Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-354/2022 02.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı1, qarşılıqlı iddiaçı Cavabdeh ilə, İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(060)-4983/2021-008 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 2-dən çıxarılması, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin mənzilə köçürülmələri, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı cavabdehlərə verilmiş orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 2-dən çıxarılması və onların həmin mənzilə köçürülmələri barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 2-də yerləşməklə 2 otaqdan ibarətdir. Mənzilin əsas kirayəçisi İddiaçı1dır. Cavabdeh bu mənzili 29.07.2019-cu ildə qanunsuz olaraq zəbt etmiş və sonra da Sumqayt Şəhər Məhkəməsində həmin evə istifadə hüququnun tanınması barədə iddia qaldırmışdır. Lakin məhkəmə qərarları ilə onun iddia tələbi rədd olunuşdur. Cavabdeh mənzili könüllü olaraq boşaltmır və bu səbəbdən də, iddiaçılar həmin mənzilə daxil olaraq orada yaşamaq hüququndan məhrum edilmişlər. Artıq 2-ci ildir ki, cavabdeh onların mənzilində yaşamaqla həmin mənzildən məhrum olmaqlarına və başqa ünvanlarda müvəqqəti yaşamaq məcburiyyətində qalmağına səbəb olmuşdur. Sumqayıt şəhər məhkəməsinin 28.02.2014-cü il tarixli, 2(060)-367/2014 saylı qətnaməsi ilə cavabdehin qohumları- anası Həsənova Şükufə və qardaşları Həsənov Firdovsi və Həsənov Novruzun iddiaçılara məxsus olan Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 2-dən çıxarılmaları qət edilmişdir. Həmin məhkəə qətnaməsi qanun qüvvəsini almış və icraya yönəldilmişdir. İllərlə davam edən icra hərəkətlərindən sonra nəhayət ki, qətnamə icra edilmiş və 29.07.2019-cu il tarixdə cavabdehlər həmin mənzildən çıxarılmış və mənzilin açarları iddiaçıya təqdim olunmuşdur. Mənzildə cavabdehlərə məxsus olan bəzi əmlakların qalması və onlar tərəfindən götürüləcəyi barədə akt tərtib olunmuş və tərəflərindən qətnamə ilə qət edilmiş 3500 ABŞ dolları məbləğində pul Şükufə Həsənovaya ödənilmişdir. Lakin hazırki iş üzrə cavabdeh, cavabdehlər mənzildən çıxan kimi mənzilə daxil olmuş və qətnamədə onun adı olmadığı üçün icra məmuru cavabdehi mənzildən çıxara bilməmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə hazırki iddia tələbi üzrə cavadehin mənzilə istifadə hüququnun tanınması barədə iddiasının rədd olunmasına dair Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalmış və kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh iddiaçının mənzilində qanunsuz yaşadığı üçün mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı cavabdehlərə verilmiş orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia tələbi məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil dövlət mülkiyyətindədir və Cavabdehlərin razılığı ilə köçürülməklə bu günədək orada qeydiyyatsız yaşayır. Belə ki, 21 aprel 2001-ci il tarixində cavabdeh İddiaçı1 mənzilə onu köçürmüş, iddiaçı orada yaşamaqla mənzildən istifadə hüququ əldə etmişdir. Ona görə də, onun mənzildən çıxarılması barədə ilkin iddia tələbi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2015-ci il tarixli qərarı ilə Həsənova Şükufə Həsən qızının kassasiya şikyəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2014-cü il tarixli, 2(105)-927/2014 saylı qətnaməsi qarşılıqlı iddia ilə də ləğv edilmiş, iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdə iddiaçı Cavabdeh adı qeyd olunmamış o, məhkəmə proseslərinə cəlb edilməmişdir. Həmçinin məhkəmə cavabdehlərin mənzildən istifadə hüququnun olmasına heç bir münasibət də, bildirməmişdir. Sözü gedən mənzil Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Xətai küçəsindəki 1 saylı evin 2-ci mənzili yaşayış sahəsi 30,05 kv. metr olan 2 otaqdan ibarət mənzil Sumqayıt XDS İk-nin 19 avqust 1977-ci il tarixli, 20 saylı protokoluna əsasən cavabdehlərə verilmiş, mənzilə dair 2179 saylı 29 avqust 1977-ci il tarixli Order verilmişdir. Mənzil dövlət fonduna aid olmaqla orderi İddiaçı1 adınadır və həmin orderlə 3 nəfər – İddiaçı2, İddiaçı1 və X1 göstərilmişdir. Lakin cavabdehlər həmin mənzildə yaşamamış, mənzildən istifadə etməmiş cavabdehlərin uzun müddət başqa ünvanda yaşamaqla mübahisəli mənzildən olan istifadə hüquqlarını itirmişlər. O, isə həmin mənzildə qeydiyyatsız olsa da, uzun müddət yaşamış və istifadə etməklə mənzilə dair istifadə hüququ əldə etmişlər. Odur ki, mənzilə dair verilmiş 2179 saylı 29 avqust 1977-ci il tarixli də etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Mübahisəli ünvan 2 ünvanında olan mənzilə cavabdehlərin razılığı ilə köçürülməklə 2000-ci ildən bu günədək həmin mənzildə qeydiyyatsız yaşayır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər ilkin iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən digər iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməsini lkin iddia üzrə iddiaçıların gözlənilən mülkiyyət hüquqları mövcud olması, qarşılıqlı iddia tələbinin rədd edilməsini isə qarşılıqlı iddiaçının mübahisəli əmlakla bağlı hərəkət etməyə subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşdən görünür ki, ilkin iddia tələbi mənzildən çıxarılma, qarşılıqlı iddia tələbi isə cavabdehlərə verilmiş orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədədir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Sumqayıt XDS İcraiyyə Komitəsinin 387 saylı, 19.08.1977-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ev 1, 2 saylı mənzil İddiaçı1 3 nəfər ailə tərkibi ilə yaşaması üçün ayrılmış, 2173 saylı order əsasında İddiaçı1, İddiaçı2 və Natiq Rəsulovlar həmin mənzilə köçürülmüşlər. İşin digər halı isə ondan ibarətdir ki, mübahisəli mənzilə dair ilkin iddiaçı ilə cavabdehin ailə üzvləri arasında məhkəmə mübahisəsi olmuş və yekun məhkəmə aktı ilə cavabdehin ailə üzvlərinin həmin mənzildən çıxarılmaları qət edilmiş və Cavabdeh 2019-cu ilin avqust ayında İddiaçı1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qüvvədə olan məhkəmə aktları ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh mübahisəli mənzil üzərində hər hansı bir hüququ yaranmadığı qüvvədə olan məhkəmə aktlarında öz təsdiqini tapdığından, qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddianı rədd, Cavabdeh mübahisəli mənzildən çıxarılması və ilkin iddiaçıların həmin mənzilə köçürülmələri barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-354/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-354/2022
02.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver