Məhkəmə qərarları › İş №2(105)-3536/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3536/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3536/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Qardaşova (İlyasova) Fəridə Xuca qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(029)-723/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim A.Vəliyev) ərizənin təmin edilməsi, iddiaçı Qardaşova (İlyasova) Fəridə Xuca qızının iddianın təmini tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməsi, iddianın təmini tədbiri kimi ********** qeydiyyat nömrəli, 10 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh və X1 adında olan, Qusar rayonu Hil Oba kəndində yerləşən 1,4362 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə Qusar Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(029)-723/2021 saylı iddianın təmini tədbirinin tətbiqinə dair qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Qardaşova (İlyasova) Fəridə Xuca qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı (İlyasova) eyni zamanda məhkəməyə ərizə təqdim edərək iddianın təmini tədbiri kimi Qusar rayonu Hil Oba kəndi ərazisində yerləşən, mübahisənin predmeti olan və ********** qeydiyyat nömrəli, 10 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh və onun mərhum əri X1 adında olan 1,43 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Həmin torpaq sahəsi üzərinə həbs qoyulması üçün heç bir əsas yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini torpaq sahəsinin özgəninkiləşdirilməsinin (notariat kontorunda alqı-satqısının), həmçinin reyestr xidmətində qeydiyyata alınmasının qarşısını almaq məqsədi ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmalı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, iddiaçı Qusar rayonu Hil Oba kəndi ərazisində yerləşən, ********** qeydiyyat nömrəli, 10 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh və X1 adında olan 1,43 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi pulun tutulması barədədir. Hazırki iddianın təmini tədbiri mövcud vəziyyəti mübahisənin həllinə qədər saxlamaq məqsədi daşımaqla və iddiaçının pozulması ehtimal etdiyi hüquqlarının davamlığının qarşısının alınmasına xidmət etmir. Bu səbəbdən iddianın təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi üçün heç bir səbəb olmadığından, ərizə təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli və 16 sentyabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayət təmin edilsin. Qusar Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli və 16 sentyabr 2021-ci il tarixli qərardadları ləğv edilsin. Cavabdeh Qusar rayonu Hil Oba kəndi ərazisində yerləşən, ********** qeydiyyat nömrəli, 10 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh və X1 adında olan 1,43 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair iddianın təmini tədbiri barədə ərizə rədd edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar