Məhkəmə qərarları › İş №2(105)-3568/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3568/2021

22.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3568/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X3 və vəkili Vəkil iştirakı ilə Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(027)-1683/2021 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İ.Qaraqurbanlı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(027)-1683/2021 saylı qətnaməsi ilə (hakim V.M.Seyidov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun 07 iyun 2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilmiş, məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi və İddiaçı işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Təhqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(027)-1683/2021 saylı qətnaməsinin qismən ləğv edilərək iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İ.Qaraqurbanlı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(027)-1683/2021 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş, onunla həmin işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 02 iyul 2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X1 Komissiyasının nəticələri barədə 07 iyul 2021-ci il tarixli ona aid rəyinin ləğv olunması, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutu tərəfindən verilmiş, onunla həmin işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 02 iyul 2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1988-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2001-ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. 07.01.2013-cü ildən həmin İnstitutda “Subtropik və qərzəkli meyvə bitkiləri” şöbəsinin müdiri, 13.01.2015-ci ildən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “meyvə bitkilərinin becərmə texnologiyası şöbəsi”nin böyük elmi işçisi vəzifəsində çalışmışdır. İşəgötürən Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun 02 iyul 2021-ci il tarixli, 20 saylı əmri ilə, onunla həmin İnstitut arasındakı əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Buna səbəb olaraq onun keçirilmiş attestasiyadan keçməmiş hesab edilməsidir. Attestasiya Komissiyasının ona aid rəyi əsassızdır və ləğv olunmalıdır. Attestasiya qeyri-obyektiv keçirilmişdir. Belə ki, onun suallara verdiyi cavabları attestasiya vərəqəsində yazılmayıb. Attestasiya vərəqində rəy və təkliflərini bildirmək üçün imkan yaradılmayıb. Həmin vərəqə tanış olmaq üçün ona təqdim edilməyib. Rəy düzgün verilməmişdir. İşdən çıxarılmağı barədə əmrin surətini 10 iyul 2021-ci il tarixində almışdır. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmri ilə razılaşmır. Hesab edir ki, həmin əmr əsasız və qanunsuzdur. Əvvəla o, işdən çıxmağı barədə əmr verilərkən müalicədə olmuş və bu barədə əmək qabiliyyətinin olmaması barədə vərəqəsi vardır. Belə olan halda əmək müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə ziddir. Onun işdən çıxarılmasının əsas səbəbi cavabdeh təşkilatın direktorunun ona qarşı qərəzli mövqeyi və qeyri-əxlaqi münasibəti olmuşdur. Belə ki, dəfələrlə onu işdən çıxmağa səy göstərmiş, lakin həmkarlar ittifaqının müdaxiləsi sayəsində işində qalmışdır. Bundan sonra da institut rəhbərinin ona qarşı münasibəti dəyişməmiş, onu vəzifələrindən aşağı salmış və sonda işdən çıxarılmağına nail olmuşdur. Barəsində saxta sübutlar əldə etmək üçün dəfələrlə səylər göstərmişdir. Halbuki, işlədiyi dövrdə heç bir intizam pozuntusuna yol verməmişdir. Həmin şəxs kollektiv arasında, tabe olduğu yuxarı qurumlarda onun şərəf və ləyaqətini alçaldan ifadələr söyləmişdir. İşdən kənarlaşdırıldığı müddət ərzində cavabdehin təqsirindən işsiz qalmışdır. Hesab edir ki, bu müddət üçün də onun orta əmək haqqı ödənilməlidir. O, ailə başçısını itirmiş, tək anadır, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliynin Meyvəçilik və Çayçılıq Elmi–Tədqiqat İnstitutunun 02 iyul 2021-ci il tarixli, 20 saylı əmri qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 20 avqust 2021-ci il tarixli qətnaməsini qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, cavabdeh təşkilatda meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışmış, idarə rəhbərliyi daima ona qarşı qərəzli, qeyri-əxlaqi mövqedə olmuş, ona böhtan və digər formada təzyiqlər edərək işdən azad etmək istəmiş və nəhayət 07 iyun 2021-ci il tarixdə attestasiya keçirərək attestasiyanın nəticələrinə əsasən o, attestasiyadan keçməmiş hesab olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 02.07.2021-ci il tarixdə onunla olan əmək müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur. Quba Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 07.06.2021-ci ii tarixli attestasiya nəticələri ona münasibətdə ləğv edilmiş və o, məhkəmənin bu hissədə gəldiyi nəticə ilə razıdır. Məhkəmə gedişatında araşdırmalar nəticəsində məlum oldu ki, attestasiya nəticələri ona münasibətdə qanunsuzdur, qanunun tələbinin pozulması ilə qəbul edilib. Cavabdeh saxtakarlıq edərək məhkəməyə 12 iyul 2021-ci il tarixli əmri təqdim etmişdir. Bununla sübut etməyə çalışmışdır ki, guya cavabdeh 02 iyul 2021-ci il tarixli, 20 saylı əmrin 3-cü bəndində dəyişiklik edərək onun 12 iyul 2021-ci il tarixdən işdən azad edilməsini bildirmişdir. Cavabdehin həmçinin həmin 02 iyul 2021-ci il tarixli əmrində dəyişiklik etməsinə səbəb onun 02 iyul 2021-ci il tarixdə xəstəliyi ilə əlaqədar bülleten təqdim etməsi olmuşdur. Onun cavabdehin 12 iyul 2021-ci il tarixli əmrindən xəbəri olmamışdır. 02 iyul 2021-ci il tarixli onun işdən çıxmağı barədə əmrə görə Əmək Müfəttişliyi tərəfindən institutun direktoru barəsində AR İXM-nin 192.6-cı maddəsinə əsasən İnzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuş və sonra institutun direktoru qüvvədə olmayan 02 iyul 2021-ci il tarixli əmrin tarixini 12 iyul 2021-ci il tarixə dəyişdirmişdir. Yeni əmri məhkəmə prosesində təqdim etdikdən sonra o, məhkəmədən institutun əmr kitablarını sorğu edib baxış keçirməyi tələb etdi, lakin məhkəmə onun vəsatətini təmin etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İ.Qaraqurbanlı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 20 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən iddianın təmin edildiyi hissəsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsinin 8-ci bəndindən görünür ki, İddiaçı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi ilə bağlı verilmiş suallardan yayınmaqla uzun-uzadı danışmaqla suallara aid olmayan qeyri-qənaətbəxş cavablar vermişdir. Bundan başqa məhkəmə məcburi işburaxmaya görə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi öhdəliyini qoymuşdur. Hesab edir ki, həmin hissəni məhkəmə ümumiyyətlə araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Qətnamədən göründüyü kimi İddiaçı münasibətdə işdən çıxarma barədə 12.07.2021-ci il tarixli İnstitutun əmri ləğv olunmamış və həmin hissədə iddia rədd olunmuşdur. Həmin tarixədək İddiaçı əmək haqqı ödənilmişdir. Hazırda məhkəmənin qətnaməsində İddiaçı məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi göstərilsə də həmin məbləğ 12.07.2021-ci il tarixədək İnstitut tərəfindən tam ödənilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdi apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X3 və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdi apellyasiya şikayətinə etiraz etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak dən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilib, qətnamə qismən- “Məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan əmək kitabçasından görünür ki, İddiaçı 2001ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışmış və İnstitut dırektorunun 01.10.2015-ci il tarixli, 37 nömrəli əmri ilə Meyvəçilik və və Çayçılıq Elmi-Tədqiqat İnstitunda meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 26 fevral 2021-ci il tarixli 3 №li əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 №li “Azərbaycan Respublikası işçilərinin attestasiyasının keçirilməsi qaydaları” haqqında qərarına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2013-cü il tarixli, 181 №li “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi qaydaları” haqqında qərarına əsasən attestasiya komissiyası yaradılmış, komissiyaya 5 iyul 2021-ci il tarixə kimi şöbə və laboratoriya müdirlərinin, elmi, texniki və digər işçilərin attestasiyasını keçirərək, nəticələri barədə müvafiq sənədləri rəhbərliyə təqdim etməsi tapşırılmışdır. Seriya SN 00007, 094794 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 29.06.2021-ci il tarixdən 01.07.2021-ci il tarixədək, 02.07.2021-ci il tarixdən 04.07.2021-ci il tarixədək, 05.07.2021-ci il tarixdən 10.07.2021-ci il tarixədək bületendə olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunda keçirilmiş attestasiyanın nəticələri barədə rəydən görünür ki, 07,08,16, 17 iyun və 01 iyul 2021-ci il tarixlərində elmi və elmi-texniki işçilərin attestasiyası keçirilmişdir. Attestasiyanın nəticələrinə əsasən İddiaçı attestasiyadan keçməmiş hesab edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 02 iyul 2021-ci il tarixli, 20 №-li əmrindən görünür ki, keçirilmiş attestasiyasının nəticələrinə əsasən İddiaçı attestasiyadan keçməmiş hesab edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 02.07.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitunun 12 iyul 2021-ci il tarixli, 22 №-li əiufvfu7y65tr45fvg69oijumrindən görünür ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun 02 iyul 2021-ci il tarixli, 20 saylı əmrin 3cü bəndinə dəyişiklik edilmiş, meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı 12 iyul 2021-ci il tarixindən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənin 67-ci maddəsinin 5-6-cı bəndinə əsasən işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilir ki, iddiaçı 2001-ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. 07.01.2013-cü ildən həmin İnstitutda subtropik və qərzəkli meyvə bitkiləri şöbəsinin müdiri, 01.10.2015-ci ildən Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışmışdır. İşəgötürən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 02 iyul 2021-ci il tarixli, 20 saylı əmri ilə, onunla həmin İnstitut arasındakı əmək müqaviləsinə Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmişdir. X6 Xidməti tərəfindən bu məsələ ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbləri gözlənilməmişdir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə iddiaçının əmək müqaviləsinə xitam verildiyindən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin ona Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 02.07.2021-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilməsi tövsiyə olunmuşdur. Buna əsasən İnstitutun direktorunun 12.07.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və X7 İnstitutun 02.07.2021-ci il tarixli, 20 nömrəli əmrinin 3-cü bəndinə dəyişlik edilmiş, İddiaçı 12.07.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi 02.07.2021-ci il tarixli, 20 nömrəli əmr verilərkən işçi əmək qabiliyyətini müvəqqəti itirmiş və işdə olmamışdır. İddiaçı məhz qeyd olunan əmrin ləğv edilməsini məhkəmədən xahiş etmiş, 12.07.2021-ci il tarixli əmrdən isə məlumatının olmadığını bildirmişdir. «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli, 97 nömrəli qərarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır (1.2.). Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir (2.1.). Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir (2.4.). Mülki işin materiallarında olan 07.06.2021-ci il tarixli İddiaçı attestasiya vərəqəsinin “attestasiya komissiyası üzvlərinin rəy və təklifləri” bəndində qeyd olunur ki, İddiaçı institutun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuşdur. Elmi hesabatın tərtibində və tədqiqat işlərinin yerinə yetirilməsində kobud elmi səhvlərə yol verir. Qanun normalarının tələbinə əsasən attestasiya olunan işçinin o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmçinin, iş üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında İddiaçı attestasiya olunması barədə çəkilişin cavablarının və stenoqramın olmadığını bildirmişdir. Göründüyü kimi, İddiaçı attestasiya olunması zamanı pozuntulara yol verilmiş, institutun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması və elmi hesabatın tərtibində və tədqiqat işlərinin yerinə yetirilməsində kobud elmi səhvlərə yol verməsi əsaslarına görə İddiaçı tutduğu vəzifəyə uyğun olmaması nəticəsinə gəlinmişdir. Müəyyən edildiyi kimi attestasiya keçirilərkən işçinin intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməz hal olmasına baxmayaraq, stenoqramından göründüyü kimi, onun peşəkarlığı daxili nizam-intizam qaydalarına riayət etməməsi ilə dəyərləndirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02.07.2021-ci il tarixli əmrin ləğv edilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, qeyd olunan əmrə işəgötürən tərəfindən dəyişiklik edilərək, iddiaçının işdən azad edilməsi barədə yeni əmr verilmiş və həmin əmrdə iddiaçı 12.07.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı məhz 02.07.2021ci il tarixli əmri mübahisələndirdiyindən və həmin əmrin mübahisələndirilən hissəsi isə hazırda qüvvədə olmadığından onun məhkəmə tərəfindən ləğv edilməsinə zərurət yoxdur. Lakin işçi 02.07.2021-ci il tarixdən məcburi işi buraxdığı üçün ona həmin müddət hesablanaraq orta aylıq əmək haqqı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərək cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Təhqiqat İnstitutunun 08.06.2021-ci il tarixli attestasiya nəticələrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq iddianın həmin hissədə təmin edilməməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşır, lakin hesab edir ki, qətnamənin iddia tələbinin məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinin təqdim etdiyi işçilərin son haqq-hesab siyahısından görünür ki, iddiaçıya məcburi işburaxmaya görə olan əmək haqqı ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı da cavabdeh tərəfindən ona 12.07.2021-ci il tarixədək əmək haqqının tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən, yəni artıq həmin tələb üzrə mübahisə olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinin onun işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutu tərəfindən əsassız dəyişdirilməsi nəzərə alınaraq iddianın həmin hissədə təmin edilməməsi hissəsini və 02 iyul 2021-ci il tarixli əmrin 12 iyul 2021-ci il tarixə dəyişdirilməsini nəzərə alaraq 12 iyul 2021-ci il tarixli əmri ləğv edib əvvəlki işinə bərpa olunmağına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 02.07.2021-ci il tarixli əmrin ləğv olunmasını xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, həmin əmr artıq cavabdeh tərəfindən dəyişdirilmişdir, yəni artıq mübahisələndirilən əmr mövcud deyildir. Bundan başqa iddiaçı apellyasiya şikayətində 12.07.2021-ci il tarixli əmrin ləğv edilərək işə bərpa olunmasını xahiş etsə də belə bir iddia qaldırmamışdır. Qanunvericiliyin tələblərinə görə isə, yəni Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçının isə məhkəmədə qətnamə qəbul edilənədək belə bir tələbi olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən, məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğu üçün qətnamə həmin hissədə ləğv edilib, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdehin apellyasiya şikayəti qalan hissədə əsassız olub, iş materialları ilə təkzib olunduğu üçün təmin edilə bilməz, apelyant buna dair hər hansı bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə «Məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqı ödənilsin» hissəsində işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(027)-1683/2021 saylı qətnaməsi qismən- «Məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqı ödənilsin» hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməməli, qətnamə - «Cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 07.06.2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilsin və İddiaçı işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Təhqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İ.Qaraqurbanlı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(027)-1683/2021 saylı qətnaməsi qismən- «Məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqı ödənilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə - «Cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 07.06.2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilsin və İddiaçı işdən azad edilməsi barədə 02.07.2021-ci il tarixli əmrin cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar