Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-353/2024 15.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron Xızı regional şöbəsi) mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5170/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində yerli telefon rabitəsinin 5-ci dərəcəli telefonçusu vəzifəsinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixindən işə bərpa olunacağı günə qədər iş günləri yazılması, əmək haqqı ödənilməsi, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqqı ödənilməsi, ödənilmiş 50 manat mediasiyaya dair xərcin əvəzi Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində yerli telefon rabitəsinin 5-ci dərəcəli telefonçusu vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə, mediasiya təşkilatına ödənilmiş 50 manatın cavabdehdən alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində işləyir. Belə ki, Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində xx.xx.2008-ci ildə Nəqliyyat sahəsinə 3 aylıq sınaq müddəti ilə 10-cu dərəcə üzrə mexanik vəzifəsinə, xx.xx.2009-cu ildə isə 11-ci dərəcəli mexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.2010-cu ildə isə 8 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə, daha sonra isə yerli telefon rabitəsinin telefonçusu kimi işə qəbul edilmişdir. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirmişdir. Sumqayıt Qaz İstismar Sahəsində işləyərkən peşəkarlıq səviyyəsinə və əmək funksiyasını yerinə yetirməyinə dair heç bir irad tutulmamışdır. 1992ci ildən xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almışdır. xx.xx.2002-ci ildən isə iddiaçıya müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Sumqayıt Qaz İstismar Sahəsinin rəhbərliyi iddiaçının TSEK tərəfindən verilmiş onun müddətsiz 2-ci qrup əlil təyin edilməyi barədə arayışda 1 deyil, 2-ci dərəcəli əlillik verilməsinə baxmayaraq, “əmək qabiliyyətsizdir” sözünün yazılmasına əsaslanaraq xx.xx.2023-cü il tarixli 14-2-2-6/3-1K-36/2023 N-li əmrlə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.maddəsinin «c» bəndinə əsasən işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.maddəsinin «c» bəndində göstərilir: Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; Halbuki iddiaçı son bir il ərzində 1 gün belə olsa, iş buraxmamış, əmək funksiyasını yerinə yetirməyinə dair iddiaçıya heç bir irad tutulmamışdır. xx.xx.2023-cü ildə işləmiş, xx.xx.2023-cü ildə iddiaçıya bir gün əvvəl işdən azad olunmağı barədə məlumat verilmişdir. Rəhbərlik iddiaçını birtərəfli işdən azad edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 N-li Tibbi Sosial Ekspert Komissiyasının cavabdehin sorğusuna əsasən verdiyi 410 N-li xx.xx.2012-ci il tarixli onun 2-ci qrup əlil olaraq yerli telefon rabitəsinin telefonçusu peşəsində işləyə bilməyi barədə rəyinə cavabdeh əhəmiyyət verməmişdir. 2011-ci ildə cavabdeh eyni əsasla iddiaçını işdən azad etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2/060/-1751/2011 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, işə bərpa olunmuşdur. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2/105/-930/2011 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2/060/-1751/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maddi vəziyyəti və himayəsində əlil övladının olması ilə əlaqədar işləməyə məcburdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçı 2-ci qup əlildir. İddiaçı Portal məlumatlarında onun əmək qabiyyətsiz olduğu bildirilmiş və portal məlumatlarını yeniləmək üçün ona bir aydan artıq vaxt da verilmişdir. Lakin o, işinə biganə yanaşmış və isləyə bilməsi ilə əlaqədar müvafiq qurumdan heç bir sənəd təqdim etməmişdir. Onun işlədiyi iş həm də növbəli işdir. AR Əmək Məcəlləsinin 98.2-ci maddəsinə əsasən, əlil işçilər gecə vaxtı görülən işlərə yalnız öz razılığı ilə və müvafiq icra hakimiyyətinin rəyi nəzərə alınmaqla cəlb edilə bilər. İddiaçı bu işdə işləməsi üçün razılıq ərizəsini İdarəyə təqdim etsə də, müvafiq icra hakimiyyətinin rəyini təqdim etməmişdir. Qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Təqdim edilmiş sənədlər sübut qismində düzgün araşdırılmamış və onların əksəriyyətindən istifadə edilməmişdir. Belə olmasa idi birinci instansiya məhkəməsi qətnaməsini heç bir halda əsaslandırmamış, qeyd etdiyi hallar isə ümumiyyətlə işin mahiyyətindən məlumatsız olmasına dəlalət edir. Məhkəməyə yeganə sübutları Cavabdeh İB sübutlar təqdim etmiş və həmin sübutlar onun etirazında göstərdiklərini kifayət qədər əsaslı olmasına hesablanmışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. İddiaçı tərəf öz iddiasının əsaslarını sübut edəcək əsasları məhkəmyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilən sübutlar isə yalnız cavabdeh tərəfin təqdim etdiyi dəlillərdir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə hüquqi qiymət verilməmiş, sadə formada belə araşdırma aparmamış və sonda işin mahiyyətindən kənar formal mülahizələrə və iddiaçının sadəcə izahatına əsaslanan qətnamə çıxarmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron Xızı regional şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi arayışa əsasən İddiaçı yerli telefon rabitəsinin telefonçusu peşəsində işləyə bilməsi ilə əsaslandırmışdır. İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində işləməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədədir. Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Əmək Məcəlləsinin 74-ci maddəsinin “c” bəndinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə xitam verilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı tam reabilitasiya olması əsası ilə tam reabilitasiya qərarı verilmişdir. Göründüyü kimi mövcud vəziyyətdə belə işəgötürənin mübahisələndirdiyi məsələ aradan qalxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla ləğv edildiyindən, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətləri, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-353/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-353/2024
15.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver