşdür. Ona görə də onun da mübahisəli evdən burada yaşayan cavabdehlərlə bərabər surətdə istifadə etmək hüququ yaranmışdır və orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanına malikdir. Ona görə də, onun cavabdehlərə məxsus Quba rayonu, Amsar kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və birgə nikahdan anadan olmuş uşaqları xx xxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxx 2017-ci il təvəllüdlü X2 ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada verdikləri apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı və Cavabdeh3 arasında bağlanmış nikah qeydinin pozulması tələbinə dair Quba Rayon Məhkəməsinə müraciət edilmişdir. İddiaçı onların keçmiş ailə üzvüdür və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına daxil deyildir. Bu səbəbdən iddiaçının yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Ona görə də iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququ olmadığı üçün onun həmin yaşayış sahəsinə köçürülməsi barədə iddia tələbi təmin oluna bilməz. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın təmin olunan hissəsində ləğv edilərək, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 758542 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 və X4 xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlamış və həmin nikah 210 nömrə ilə qeydə alınmışdır. Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Cavabdeh3 və İddiaçı birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 doğulmuşlar. Azərbaycan Respublikası Quba rayonu Amsar Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubunan görünür ki, Amsar kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Amsar bələdiyyəsinin vergi uçot kitablarında onların sahibliyindən yalnız Cavabdeh1 adına 70 kv.metr olmaqla 2 mərtəbəli yaşayış evi göstərilmişdir. Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Amsar kənd sakini Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində nümayəndəliyin Amsar kəndində 2 mərtəbəli 3 yaşayış otağından ibarət yaşayış evi vardır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən Quba rayonu, Amsar kəndində sakini Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində fərdi yaşayış evi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi idia ərizəsini qismən təmin etdikdə hesab etmişdir ki, İddiaçı və Cavabdeh3 xx.xx.2012-ci ildə nikah bağlanmış və həmin tarixdən onlar ailə kimi yaşamağa başlamışlar. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə Ləman və xx.xx.2017-ci il tarixdə Leyla adlı iki uşaqları doğulmuşdur. Quba rayonu, Amsar kəndində yerləşən 70 kv.metr olmaqla 2 mərtəbəli, 3 otaqlı yaşayış evi cavabdehlərin sahibliyindədir. Cavabdehlər iddiaçı və uşaqlarınının mübahisəli evdə yaşamasına maneələr yaratmışlar. İddiaçı hazırda gəlin köçdüyü və uşaqlarını dünyaya gətirdiyi fərdi yaşayış evindən istifadə edə bilmir. İddiaçı gəlin köçdüyü və cavabdehlərin sahibliyində olan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı, bu evə cavabdehlərin razılığı ilə gəlin köçmüş və bu zaman onun qarşısında evə köçməyi, orada yaşamağı ilə bağlı hər hansı bir şərt qoyulmamışdır. O, bu evə orada müvəqqəti yaşamaq üçün deyil, daimi yaşayış yeri olaraq köçmüşdür. İddia ərizəsinin yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması barədə hissəsini təmin etməkdən imtina etdikdə birinci instansiya məhkəməsi göstərmişdir ki, mübahisəli yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququnu müəyyən edən çıxarış əldə edilməmiş və mübahisəli mənzillə mülkiyyət hüququnu müəyyən edən sənədlər olmadığından həmin evə iddiaçının istifadə hüququnun müəyyən edilməsi mümkün deyildir. Məhkəmə kollegiyasının iclasında topalanmış sübutlarla müəyyən olur ki, İddiaçı və Cavabdeh3 xx xxxx 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və İddiaçı Quba rayonu, Amsar kəndində yerləşən cavabdehlərə məxsus evə gəlin köçmüşdür. Gəlin köçərkən cehiz əşyalarını da həmin evə aparmışdır. Cavabdeh3 ilə birgə nikahlarından iki uşaqları - xx xxxxx 2013cü il təvəllüdlü X3 və xx xxxx 2017-ci il təvəllüdlü X2 doğulmuşlar. İddiaçı ailə daxilində yaranmış mübahisələrə görə 2019-cu ilin dekabr ayında cavabdehlər onu evdən çıxarmış və həmin tarixdən uşaqları ilə birlikdə qohum evində yaşayır. Tərəflər arasında mövcud ailə münasibətləri pozulmuş və tərəflər ayrı yaşayırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri xx xxxx 2012-ci ildə yaranmışdır. Ona görə də, tərəflər arasındakı hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Mənzil qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 ilə birlikdə Quba rayonu, Amsar kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 qız və Cavabdeh3 sahibliyində olan fərdi yaşayış evinə köçürülmələri barədə iddianı qismən təmin edərkən qanunverciliyin tələbləri pozulmuş, tərəflər arasında mövcud olan hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməmiş və sonda səhv nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətlən¬¬¬dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilib, İddiaçı azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 ilə birlikdə Quba rayonu, Amsar kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 qız və Cavabdeh3 sahibliyində olan fərdi yaşayış evinə köçürülmələri hissədə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiaysı hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinən iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-998/2020 saylı qətnaməsi qismən – «İddiaçı azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 ilə birlikdə Quba rayonu, Amsar kəndində yerləşən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sahibliyində olan, lakin mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan fərdi yaşayış evinə köçürülsün» hissəsində ləğv edilsin və iddia təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar