Məhkəmə qərarları › İş №2(105)-358/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-358/2021

17.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-358/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlundan və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili X2, cavabdeh “Azərkimya” X1-Polietilen zavodunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azərkimya” X1-Polietilen zavoduna qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3790/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3790/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Emin Abdullayev) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddiasının təmin edilməsini xahiş etmişdir İŞİN HALLARİ: İddiaçı cavabdeh “Azərkimya” X1-Polietilen zavoduna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun işdən azad olunmasının qanunsuz hesab edilərək onunla əmək müqaviləsinin ləğvinə dair cavabdehin xx xxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun Etilen-Polietilen zavodunun 5 saylı Piroqazın və suyun hazırlanması və yarımfabrikat hazır məhsulun buraxılması aparatçısı peşəsinə bərpa edilməsi, qanunsuz işsiz qaldığı vaxt üçün, yəni xx xxx 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, xx.xx.2006-cı il tarixdən ’’Cavabdeh” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun 5 saylı Piroqazın və suyun hazırlanması sahəsində 5-ci dərəcəli xammalın hazırlanması və yarımfabrikat hazır məhsulun buraxılması aparatçısı peşəsində işləmiş və həmin sahədə xammalın hazırlanması və yarımfabrikat hazır məhsulun buraxılması işini görürmüş. “Etilen-Polietilen” zavodunda işçi kimi çalışdığı sahə zərərli istehsalat sahəsi olmaqla növbəli iş qrafikinə əsaslanır. Belə ki, xx.xx.2020-ci il tarixdə axşam növbəsində yenicə işə başlayarkən növbə rəisi heç bir əsas olmadan öz iradlarını bildirmiş, cavabında ona iradlarının heç bir əsasının olmadığını və ona münasibətdə qərəzli olduğunu bildirmişdir. Əvəzində o məsələni şişirdərək guya onun içkili olduğunu, özünü idarə edə bilmədiyini və nəticə olaraq yanğından təhlükəli sahədə siqaret çəkdiyini əsas gətirərək tabeliyində olan işçiləri və digər əməkdaşları cəlb etməklə onu iş yerindən kənarlaşdırmışdır. Bildirir ki, bu zaman dərhal tibb məntəqəsində müayinə olunmağına şərait yaradılması tələbi də nəticəsiz qalıb. Ertəsi gün faktla bağlı intizam icraatına dair araşdırma aparılmağa başlanılmış və bir daha, alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlmədiyini, eləcə də yanğından təhlükəli sahədə siqaret çəkmədiyini bildirmişdir. İşəgötürən tərəfindən aparılan araşdırma birtərəfli və subyektiv fikirlərə söykənir. Sonradan baş vermiş hadisəni ən ağır intizam pozuntusu kimi dəyənləndirən işəgötürən, işçi olaraq onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi qərarına gələrək - həmkarlar ittifaqına müraciət etmişdir. Hesab edir ki, cavabdeh müəssisə barəsində çıxarmış olduğu intizam tənbehi haqqında əmrdə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzgün əsaslandırmamış və nəticə olaraq işçi olaraq onunla əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri əmək qanunvericiliyin tələblərini pozulmaqla verilmişdir. Belə ki, işçi olaraq əmək müqaviləsini, habelə əmək funksiyası üzrə üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış, eləcə də işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı- ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd edilir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. Qeyd olunduğu kimi işəgötürən onu işdən azad edərkən alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməkdə və zavod ərazisində qadağan olunmuş ərazidə siqaret çəkməkdə ittiham edərək, bununla da daxili intizam qaydalarının kobud surətdə pozulması ilə əsaslandırmışdır. Bu ittihamları işçi olaraq qəbul etmir, onların subyektiv fikirlərə söykəndiyini bildirir. Belə ki, alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməyinə dair heç bir tibbi-həkim rəyi mövcud deyildir, eləcə də qadağan olunmuş ərazidə siqaret çəkməyini təsdiq edən heç bir foto və ya video sübut mövcud deyildir. Əleyhinə verilmiş akt və izahatlara gəldikdə isə qeyd edir ki, onlar subyektiv fikirlərə söykənir və əsas sübut kimi götürülə bilməz. Digər tərəfdən iş yerində siqaret çəkilməsi, ƏM-nin 72-ci maddəsi ilə tənzimlənən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sırasına daxil deyildir. Eləcə də ehtimal edilsə belə, işçi qadağan olunmuş ərazidə siqaret çəkmişdirsə, bu hal işəgötürənə heç də əsas vermirdi ki, işçini ƏM-nin 70-ci maddəsinin “ç”bəndi ilə işdən azad etsin. Yalnız o halda əsas ola bilərdi ki, işçi sistematik olaraq həmin pozuntunu törətsin və işəgötürən onun barəsində ƏM- nin 186.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehlərini ardıcıllıq ilə ona tətbiq etsin. Əks halda tətbiq olunmuş ən ağır intizam tədbiri törədilmiş əmələ adekvat deyildir. Göründüyü kimi işəgötürənin özünün istinad etdiyi müəsisə daxili intizam qaydalarında işçinin qadağan olunmuş ərazidə siqaret çəkməsini, ƏM-nin 72-ci maddəsi ilə tənzimlənən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sırasına daxil etməsi, ƏMnin müvafiq norması ilə (ƏM-183-ci maddəsi) ziddiyyət təşkil edir və belə olan halda müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilməlidir. Onu da qeyd edir ki, cavabdeh müəssisə onui ƏMnin 70-ci maddəsinin “ç”bəndi ilə işdən azad edərkən həmin məcəllənin 186.3-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin normaya əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalı idi. Belə ki, cavabdeh müəssisədə zərərli istehsalatda sahəsində 15 ilə yaxın müddətdir ki, işləyir, işlədiyi müddətdə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir, aillidir, ailə üzvləri 4 nəfərdən ibarətdir, ailə başçısı olmaqla yeganə qazanc gətirəndir, bir uşağı SDU-da ödənişli əsaslar ilə ali təhsil alır. Bundan başqa 1-ci Qarabağ müharibəsi veteranı olmaqla imtiyazlı kateqoriyaya aiddir. Belə ki, torpaqların azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə qəlpə yarası almışdır. Odur ki, Cəmiyyətimizdə mövcud olan milli həmrəylik və ordumuzun apardığı uğurlu əməliyyatlarının fonunda Qarabağ qazisi olaraq cavabdeh müəssisənin ona olan münasibəti heçdə anlaşılan deyildir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3790/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X3 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı maska taxmadığına görə işdən azad olunub. Sadəcə səbəb əsassız yerə şişirdilib. İddiaçının iş saatları daxilində içkili olması təsdiq olunmur. İddiaçı izahat verib ki, siqaret çəkərkən tibbi maskası olmayıb, amma içkili olmayıb.Onun içkili olub-olmadığı araşdırılmayıb. Əvvəllər heç bir məsuliyyətə cəlb edilməyib. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3790/2020 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Azərkimya” X1-Polietilen zavodunun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edir və bildirir ki, hər bir işçinin əsas vəzifəsi əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etməkdir. Lakin, iddiaçı öz vəzifələrini yerinə yetirməmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməmiş, əməyin təhlükəsizliyi normalarını pozmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə 5 saylı Piroqazın və suyun hazırlanması sahəsinin aparatçısı İddiaçı işə içkili vəziyyətdə gəlmiş, tibbi maskadan istifadə etmədən yə sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozmuş, növbə rəisi Şahin Abbasov ona irad bildirəndə tabesizlik göstərmiş, növbə rəisinə qarşı güc tətbiq etmişdir. İş yoldaşları onu sakitləşdirmək üçün İEM-dən çıxarmışlar. Az sonra İddiaçı zavodun qadağan olunmuş ərazisi - E-6 İEM-nin qarşısında siqaret çəkdiyi aşkarlanmış, bu barədə müvafiq akt tərtib edilmiş və İddiaçı zavodun ərazisindən kənarlaşdırılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli izahatında həqiqətən iş vaxtı tibbi maskadan istifadə etmədiyini, bununla bağlı növbə rəisi ilə aralarında mübahisə yarandığını bildirmişdir. 5 saylı sahənin rəisi Rövşən Əliyev, aparatçılar Gülər Hacıyeva və Fizuli Allahverdiyev, zavodun rəis müavini İlqar Qurbanov izahatlarında İddiaçı iş vaxtı tibbi maskadan istifadə etmədiyini, spirtli içki qəbul etdiyini və iş yerində siqaret çəkdiyini göstərmişlər. Cavabdeh İstehsalat Birliyinin müəssisələri yanğın və partlayış təhlükəli olduğu üçün Birliyin strukturuna daxil təşkilatların ərazisində xüsusi ayrılmış yerlər istisna olmaqla siqaret çəkilməsi 93 saylı xx.xx.2011 -ci il tarixli və xx.xx.2019-cu il tarixli əmrlərlə qəti qadağan edilmişdir. Zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının ƏM və TT qaydalarının kobud pozuntusuna yol verdiyi üçün 5 saylı Piroqazın və suyun hazırlanması sahəsinin xammalın hazırlanması və yarımfabrikat hazır məhsulun buraxılması aparatçısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 3104 ON-06-555 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. HİK-in 47 nömrəli, xx.xx.2020-ci il tarixli iclas protokoluna əsasən 5 saylı Piroqazm və suyun hazırlanması sahəsinin xammalın hazırlanması və yarımfabrikat hazır məhsulun buraxılması aparatçısı İddiaçı işdən azad olunmasına razılıq verilmişdir. Həmkarlar İttifaqı Komitəsinin razılığı alındıqdan sonra İddiaçıla bağlanmış əmək müqaviləsi 386 nömrəli, xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən, Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsaslarla ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab ediən hallar bunlardır: Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd olunanlara əsasən apelyasiya şikayətini təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3790/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3790/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş iddianının əmək kitabçası ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən xitam verilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “xx.xx.2020-ci il tarixində Piroqazın və suyun hazırlanması sahəsində 19:00-dan 07:00-dək işləyən “A” növbəsində baş vermiş hadisənin araşdırılması barədə” aktda göstərilmişdir ki, həmin növbənin təhviltəslimi zamanı növbə rəisi Şahin Abbasov iddiaçının maskasız olduğunu görmüş və ondan maska taxmasını tələb etmişdir. İddiaçı isə növbə rəisinin üzərinə hücum çəkmiş və başına şillə zərbəsi vuraraq nalayiq sözlərlə onu təhqir etmişdir. Növbə rəisi bu barədə zavod rəhbərliyinə məlumat vermişdir. Bundan sonra İstehsalat rəisinin müavini İlqar Qurbanov iddiaçının işlədiyi sahəyə getmişdir. O, iddiaçını intizama dəvət etmiş, iddiaçı onu da nalayiq ifadələrlə təhqir etmişdir. Hadisədən sonra iddiaçı E-6 İEM-in qarşısında siqaret çəkdiyinə görə növbə rəisi və əməkdaşlar ona bunun təhlükəli olduğunu bildirsələr də o buna əhəmiyyət verməmişdir. Bu səbəbdən işçi işdən kənarlaşdırılmışdır. İş materiallarına iddiaçının xx.xx.2020-ci il tarixində verdiyi izahatı əlavə edilmişdir. İzahatında o, həqiqətən iş vaxtı tibbi maskadan istifadə etmədiyini və bununla bağlı növbə rəisi ilə aralarında mübahisə yarandığını bildirmişdir. Lakin iş vaxtı içkili olmadığını və evdə əsəbiləşdiyi üçün tibbi maskadan istifadə etmədiyini qeyd etmişdir. İş materiallarına 5 saylı sahənin rəisi Rövşən Əliyevin, həmin sahənin aparatçıları Gülər Hacıyeva və Fizuli Allahverdiyevin, zavodun rəis müavini İlqar Qurbanovun zavod direktoruna ünvanlanmış izahatları əlavə edilmişdir. Həmin şəxslər izahatlarında iddiaçının iş vaxtı tibbi maskadan istifadə etmədiyini, spirtli içki qəbul etdiyini və iş yerində siqaret çəkdiyini göstərmişlər. Etilen-Polietilen zavodunun direktorunun həmin zavodun həmkarlar ittifaqı komitəsinin sədrinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda iddiaçının Əmək Məcəlləsinin 70-ci madddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Cavabdehin Həmkarlar İttifaqı Komitəsi rəyasət heyətinin xx.xx.2020-ci il tarixli iclasında iddiaçının işdən azad edilməsinə razılıq verilmişdir. Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyev tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 386 nömrəli əmrdən görünür ki, həmin əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən xitam verilmişdir. Birinci instansiyası məhkəməsi iş materiallarına istinadən iddiaçının xx.xx.2020-ci il tarixində “Azərkimya” X1-Polietilen zavodunda axşam növbəsində olarkən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin şərtlərinə zidd olaraq tibbi maskadan istifadə etməməsi, bu səbəbdən növbə rəisinin ona irad bildirməsini, iddiaçının həmin irada məhəl qoymamasını, növbə rəisi ilə aralarında yaranmış mübahisə zəminində növbə rəisinə qarşı güc tətbiq etməklə etiraz bildirməsini, həmçinin iddiaçının iş vaxtı iş yerində sərxoş vəziyyətdə olduğunu və icazə verilmədiyi halda siqaret çəkdiyini bildirməsinı istinad edərək iddianı təmin etməmiş, mübahisəyə Əmək Məcəlləsinin 70, 72-ci maddələrini tətbiq edərək iddia tələbini təmin etməmişdir. Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. HəminMəcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar aşağıdakılardır: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə də işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilə və belə hallarda işçi ilə əmək müqaviləsinə xitam verilə bilər. Mülki işin materiallarından görünür ki, iddiaçı “Azərkimya” X1-Polietilen zavodunda axşam növbəsində işləyərkən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin şərtlərinə zidd olaraq tibbi maskadan istifadə etməmiş, bu səbəbdən növbə rəisinin ona irad bildirmiş, iddiaçının həmin irada məhəl qoymayaraq növbə rəisi ilə aralarında yaranmış mübahisə zəminində növbə rəisinə qarşı güc tətbiq etməklə etiraz etmiş, həmçinin iddiaçı iş vaxtı iş yerində sərxoş vəziyyətdə olmuş və icazə verilmədiyi halda siqaret çəkmişdir. Bu baxımdan, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələbinə uyğun olmuş və birinci instansiya məhkəməsi də düzgün olaraq iddianın təmin edilməsi üçün hüquqi əsasların olmadığı qənaətinə gəlmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 80-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarından görünür ki, Etilen-Polietilen zavodunun direktorunun həmin zavodun həmkarlar ittifaqı komitəsinin sədrinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda iddiaçının Əmək Məcəlləsinin 70-ci madddəsinin Ç bəndinə əsasən işdən azad edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Cavabdehin Həmkarlar İttifaqı Komitəsi rəyasət heyətinin xx.xx.2020-ci il tarixli iclasında iddiaçının işdən azad edilməsinə razılıq verilmişdir. Məhkəmə kollegiyası işin şərh olunan hallarından və sadalanan qanunvericlik normalarından çıxış edərək, belə nəticəyə gəlir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün qanuni əsaslar mövcud olmuş, iddiaçı ilə əmək müqaivələsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir və bu baxımdam, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair xx.xx.2020-ci il tarixli, 386 saylı əmr Əmək Məcəlləsinin tələblərinə cavab verdiyindən əsaslı sayılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə istehsalat rəisinin müavini İlqar Qurbanov İddiaçı işlədiyi sexə gedərkən İddiaçı maskasız olmasını aşkar etmiş, ona irad bildirərlən işçi tabesizlik göstərərk növbə rəisi Şahin Abbasovun ünvanına nəlayiq sözlər işlətmiş, hətta öldürəcəyi ilə hədələmişdir. Əlavə olaraq hadisədən sonra E-6 İEM-nin qarşısında İddiaçı sigaret çəkməsi müşahidə olunmuş, ona şiqaret çəkməsinin qadağan və təhlükəli olması bildirilsə də, əhəmiyyət verməmişdir. Bu barədə zavod rəhbərliyinə məlumat verilmiş, saat 22:00 radələrində işçi zavoddan kənarlaşdırılmışdır. Eyni zamanda həmin gün onun spirtli işki qəbul etdiyi və sərxoş halda olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3790/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3790/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar