Məhkəmə qərarları › İş №2(105)-353/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-353/2023

20.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-353/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən payların ayrılması və payların bölünməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X21 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi X12, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh nümayəndəsi X10 (sonuncu iclasda iştirak etmir), digər nümayəndəsi və vəkili X1 müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 (sonuncu iclasda iştirak etmir) iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(067)-163/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları

1. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1997-ci il tarixdə ürək-damar çatmazlığı səbəbindən Xaçmaz şəhərində vəfat etmişdir.

2. 23.06.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci ildə Xaçmaz rayonunda doğulmuş, X4, X9dır.

3. Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.1995ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin dublikatından müəyyən olunur ki, X13 miras qalmış Xaçmaz şəhəri, K.Marks küçəsi, 4 saylı evə dair hər birinə 1/2 hissədə X11 və İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1046 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin naturada mülkiyyətçilər arasında bölünməsi texniki cəhətdən mümkün olmamış və həyətyanı torpaq sahəsi üzərində tikililərin mövcud olduğu və həmin tikilinin mülkiyyətçiləri arasında texniki cəhətdən bölünməsinin mümkün olmadığı nəzərə alınaraq mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edib, xx.xx.1995-ci il tarixli, 2-B-199 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən 274,5 kv metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin onun payına düşən ½ hissəsinin naturada bölünərək ona verilməsi, eləcədə xx.xx.1997-ci il tarixdə vəfat etmiş X11 miras qalmış ünvan 1 ünvanda yerləşən 274,5 kv metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə münasibətdə mirasın onun tərəfindən qəbul edilməsi faktın müəyyən edilməsi, miras əmlakda ½ hissədən 1/5 hissə, ümumi evin isə 1/9 hissəsi həmçinin miras payının ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qardaşıdır. X4, anası isə X18 olmuşdur. X4 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Ondan və cavabdehdən başqa, 1 bacısı sağdır Mezmez, 1 bacısı Validə vəfat etmiş, 1 bacısı Eşimə vəfat etmişdir. X9 12 aprel 1992-ci lidə vəfat etdiyindən ondan qalan əmlaklara dair vərəsəlik işi açılmışdır. 19 oktyabr 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsi ona və ½ hissəsi mərhum atası olmuş xx.xx.1997-ci il tarixdə vəfat etmiş X2. Atası xx.xx.1997ci il tarixdə vəfat edəndən sonra onun payına düşəcək yəni ünvan 3 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsi miras qalmışdır. Atası vəfat etdiyi günədək miras əmlaka dair hər hansı vərəsənin və digər şəxsin adına vəsiyyətnamə qoymamışdır. Hazırda atasının ölümündən sonra onun ölümündən sonra birinci növbəli vərəsələri olaraq o, cavabdeh olan qardaşı Cavabdeh və 1 bacısı qalmışdır. Atasının ölümü ilə ünvan 4 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə vərəsəlik açılmışdır. O atasının vəfatından sonra ondan miras qalmış ünvan 4 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə münasibətdə birinci növbəli vərəsə olaraq hər biri özünə münasibətdə mirası qəbul etmiş. Mirasdan onların hər birinə atasına məxsus ½ hissədən 1/5 hissə, ümumi evin isə 1/5 hissəsi həçmində pay düşür. Belə ki, onlar dördüdə birinci dərəcəli vərəsələrdir. Miras onların arasında bərabər bölünməlidir. Yaxın vaxtlarda o, miras əmlaka vərəsəlik hüququ haqqında şahadətnamə alınması ilə bağlı Xaçmaz rayon notariat kontoruna müraciət etmiş. Lakin miras əmlaka dair cavabdeh də aralarında mübahisə olduğu müəyyən edildikdə vərəsəlik işi aparılmamış və imtina edilərək məhkəməyə müraciət etmələri bildirilmişdir. Bundan başqa o anasından vərəsəlik hüququ haqqında şəhadəttnamə əsasında ona keçmiş ½ hissəni adına rəsmiləşdirmək və mülkiyyət hüququna dair çıxarış almaq istəmişdir. Lakin evin müayinəsi zamanı cavabdeh maneəçilik törətdiyindən onun adına reyestr sənədinin verilməsi mümkün olmamışdır. Hazırda mübahisəli miras əmlakı yəni ünvan 4 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin onun payına aid ½ hissəsini digər qaydada adına rəsmiləşdirə bilmədiyindən və atasından digər ½ hissəyə münasibətdə vərəsəlik işi mübahisəli olduğundan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

8. Yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı heç bir əsas olmadan özünün miras əmlakını qəbul etdiyi iddia edir. İddiaçı atasının miras əmlakını qəbul etməmişdir, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin tələbinə uyğun olaraq heç bir hərəkəti etməmişdir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçınn əksinə, olaraq o, atası İsmayıl vəfat etdikdən sonra onun bütün dəfn mərasimlərini keçirmiş, ondan qalma mirası faktiki qəbul edərək ona yiyəlik etmişdir. Atasının vəfatından keçən 24 il müddətində həmin əmlakın qorunması və cari təmirləri və s. zəruri tədbirləri görmüş, bütün kommunal xərcləri və s. məsrəfləri qarşılamış və hazırda da qarşılayır, öz mülkiyyəti kimi ona sahiblik edib ailə üzvləri ilə birlikdə orada yaşayır. Azərbaycan Resplikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bundan başqa mirasın qəbul edilmə müddətləri də iddiaçı tərəfindən buraxılmışdır. Belə ki, 1246-cı maddədə göstərilir ki, vərəsə vərəsəliyə çıxarıldığını bildiyi və ya bilməli olduğu üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yoil verilmir. Sadalananlara əsasən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

9. Xaçmaz Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(067)-163/2022 nömrəli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia qismən təmin edilərək xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum X7 qalmış ünvan 5 ünvanda yerləşən 274,5 kv metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, İddiaçı miras əmlakda ½ hissədən 1/5 hissə, ümumi evin isə 1/9 hissə miras payı müəyyən olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmiş və ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun İddiaçı alınaraq X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

10. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-163/2022 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 163/2022 nömrəli qətnaməsindəki yanlışlıq düzəldilərək, “xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum X7 qalmış ünvan 5 ünvanda yerləşən 274,5 kv. metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, İddiaçı miras əmlakda ½ hissədən 1/5 hissə miras payı müəyyən edilməsi” qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. xx.xx.1997ci il tarixdə vəfat etmiş mərhum X7 qalmış ünvan 5 ünvanda yerləşən 274,5 kv metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə münasibətdə mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, miras əmlakda ½ hissədən 1/5 hissə, ümumi evin isə 1/9 hissə miras payı müəyyən olunmalıdır. Miras əmlkın naturada ayrılması mümkün olmadığından, iddia tələbi həmin hissədə rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1151, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1243.1, 1243.2, 1243.2, 1246, 1255, 1291, 1133.2, 1134.1, 1243.2-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 311-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin tərtib edilməsini Sərvan adlı şəxsə həvalə etmişdir. Onun peşəkar hüquqi yardıma ehtiyacı olmuşdur. Ona görə də, vəkillə hüquqi yardım üçün müqavilə bağlayıb hüquqlarını ona həvalə etmişdir. Qətnaməni əldə etdikdə ona məlum olmuşdur ki, onun iddiasının xahiş etdi hissədə iddianı tərtib edən şəxs-payla bağlı mexaniki səhvə yol verdiyindən - yəni ki, 5-də bir hissə deyil, evin 9-da bir hissəsini yazdığından məhkəmə də işin mahiyyətinə, hüquqi hallara, iddianın ümumi mətnində 5-də bir qeyd olunmasına, məhkəmə çıxışlarına baxmayaraq, formal bir qətnamə qəbul etmiş, “xahiş etdi” hissəyə uyğun olaraq fikrini əsaslandırmış və “qət etdi” hissədə 9-da bir hissənin ayrılması barədə qətnamə qəbul etmişdir.

14. Məhkəmə iclasında, iddia ərizəsinin 1-ci səhifəsində ümumi fikirlərinin nədən ibarət olduğu açıq-aydın qeyd edilsə də, çıxışlarda bunu bildirsə də, məhkəmə bu hallara deyil də, bir tək mexaniki səhvə yol verilərək yazılmış “xahiş etdi” hissəyə qiymət vermiş və əsassız qanunsuz qətnamə qəbul etmişdir.. Məhkəmə ədalətli, obyektiv araşdırıma zərurəti belə görməmişdir. Hansı ki, 9-da bir hissəni qətnamədə qeyd edərkən bunu nəyə əsasən yazdığını əsaslandırmamışdır, belə çıxır ki, məhkəmədən onun tələbi evdən 5-də bir deyil də, 2-də bir payın ayrılması olsaydı məhkəmə bir tək onun “xahiş etdi” hissədə bu payın qeyd edilməsini əsas götürərək, heç bir məhkəmə araşdırması aparmayaraq yenə də belə bir qətnamə qəbul edəcəkdi. Məhkəmənin vəzifəsi idi ki, onun iddiasına düzəliş elətdirərdi, ən azından məhkəmə işinin gedişində, o, və vəkili iştirak etmişdir və məhkəmə bu halı aydınlaşdıra və hüquqlarının onlara izah edə bilərdi, gördüyü mexaniki səhvi onların nəzərinə çatdıra bilərdi. Bu gün məhkəməyə müraciət ediriksə, ədaləti bərqərar etməyini məhkəmədən istəyiriksə, yeganə ədalət mühakiməsi məhkəmədirsə və bu gün onun hüquqları elə məhkəmənin özü tərəfindən pozulursa belə olan halda, hüquqlarının kimə etibar etməlidir. Bundan başqa məhkəmə qətnaməsinə nəzər yetirilsə görünər ki, məhkəmə qətnaməsi ümumiyyətlə əsaslandırılmamışdır, heç orda əsaslandırılmır ki, nə üçün 5-də bir deyil də 9-da bir hissə tələb olunur, bir tək formal Mülki qanunvericiliyin normalarını qətnamədə qeyd edərək formal bir qətnamə qəbul etmişdir. Mülki prosessual qanunvericliyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu zaman hakim qətnamədə istinad etdiyi qanunu göstərməli və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edirək bildirmişdir ki, o iddia ərizəsinin tərtib edilməsini Sərvan adlı şəxsəməhkəmə işçisinə həvalə etmişdir. Qətnaməni əldə etdikdən sonra ona məlum oldu ki, onun iddiasının “xahiş etdim” hissədə mexaniki səhvə yol verilib. İddiada 1/5 hissə deyil, evin 1/9 hissəsini yazdığından məhkəmə də 1/9 hissənin ayrılması barədə qətnamə qəbul etmişdir. İddia ərizəsində ümumi fikirlərinin nədən ibarət olduğu açıq-aydın qeyd edilsə də məhkəmə bu hallara deyil, yalnız mexaniki səhvə yol verilərək yazılmış “xahiş etdim” hissəyə qiymət vermiş və əsassız qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edirək bildirmişdir ki, məhkəmə iclasında, iddia ərizəsinin 1-ci səhifəsində ümumi fikirlərimizin nədən ibarət olduğu açıqaydın qeyd edilsə də, çıxışlarda bunu bildirsə də, məhkəmə bu hallara deyil, təkcə mexaniki səhvə yol verilərək yazılmış “xahiş etdim” hissəyə qiymət vermiş və əsassız qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə ədalətli, obyektiv araşdırma zərurəti belə görməmişdir. Hansı ki, 1/9 hissəni qətnamədə qeyd edərkən bunu nəyə əsasən yazdığını əsaslandırmamışdır. Belə çıxır ki, məhkəmədən iddiaçının tələbinin evdən 1/5 deyil, 1/2 payın ayrılması olsaydı məhkəmə bir tək onun “xahiş etdim” hissədə bu payın qeyd edilməsini əsas götürərək, heç bir məhkəmə araşdırması aparmayaraq yenə də belə bir qətnamə qəbul edəcəkdi. Məhkəmə bu halı aydınlaşdıra və gördüyü mexaniki səhvi iddiaçının nəzərinə çatdıra bilərdi. Bundan başqa məhkəmə qətnaməsinə nəzər yetirilsə görünər ki, məhkəmə qətnaməsi ümumiyyətlə əsaslandırılmamışdır, heç orada əsaslandırılmır ki, nə üçün 1/5 deyil də 1/9 hissə tələb olunur,. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

17. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X17 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

18. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs M.İ.Abasova apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

19. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edirək bildirmişdir ki, mübahisələndirilən qətnamədən sonra birinci instansiya məhkəməsi qətnaməyə yanlışlıq verərək hesab səhvini düzəltmiş və payı 1/2 hissənin 1/5 hissə kimi müəyyən etmişdir. Bundan əlavə cavabdeh tərəf iddiaçı ilə qarşılıqlı razılıq əldə etmək niyyətindədir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

21. Mülki Prosessual Məcəllə 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(067)-163/2022 nömrəli qətnaməsini qismən, yəni ümumi evin 1/9 hissədə müəyyən edilməsi hissəsində mübahisələndirmişdir.

23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Hazırki iddia tələbinin mahiyyətindən göründüyü kimi iddiaçının tələbi üç hissədən- payın naturada bölünməsi, mirasın faktiki qəbul edilməsi və payın müəyyən edilməsindən ibarətdir.

26. Göründüyü kimi iddiaçının tələbi qismən təmin edilmiş və iddiaçı qətnaməni yalnız ümumi evin 1/9 hissədə müəyyən edilməsi hissəsində mübahisələndirir və payının 2/5 hissədə olunmasını xahiş edir. Ona görə də kollegiya yalnız mübahisələndirilən hissə üzrə raşdırma aparır.

27. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, o iddia ərizəsini yazmağı başqa şəxsə həvalə etmişdir. Qətnaməni əldə etdikdən sonra ona məlum olmuşdur ki, onun iddiasının “xahiş etdi” hissəsində texniki səhvə yol vermiş, səhvən payı 1/5 hissədə deyil, 1/9 hissədə verilməsini xahiş etmişdir. Lakin məhkəmə iddia ərizəsinin faktiki hallarını nəzərə almamışdır.

28. Apellyasiya şikayətinin dəlilləri üzrə öyrənilən işin faktiki hallarından məyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edərkən miras əmlakda ½ hissədən 1/5 hissə, ümumi evin isə 1/9 hissəsi həmçinin miras payının ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbi həddində qətnamə qəbul etmişdir.

29. Sonradan birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(067)- 163/2022 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-163/2022 nömrəli qətnaməsindəki yanlışlığı düzəldərək, iddia tələbinin faktiki hallarına qiymət verməklə “xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum X7 qalmış ünvan 5 ünvanda yerləşən 274,5 kv. metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, İddiaçı miras əmlakda ½ hissədən 1/5 hissə miras payı müəyyən edilməsini” qərara almışdır.

30. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının apellyasiya şikayətində qeyd olunanlara artıq Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 163/2022 nömrəli qərardadı ilə aradan qaldırılmışdır.

31. Apellyasiya şikayətinin digər dəlili, yəni miras payın 2/5 hissədə müyyən edilməsi ilə bağlı kollegiya bildirir ki, şikayətin bu dəlili anlaşılan olmamaqla yanaşı, həm iddia ərizəsində tələb olunmamışdır.

32. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə də tənqidi yanaşaraq qeyd edir ki, MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

33. Beləliklə yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(067)-163/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə (və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər . Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar