Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-356/2024 27.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi cavabdeh X8 və maraqlı şəxs Quba Asan Xidmət mərkəzinin notariat kontoruna qarşı mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X16 Məmmədov və X3 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh X8 və maraqlı şəxs Quba Asan Xidmət mərkəzinin notariat kontoruna qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunması və mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 ölümündən sonra qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini üzürlü sayaraq uzadılması, atasından miras qalmış Quba rayonu, Qələdüz kəndində yerləşən evlərin, Torpağa mülkiyyət hüququna dair JN0088 seriyalı, kod 30318038 nömrəli Dövlət aktına əsasən verilmiş 0,29 ha torpaq sahəsinin və Torpağın mülkiyyətə verilməsinə dair JN-043A seriyalı, kod 30318038 nömrəli şəhadətnaməyə əsasən verilmiş 0,20 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddiaçı Ərizəçi cavabdeh X8 qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunmasına və mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
3. Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən aşağıdakı halları aydınlaşdırmamışdır: X4 24 dekabr 2008-ci ildə vəfat etmişdir. Onun ölümdən sonra ondan qalmış miras əmlak olan bankda olan əmanət puluna dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş reyestrdə 2V/02-1935 saylı qeyd edilmiş xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qanunla mirasın bir hissəsinin qəbulu mirasın digər hissəsinin qəbulu sayılır. Buna baxmayaraq onun mirası qəbul etməməyi nəticəsinə gəlinmişdir. Atasından qalmış miras əmlak olan torpaq sahəsinə dair vergiləri ödəmiş, atasının dəfn xərcini çəkmişdir. Bu sübutlar, işin faktiki halları araşdırılmamışdır. Atasından qalmış digər miras olan Quba rayonu Qələdüz kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Quba rayon Notariat Kontoruna müraciət etmişdir. Lakin, bundan əvvəl atasından qalmış miras əmlak olan bankdakı əmanət pulu ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verən Quba rayon Notariat Kontorunun Notariusu bu dəfə ona atasından qalmış digər miras əmlaklar haqqında vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən 25 aprel 2013-cü il tarixli qərarla imtina etmişdir. Həmin imtinanın əsassız olub-olmamasını araşdırılmamışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-831/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər X15 (sədrlik edən və məruzəçi) X17 və X6) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi faktın müəyyən olunması barədə tələbə iddia icraatı qaydasında baxaraq qərar qəbul etmişdir. Lakin ərizənin aidiyyət qaydalarına riayət edilmədən verilməsinə diqqət yetirməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən hüquqi faktların müəyyən olunması barədə tələb ərizəçinin qeydiyyatda olduğu yerə görə verilməlidir. İşdən görünür ki, həm iddiaçı, həm də cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadırlar.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbi ilə maraqlı şəxsin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçının tələbinə maraqlı şəxsin olduğu yer üzrə məhkəmədə baxılması qənaətinə gələrək iddia ərizəsini icraata qəbul etmiş, tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Belə olan halda iddia tələbi cavabdehin yaşayış yeri üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olduğu halda, Quba Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək, MPM-nin 35.1-ci maddəsinin tələblərini pozmuşdur.
8. Məhkəmə öz mövqeyini MPM-in 4.1, 35.1, 37.1, 44.2.2, 309.1, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
9. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh (vəkil X13) kassasiya şikayəti verərək, qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aidiyyəti ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, MPM-in 309.1-ci maddəsi xüsusi icraatda baxılan işlər üzrə ərizəçiləri nəzərdə tutur. Hazırkı mülki işə isə iddia icraatında baxılmışdır. Ərizəçi və iddiaçı tamamilə ayrı-ayrı hüquqi mənalar kəsb edir. İcraat qaydaları da tam fərqli qaydada müəyyən olunmuşdur. İddia ərizəsinin məzmunu miras qalmış tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsi olduğundan isə həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılmalıdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(102)-3972/2023 nömrəli Qərarı ilə cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-831/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
13. Azərbaycan Respublikasının Ali Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 259.0, 259.0.10, 261.0, 261.0.1, 261.0.2, 306.1, 306.4, 311, 385.1, 407.2, 416.1, 416.2, 417 və 419-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
15. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir. Bu mövqe Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci tarixli qərarında ifadə olunan hüquqi mövqeyə uyğundur.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.10. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.4. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Mallə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin fikrini dinləyərək, toplanmış sübutları, Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdırıb bu nəticə gəlir ki, Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi iddia tələbi iki hissədən - miras qəbul edilməsi müddətinin üzürlü sayılaraq uzadılması və mirasın qəbul edilməsi faktının muəyyən edilməsindən ibarətdir. Kollegiya mülki iş materiallarını nəzərdən keçirib, Ali Məhkəmənin Qərarında göstərdiyi xüsusatları nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, hazırkı iş üzrə iddiaçı əvvəllər ayrıca məhkəmə icraatı qaydasında hazırkı iş üzrə cavabdehə qarşı mübahisəli əmlaka miras payının müəyyən edilməsi barədə iddia qaldırmış, həmin tələb üzrə məhkəmə aktları qəbul edilərək qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında miras əmlaka vərəsəlik paylarının müəyyən edilməsinə dair mülki işin olması eyni tərəflər arasında eyni miras əmlakın qəbulu müddətinin uzadılması barədə ayrıca iddia tələbinə baxılmasını istisna edir. Kollegiya Ali Məhkəmənin Qərarda göstərdiyi mövqedən çıxış edərək iddia tələbinin mirasın qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, MPM-də xüsusi icraat qaydasında belə ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Əgər hüquq haqqında mübahisə varsa MPM-nin 259.0.10-cu maddəsinə əsasən ərizə baxılmamış saxlanılır və ərizəsiyə ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin bu hal iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Bu halda iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (məsələn miras payının müəyyən olunması) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən faktı – məsələn - mirasın faktiki qəbul edilməsini - sübuta yetirməlidir. Qeyd olunduğu kimi tərəflər arasında əvvəllər miras payının müəyyən olunması ilə bağlı məhkəmə çəkişməsi olmuş və müvafiq məhkəmə aktları qəbul edilmişdir. Hüquq barədə mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarxli Qərarında qeyd edilmişdir ki, MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. Məhkəmə Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hesab edir ki, iş üzrə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi və ya icraata xitam verilməsi üçün əsasların mövcud olması halı ümumilikdə mövcud məhkəmə baxışını istisna etdiyi üçün əhəmiyyətli prosessual pozuntu kimi qəbul edilməli və hər bir halda düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan MPM-nin 372.6, 372.7 və 387.1-ci maddələrinin tələbinə əsasən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, qətnamənin tam ləğvi üçün əsas kimi nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosesual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə isə düzgün və əsaslı məhkəmə aktı çıxarılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Kollegiya həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında irəli sürülmüş mövqenin iddiaçıya izah edilməsini zəruri hesab edərək qeyd edir ki, qeyd olunan Qərarda Plenum Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümu tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 372, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Ərizəçi cavabdeh X8 və maraqlı şəxs Quba Asan Xidmət mərkəzinin notariat kontoruna qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunması və mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümu iddiaçı və cavabdehin özünə aid edilsin. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verə bilər. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.