Məhkəmə qərarları › İş №2(105)-36/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-36/2025

19.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-36/2025 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilmiş hasarın sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. ünvan 1ində yerləşən 0,106277 ha kənd təsərrüfatlı torpaq sahəsi İddiaçı, X4, X2, X3 və X5 adlarına ümumi birgə mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində 31 avqust 2017-ci il tarixdə qeydiyyata alınmışdır.

2. ünvan 1i ünvanında yerləşən 0,1063 ha torpaq sahəsi ƏMDK-nın yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən tam mülkiyyət hüquq üzrə Cavabdeh1 məxsus olmuşdur.

3. Cavabdeh1 özünə məxsus ünvan 1i ünvanında yerləşən 0,1063 ha torpaq sahəsinin 0,05315 ha hissəsinin xx.xx.2017-ci il tarixdə Abşeron rayonu 1 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında alıcı Cavabdeh2, digər qalan torpaq sahəsinin 0,05315 ha hissəsini isə xx.xx.2019-cu il tarixdə Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi əsasında alıcı Cavabdeh4 satmışdır.

4. ünvan 1ində yerləşən 0,05315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışla 30 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. ünvan 1ində yerləşən 0,05315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 adına tam mülkiyyət hüququ ilə qeydiyyat nömrəsi ********** olan Çıxarışla xx.xx.2019-cu il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır.

6. ünvan 1ində yerləşən 0,07626 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 adına tam mülkiyyət hüququ ilə 06 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən uzaqlaşdırılmaları, qanunsuz tikilmiş hasarın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1ində yerləşən 0,106277 ha torpaq sahəsi onun mülkiyyətindədir. Lakin qonşuları olan cavabdehlər ona məxsus olan torpaqları zəbt edərək, onun mülkiyyətində olan torpaq sahəsində hasar tikmişlər. O, dəfələrlə onlardan hasarı sökmələrini və ona məxsus torpaq sahəsindən çıxmalarını tələb etsə də, onlar buna əməl etməmişlər. Cavabdehlər torpağın onlara məxsus olduğunu bildirmişlər. Bununla əlaqədar DƏDRX-nin 4 saylı Ərazi İdərəsinə müraciət etmiş, oranın əməkdaşları gələrək ölçmə işləri aparmış və onun torpağın qanuni sahibi olduğu müəyyən edilmişdir. Lakin cavabdehlər zəbt olunmuş torpaq sahəsindən çıxmaqdan imtina etmişlər.

9. Birinci instansiya məhkəməsində alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 noyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən mülki iş materiallarında əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0,106277 hektar torpaq sahəsi (Torpaq sahəsinin planı və ölçüsü sənədi, reyestr nömrəsi **********34) İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmişdir. Mülki iş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (istifadəsində olan) 0,05315 hektar torpaq sahəsi (Torpaq sahəsinin planı və ölçüsü sənədi, reyestr nömrəsi **********80) Cavabdeh2 xüsusi mülkiyyətinə rəsmiləşdirilmişdir (digər cavabdehlərin adlarına olan hüquq müəyyənedici sənədlər mülki iş materiallarına əlavə edilməmişdir). Araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən ərazidə yaşayan (ümumi olaraq) sakinlərin istifadələrində olan torpaq sahələrinin (və üzərində olan tikililərin) sərhədləri, adlarına olan (torpaq sahələrinə dair) hüquq müəyyənedici sənədlərdə göstərilmiş koordinatlara və ölçülərə uyğun gəlmir və bu səbəbdən İddiaçı məxsus 0,106277 hektar olan torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmək və hansı həcmdə kimlərin istifadəsində olmasını müəyyən etmək mümkün olmamışdır.

10. Abşeron Rayon Məhkəməsinin 2(012)-1034/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Sevinc Quliyeva).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus torpaq sahəsinə müdaxilə olunaraq hasar inşa edildiyini iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 14.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsini iddia tələbini təmin etməkdən imtina etdikdə ona məxsus torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması halına əhəmiyyət verməmiş və bu halı sübut kimi qəbul etməmişdir. 15.Apellyasiya şikayətinə etiraz verilməmişdir. 16.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-21/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova).

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2022-ci il tarixli, 2(105)-21/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(102)-5022/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2022-ci il tarixli, 2(105)- 21/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakim İ.R.Xələfovun məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdən və İ.K.Xəlilovdan ibarət tərkibdə).

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(105)-323/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov).

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(105)-323/2023 nömrəli qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3888/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-323/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Əhliman Xıdırov).

22. Kassasiya instansiyası məhkəməsinin həmin qərarının 55-ci bəndində qeyd olunmuşdur ki, hazırki iş üzrə icraat zamanı Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini Cavabdeh4 satmışdır. Bu səbəbdən, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən Cavabdeh1 hüquq varisi ilə əvəz edilməsi məsələsi tərəflərlə müzakirə olunmalıdır.

23. Kassasiya instansiyası məhkəməsinin həmin qərarının 54-cü bəndində qeyd olunmuşdur ki, hazırki mübahisənin həlli üçün iddiaçının və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri və koordinatları müəyyən olunmalı, həmin məlumatların tərəflərin hər birinə verilən texniki sənədlərdəki məlumatlara uyğun olubolmaması araşdırılmaqla, iddiaçının torpaq sahəsinin tam və ya hər hansı hissədə cavabdehlər tərəfindən zəbt olunub-olunmaması məsələsinə hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiya məhkəməsində hazırki icraat

İşdə iştirak edən şəxslərin izahatları

24. Hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 özünə məxsus ünvan 2i ünvanında yerləşən 0,05315 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixində Cavabdeh4 satdığından Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən Cavabdeh4 Cavabdeh1 hüquqi varisi kimi işə cəlb olunmuşdur.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin ona münasibətdə təmin edilməməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” publik hüuqiq şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirilməsi sektorunun inventarlaşdırıcı mühəndisi X7 izahatında bildirmişdir ki, sənəd üzrə torpaq sahələrinin üst - üstə düşmə halı yoxdur. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi Cavabdeh2 və digər hissəsi isə Cavabdeh4 tərəfindən tutularaq faktiki istifadə olunur.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Apellyasiya instansiya məhkəməsində aparılan araşdırma nəticəsində müəyyən edilən hallar

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-436/2024 nömrəli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Cavabdeh4 adına ünvan 1ində xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, daşınmaz əmlakın reyestr nömrəsi **********79 olan çıxarışla qeydiyyata alınmış 0,05315 ha torpaq sahəsinin halhazırda faktiki istifadə vəziyyətinə görə sahəsi nə qədərdir? 2. Cavabdeh2 adına ünvan 1ində xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, daşınmaz əmlakın reyestr nömrəsi **********80 olan çıxarışla qeydiyyata alınmış 0,05315 ha torpaq sahəsinin halhazırda faktiki istifadə vəziyyətinə görə sahəsi nə qədərdir? 3. Cavabdeh3 adına ünvan 1ində xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, daşınmaz əmlakın reyestr nömrəsi **********37 olan çıxarışla qeydiyyata alınmış 0,07626 ha torpaq sahəsinin halhazırda faktiki istifadə vəziyyətinə görə sahəsi nə qədərdir?

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 may 2025-ci il tarixli, 10/2043 nömrəli rəyi ilə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21- 3-32/2-3096/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh4 faktiki istifadəsində olan torpaq sahəsi 0,0555 ha təşkil edir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi 0,1624 ha təşkil edir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh3 faktiki istifadəsində olan torpaq sahəsi 0,0882 ha təşkil edir.

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-36/2025 nömrəli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.2017-ci il tarixdə qeydə alınmış ******* №-li seriya RX olan Çıxarışa əsasən 0,05315 ha torpaq sahəsi Cavabdeh2 adına olsa da, onun faktiki istifadə etdiyi torpaq sahəsi 0,1624 ha olduğundan artıq istifadə edilən 0,10925 ha torpaq sahəsi İddiaçı ailə üzvlərinə məxsus xx.xx.2017-ci il tarixdə qeyd alınmış ******* №-li seriya RX olan Çıxarışa əsasən 0,106277 ha torpaq sahəsi ilə hansı hissələrdə üst-üstə düşür? 2. Cavabdeh2 faktiki istifadə etdiyi 0,1624 ha torpaq sahəsindən artıq istifadə etdiyi 0,10925 ha torpaq sahəsinin və həmçinin qanuni əsaslarla istifadə etdiyi 0,05315 ha torpaq sahəsinin, bu mümkün olmadıqda isə ümumilikdə istifadə etdiyi torpaq sahəsinin cizgisi (çertyoju) həmin ərazidə olan tikililər göstərilməklə tərtib edilsin. 3. xx.xx.2013-cü il tarixdə qeydə alınmış ******* №-li seriya RX olan Çıxarışa əsasən 0,07626 ha torpaq sahəsi Cavabdeh3 adına olsa da, onun faktiki istifadə etdiyi torpaq sahəsi 0, 0882 ha olduğundan artıq istifadə edilən 0,01194 ha torpaq sahəsi İddiaçı ailə üzvlərinə məxsus xx.xx.2017-ci il tarixdə qeyd alınmış ******* №-li seriya RX olan Çıxarışa əsasən 0,106277 ha torpaq sahəsi ilə hansı hissələrdə üst-üstə düşür?

4. xx.xx.2019-cu il tarixdə qeydə alınmış reyestr nömrəsi **********79 olan Çıxarışa əsasən 0,05315 ha torpaq sahəsi Cavabdeh4 adına olsa da, onun faktiki istifadə etdiyi torpaq sahəsi 0, 0555 ha olduğundan artıq istifadə edilən 0,00235 ha torpaq sahəsi İddiaçı ailə üzvlərinə məxsus xx.xx.2017-ci il tarixdə qeyd alınmış ******* №-li seriya RX olan Çıxarışa əsasən 0,106277 ha torpaq sahəsi ilə hansı hissələrdə üst-üstə düşür?

32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 8 dekabr 2025-ci il tarixli, 3-21-3-32/2-21984/2025 nömrəli mütəxəssis rəyinə əsasən suallara cavab olaraq qeyd olunmuşdur ki, 1. Cavabdeh2 tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0513 ha hissəsi İddiaçı ailə üzvlərinə məxsus xx.xx.2017-ci il tarixdə qeyd alınmış ******* №-li seriya RX olan çıxarışın planı və ölçüsü sənədi ilə üstüstə düşür. 2. Cavabdeh2 tərəfindən naturada tanıdılan ümumilikdə istifadə etdiyi torpaq sahəsinin çizgisi həmin ərazidə olan tikililər göstərilməklər tərtib edilmişdir. 3. Cavabdeh3 tərəfindən naturada tanıdılan torpaq sahəsi İddiaçı ailə üzvlərinə məxsus xx.xx.2017-ci il tarxidə qeyd alınmış ******* №-li seriya RX olan çıxarışın planı və ölçüsü sənədi ilə üstüstə düşmür. 4. Cavabdeh4 tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0332 ha hissəsi İddiaçı ailə üzvlərinə məxsus xx.xx.2017-ci il tarixdə qeyd alınmış ******* №-li seriya RX olan çıxarışın planı və ölçüsü sənədi ilə üst-üstə düşür.

33. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2025-ci il tarixli məktubu ilə ekspertiza aparılmasından imtina edilmişdir.

34. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu verilərək qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəsinin xx.xx.2025-ci il tarixli, 2(105)-36/2025 nömrəli qərardadı ilə ekspert qarşısında qoyulmuş suallar, xüsusilə də Cavabdeh2 faktiki istifadə etdiyi 0,1624 ha torpaq sahəsindən artıq istifadə etdiyi 0,10925 ha torpaq sahəsinin, həmçinin qanuni istifadə etdiyi 0,05315 ha torpaq sahəsinin cizgisinin (çertyojunun) göstərilməsinə dair suallar xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində cavablandırılmamış, suallara düzgün cavab verilməmiş, nəticədə mütəxəssis rəyində göstərilən ortofotogörüntülər ziddiyyətli xarakter daşımışdır. Qeyd olunanlara əsasən həmin suallara ətraflı cavab verilməsi məqsədi ilə keçiriləcək məhkəmə iclasında mütəxəssisin yenidən iştirakı və bununla əlaqədar rəsmi arayışın təqdim olunması xahiş edilmişdir.

35. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 2 fevral 2026-cı il tarixli, 3-21-3-32/2-2150/2026 nömrəli arayışında qeyd olunmuşdur ki, elektron məlumat bazasına əsasən, **********80 reyestr nömrəli çıxarışa dair (Cavabdeh2 məxsus) torpaq sahəsinin planı və ölçüsü sənədinə (0.0531 ha) əsasən yerləşməsi və həmçinin, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin yerləşməsinə dair müqayisəli ortofoto görüntü (dürüstləşmə işlərindən əvvələ aid olan) təqdim edilir. Qeyd edilir ki, iddiaçının sənəd üzrə yerləşməsi ilə, naturada tanıdılan və faktiki istifadəsində olan torpaq sahəsinin yerləşməsi arasında fərq mövcuddur və üst-üstə düşmür. Əlavə olaraq qeyd edilir ki, Cavabdeh4 faktiki istifadəsində olan torpaq sahəsinə dair ortofoto görüntüdə yaranmış ziddiyyətlər araşdırılmışdır. Belə ki, Cavabdeh4 tərəfindən daha əvvəl keçirilmiş yerli baxış zamanı göstərdiyi faktiki torpaq sahəsi ilə, son yerli baxış zamanı göstərdiyi faktiki torpaq sahəsi arasında fərqlilik mövcud olmuşdur. Əvvəlki yerli baxış zamanı Cavabdeh4 tərəfindən naturada tanıdılan torpaq sahəsinin ölçüsü 0.0555 ha, son yerli baxış zamanı naturada tanıtdığı torpaq sahəsinin ölçüsü isə 0.1721 ha təşkil etmişdir. Zərurət yarandığı üçün Cavabdeh4 torpaq sahəsinə yenidən baxış keçirilmiş və son olaraq Cavabdeh4 tərəfindən tanıdılan torpaq sahəsi son yerli baxış zamanı tanıdılan torpaq sahəsi ilə (0.1721 ha) eynilik təşkil etdiyi məlum olmuşdur. Həmçinin, qeyd edilir ki, elektron məlumat bazasına əsasən Cavabdeh4 adına daşınmaz əmlak üzərində hüquqların Dövlət qeydiyyatına alınmış **********79 (sahəsi 0.0531 ha) və **********31 (sahəsi 0.1067 ha) reyestr nömrəli çıxarışlar mövcuddur. Dürüstləşmə işlərindən sonra Necas elektron məlumat bazasına əsasən, sözügedən çıxarışların, həmçinin mübahisəli əraziyə dair torpaq sahələrinin sənəd üzrə yerləşməsini özündə əks etdirən ortofoto görüntü təqdim edilmişdir.

36. Qeyd edilən arayışa həm dürüstləşmə işlərindən əvvəl, həm də dürüstləşmə işlərindən sonra torpaq sahəsinin yerləşməsinə dair ortofoto görüntülər təqdim edilmişdir.

Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

39. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

42. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda qeyd edilmiş Mülki Məcəllənin 213.6-cı maddəsinin tələblərinə əsasən də ümumi mülkiyyətin hər bir mülkiyyətçisinin ümumi mülkiyyətdə olan əşya barəsində yalnız bütün mülkiyyətçilərin xeyrinə üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilmək hüquq olduğundan hazırki iş üzrə İddiaçı da ümumi mülkiyyətində olan hazırki iddia predmeti barəsində digər mülkiyyətçilərinin də adından iddia qaldırmaq üçün subyektiv hüququ vardır.

43. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəmə kollegiyasına dürüstləşmə işlərindən sonra tərtib olunmuş İddiaçı, Cavabdeh2 və digər Cavabdeh4 məxsus torpaq sahələrinə dair ortofoto görüntü təqdim edilmişdir.Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixdə keçirilmiş iclasında həmin ortofoto görüntüyə iddiaçı və mühəndis Kamran Əliyevin iştirakı ilə baxış keçirilmiş və həmin ortofoto görüntüdə aşkar surətdə müəyyən olunur ki, İddiaçı məxsus **********34 nömrəli çıxarışda göstərilən 0,1062 ha torpaq sahəsi Cavabdeh4 məxsus **********79 reyestr nömrəli çıxarışda göstərilən 0,0531 ha torpaq sahəsi ilə, həmçinin **********31 nömrəli çıxarışda göstərilən 0,1067 ha torpaq sahəsi ilə, eləcə də digər Cavabdeh2 məxsus **********80 reyestr nömrəli çıxarışda göstərilən 0,0531 ha torpaq sahəsi ilə üstüstə düşmür.Məhkəmə kollegiyasının araşdırması nəticəsində həmçinin müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 0,1062 ha torpaq sahəsindən faktiki olaraq onun qonşuları cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən qanunsuz istifadə olunur.

44. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında mütəxəssis Kamran Əliyev bildirmişdir ki, digər Cavabdeh4 məxsus **********31 nömrəli çıxarışda göstərilən 0,01067 ha torpaq sahəsinin bir hissəsindən isə faktiki olaraq başqa şəxs istifadə edir.

45. Bundan əlavə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 16 fevral 2026-cı il tarixli, 3-21-3-32/2-3109/2026 nömrəli məktubunda qeyd olunmuşdur ki, torpaqların istifadəsində mövcud uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan **********34 reyestr nömrəli çıxarışın (İddiaçı ailə üzvlərinə məxsus) necas baza məlumatlarına əsasən (dürüstləşmə işlərindən sonra) koordinatları ilə cavabdehlər Cavabdeh4 faktiki istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşən hissəsi 0.0553 ha, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst üstə düşən hissəsi isə 0.0509 ha təşkil edir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddia tələbi cavabdehlər Cavabdeh4 və Cavabdeh2 aid hissədə təmin edilməli, digər cavabdeh olan Cavabdeh3 aid hissədə isə təmin edilməməlidir.

47. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2- 3096/2025 nömrəli və 8 dekabr 2025-ci il tarixli, 3-21-3-32/2-21984/2025 nömrəli rəylərinin verilməsi üçün iddiaçı tərəfindən hər biri üçün ödənilmiş 95 (doxsan beş) manat, cəmi 190 manat məbləğində pulun 95 manat hissəsi Cavabdeh4 və 95 manat hissəsi isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

48. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23807 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 100 manat, 27 aprel 2022-ci il tarixli, 10/2384 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 50 manat və 14 may 2025-ci il tarixli 10/2043 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə 50 manat məbləğində olmaqla, aparılan ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manat təşkil edir. Buna görə ekspertiza tədqiqatlarının dəyərinin 100 manatı Cavabdeh4 və 100 manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi cavabdehlər Cavabdeh4 və Cavabdeh2 qanunsuz tikilmiş hasar sökülməklə iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaları hissəsində təmin edilsin. İddiaçı ümumi birgə mülkiyyətində olan, xx.xx.20217-ci il tarixdə qeydə alınmış RX seriya,1139945 №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1indəki 0,106277 ha torpaq sahəsinin dürüstləşmə işlərindən sonra tərtib olunmuş ortofoto görüntüdə göstərilən 0,0553 ha hissəsindən Cavabdeh4, 0,0509 ha hissəsindən isə Cavabdeh2 çıxarılsınlar və cavabdehlər tərəfindən həmin torpaq sahələrinə aid hissədə qanunsuz çəkilmiş hasarlar müvafiq hissədə cavabdehlərin öz hesabına sökülsün. İddia tələbi digər, yəni Cavabdeh3 aid hissədə təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 190 (bir yüz doxsan ) manat xərcin 95 (doxsan beş) manatı Cavabdeh4 və 95 (doxsan beş) manatı isə Cavabdeh2 alınaraq iddiaçıya verilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı Cavabdeh4 və 100 (bir yüz) manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE**********0002088501, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar