Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3563/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilmə müddətinin bərpa edilməsi və mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(067)-1590/2021 saylı qərardadından maraqlı tərəf ARƏMDX yanından DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X1 miras qalmış Quba rayonu Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinə dair mirasın qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş 05.05.2021-ci il tarixdə aidiyyatı üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, X1 miras qalmış Quba rayonu, Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi, bu qətnamənin X1 miras qalmış Quba rayonu Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evində Ərizəçi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona müvafiq mülkiyyət və texniki sənədlərin verilməsi üçün əsas olması qət edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərardadı ilə qətnaməmin apellyasiya şikayəti verən tərəfin hüquq və vəzifələrinə toxunmadığından, apellyasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən verilməsi əsası ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayət verərək qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət rədd edilmiş və şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, qətnaməyə əsasən X1 miras qalmış Quba rayonu, Afurca kəndində yerləşən 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evində Ərizəçi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona müvafiq mülkiyyət və texniki sənədlərin verilməsi üçün əsasdır. Məhkəmə qətnaməsi əsassız və qanunsuz hesab edilməlidir. Belə ki, iş materillarında vərəsəlik olunan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin miras qoyan X2 mülkiyyətində olmasına dair hər hansı sənəd yoxdur və həmin daşınmaz əmlak üzərində X3 mülkiyyət hüququna malik deyil. Qeyd edilən daşımaz əmlak miras kütləsinə daxil edilə bilməz. Məhkəmə yaşayış evinə ərizəçinin vərəsəlik üzrə mülkiyyət hüquqlarını tanımaqla hansı hüquqmüəyyənedici sənədə əsaslandığını göstərməmişdir. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işə obyektiv tam və hərtərəfli baxmamışdır. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi şikayətə etiraz edərək şikayətin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə maraqlı tərəf Quba Regional "ASAN Xidmət" Mərkəzi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə qeyd edilən nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisələndirilən qətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin maraqlarına toxunması və apellyasiya şikayətinin buna hüququ olan şəxs tərəfindən verilməsi müəyyən edilməlidir. Barəsində şikayət verilən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərardadından görünür ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytararkən bunu onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti vermiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iş üzrə tərəf olmamış, qətnamə onun hüquq və maraqlarına toxunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Birinci instansiya məhkəməsi qərardadında əsas kimi məhkəmənin qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin apellyasiya şikayəti vermək hüququnun olmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4-cü maddəsinə görə qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 10 avqust 113 saylı Fərmanının 4.2.1-ci bəndində görə "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-cü maddəsinə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göründüyü kimi qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti həyata keçirir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, X1 miras qalmış Quba rayonu, Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi, bu qətnamənin X1 miras qalmış Quba rayonu, Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evində Ərizəçi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona müvafiq mülkiyyət və texniki sənədlərin verilməsi üçün əsas olması qət edilmişdir. Qətnamə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi üzərinə birbaşa hər hansı bir vəzifə qoyulmasa da həmin qətnamənin icrası Qanunun tələblərinə görə birbaşa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin səlahiyyətlərinə aiddir. Bundan başqa, apellyasiya şikayətindən görünür ki, apelyant qeyd etmişdir ki, qətnamədə qeyd edilmiş torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə mirasqoyan Babayeva Güləndam Şahmərdan qızının mülkiyyət hüququ olmadığından gələcəkdə həmin torpaq sahəsi və evin qeydiyyata alınaraq çıxarış verilməsində qeyrimüəyyənlik yarana bilər. Bu da Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin maraqlarına toxunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın birbaşa hüquq və vəzifələrinə toxunduğundan həmin qətnamədən işdə iştirak etməyə cəlb edilməyən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla birinci instansiya məhkəməsi adıçəkilən təşkilatın məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hazırki mövqeyi qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilə maraqlarına toxunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin maraqlarına toxunması və apellyasiya şikayətinin buna hüququ olan şəxs tərəfindən verilməsi müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 357, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1590/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin maraqlarına toxunması və apellyasiya şikayətinin buna hüququ olan şəxs tərəfindən verilməsi müəyyən edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3563/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3563/2021
19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver