Məhkəmə qərarları › İş №2(105)-3537/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3537/2021

19.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3537/2021 19.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin 2(074)-812/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şamaxı Rayon Məhkəməsinin 2(074)-812/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim N.İsmayılov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-812/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 12 mart 2021-ci il tarixdə bağlanmış rəsmi nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun rayon qonşusu olub. Bir birilərini tanımaqları isə 2020-ci ilin 22 iyunda tarixindən yaranmışdır. Daha sonra cavabdehlə onun nişan mərasimi olmuşdur. 12 mart 2021-ci il tarixdə rəsmi nikahı qeyd etdirmişlər. Lakin, bu nikah formal olaraq bağlanmışdır. Belə ki, toy və nikah gecəsi olmamışdır. Cavabdehlə nişanlandıqdan (rəsmi nikah qeyd edildikdən) sonra aralarında yaranan münasibətdən aydınlaşdırmışlar ki, xasiyyətləri uyğun gəlmir, tamamilə fərqli düşüncəli insanlardır. Faktiki olaraq ailə qursalar belə quracağları ailənin ömrü uzun çəkməyəcəkdir. Qərara gəlmişlər ki, ailə qurmasınlar, bu səbəbdən də, cavabdehlə aralarında bağladığı nikah formal olaraq sənəd üzərində qalmışdır. Bunu cavabdehin özü də təsdiq edə bilər. Cavabdehlə ayrı-ayrı ünvanlarda yaşamış və yaşayırlar, birgə təsərrüfat aparmamış və heç bir əmlak mübahisələri yoxdur, göstərdiyi faktları cavabdeh özü də təsdiq edə bilər. Odur ki, onunla Cavabdeh arasında 12 mart 2021-ci il tarixdə bağlanmış rəsmi nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddiasının təmin olunmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, onun təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, nikahları bağlanarkən hər ikisinin evlənmək niyyəti olmuşdur. Lakin sonradan, yəni bir neçə aydan sonra anlamışlar ki, onlar fərqli adamlardır və bu nikah uzun sürə bilməz. Bu səbəbdən hazırki iddianı qaldırmışdır. Apelyasiya baxışı zamanı Cavabdeh da izahatında bildirdi ki, onlar nikaha girərkən niyyətləri ailə qurmaq olmuşdur. Lakin sonradan anlamışlar ki, bu nukah uğurlu ola bilməz. Onlar dunya görüşlərinə görə fərqli adamlardır. Bu səbəbdən də apelyasiya şikayətinin və iddianın təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-T, 035407 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 12 mart 2021-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzində nikahlarını bağlamışalr. Nikah bağlandıqdan sonra ərə “Bağıyev”, arvada “Bağıyeva” soyadı verilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-812/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3.0.2-ci maddəsinə görə ailə münasibətləri qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulmasıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Yenə həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Eyni Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. İşə baxan məhkəmə işin hallarına və qeyd edilən hüquq normalarına əsasən qiymət verərək hesab etmişdir ki, məhkəmə araşdırması zamanı Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, hər iki tərəfin yaşı nikaha girməyə maneçilik törətmir, onlar nikaha girmək üçün (nikaha girmək niyyətilə) ərizələri ilə öz iradələrini ifadə etmişlər. Tərəflər yaxın qohumlar deyillər, nikah üçün tibbi müayinədən keçmişlər, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməmişlər və nikaha girənədək başqa nikahda olmamışlar. İşin həmin faktiki hallarından göründüyü kimi, tərəflərin niyyəti nikaha girmək olduğundan bu nikahın etibarsız hesab edilməsi üçün məhkəmə kollegiyası heç bir əsas tapmır. Məhkəmə kollegiyasının iclasında tərəflər özləri də bunu etiraf etdilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi nikahın etibarsız hesab edilməsi barədə iddianı rədd edərkən qanuna, habelə işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd olunması qüvvədə olan ailə qanunvericiliyinin tələblərinə tamamilə uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apelyasiya şikayətinin əsaslarına, yəni nikahın etibarsızlığına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-812/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Telman Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar