Məhkəmə qərarları › İş №2(105)-360/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-360/2022

04.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-360/2022 04.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, Ərizəçi, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğumun qeydə alınma faktının müəyyən edilməsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1515/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1515/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir (hakim Elmir Hüseynov). Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1515/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ NH A L L A R İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 24 mart 2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olması barədə doğumun qeydə alınma faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı Ağasənova Mələk xx.xx.2019-cu il tarixdə ev şəraitində xəstəxanadan kənar doğulmuşdur. Hazırda tam sağlamdır və 2 saylı uşaq poliklinikasında qeydiyyatdadır. Ev şəraitində doğulduğu üçün ona vaxtında doğum haqqında şəhadətnamə alınmamışdır. Bu məqsədlə Sumqayıt “ASAN Xidmət” X11nə müraciət etmiş və həkim arayışı olmadığı üçün ona uşağın doğumunun qeydiyyatından və ona doğum haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLAR İ Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, uşağın doğum haqqında şəhadətnaməsinin olmaması ona bir çox çətinlik yaradır. Uşağın atası ilə rəsmi olmasa da dini nikahları mövcuddur, lakin hazırda onunla heç bir münasibəti yoxdur, qazanc dalınca respublikadan getmişdir. Getdikdən sonra bir neçə dəfə sosial şəbəkə vasitəsilə əlaqə saxlamış, sonra münasibətləri kəsilmişdir. O, utandığından uşağının doğulması üçün xəstəxanaya getməmişdir. Valideynləri də deyirdi ki, uşağın atası gəlmədən onun doğum haqqında şəhadətnaməsini almağa gedə bilməz. Bu səbəbdən bu günki tarixədək övladının şəhadətnaməsi yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətimin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1515/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizəsinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə uşağın yaşının müəyyən edilməsi barədə ekspertiza təyin etməkdə haqlı olmamışdır. Belə ki, bu ərizə uşağın yaşı barədə yox, onun doğum faktının müəyyən edilməsi barədə olmuşdur. Ekspert rəyində uşağın sümük yaşının deyilən tarixdən 6 ay artıq göstərilməsi də ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. İnsanlar fərqli doğulurlar, fərqli əlamət və göstəricilərə malik olurlar, ərizəçinin də, qardaşının, atasının da boyu, sümükləri böyükdür və onlar ucaboydurlar. İndi sümük yaşının digər uşaqların sümük yaşına nisbətdə 6 ay fərqli olması uşağın həmin təvəllüddə olmasını istisna etmir və bu hal ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1515/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs Sumqayıt “ASAN Xidmət” X6 nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinəəsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, ərizəçinin, vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1515/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-1847/15 nömrəli məktubdan görünür ki, X1 doğumunu təsdiq edən həkim arayışı təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər 2 saylı Uşaq poliklinikası tərəfindən Sumqayıt şəhər “ASAN Xidmət” Mərkəzinə ünvanlanmış 462 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X5 təvəllüdü xx.xx.2019-cu il, diaqnozu sağlamdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9”nin 354 №-li canlı şəxsin ekspertizası ilə bağlı olan ekspert rəyindən görünür ki, ərizəçinin təqdim etdiyi X1 müəyyən edilmiş sümük yaşı 3-3,5 yaşa uyğun gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9”nin xx.xx.2021-ci il tarixli, 9/891 №-li məktubdan görünür ki, ata tərəf olmadığı üçün ekspertizanın bioloji səviyyədə keçirilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə müəyyən etdi ki, ərizəçinin ərizədə qeyd etdiyi X1 xx.xx.2019-cu il tarixdə və ərizəçi tərəfindən doğulması qeyri-müəyyəndir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9”nin 354 №-li canlı şəxsin ekspertizası ilə bağlı olan ekspert rəyində (tədqiqat xx.xx.2021-xx.xx.2021-ci il tarixdə aparılmışdır, ərizəçinin qeyd etdiyi doğum təvəllüdü ilə götürəndə tədqiqat zamanı uşaq 2,3 yaşında olmuşdur) X1 müəyyən edilmiş sümük yaşı 3-3,5 yaşa uyğun gəldiyi göstərilmişdir. Ərizəçi hamiləlik dövründə hər hansı bir tibbi müayinədən keçməsi və ya tibb müəsissəsində qeydiyyata durması barədə sübut təqdim etməmişdir. Ərizəçiyə uşaqla birlikdə DNT ekspetizasından keçmək təklif edilsədə, o, maddi durumunu əsas gətirərək, məhkəmənin bu təklifini qəbul etməmişdir. Göründüyü kimi faktın müəyyən edilməsinə dair ərizəçi tərəfindən məhkəməyə yetərli sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 4.2ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid X7 ifadə verərək bildirmişdir ki, ərizəçi qızıdır, qızı uşağı ev şəraitində dünyaya gətirmişdir. Həmin vaxt o və digər ailə üzvləri orada olmuşdur. Uşaq sağlam dünyaya gəlmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X10 ifadə verərək bildirmişdir ki, ərizəçi onun dayısı qızıdır. Uşaq anadan olanda o orada olmuşdur, uşağın sağlam dünyaya gəldiyini bildirdi. Birinci instansiya məhkəməsind dindirilmiş şahid X8 ifadə verərək bildirmişdir ki, ərizəçi onun baldızıdır. Uşaq anadan olanda orada olmuşdur, uşağın sağlam dünyaya gəldiyini bildirdi. Bundan başqa iş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli uşaq poliklinikasının 143 saylı, 26 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon,ev 32, mənzil 57-də yaşayan, xx.xx.2019-cu il tarixli X5 xx.xx.2020-ci il tarixdən poliklinikada qeydiyyatdadır. Uşaq icbari dispanser müayinədən keçmişdir, sağlamdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9”nin 354 №-li canlı şəxsin ekspertizası ilə bağlı olan ekspert rəyindən görünür ki, ərizəçinin təqdim etdiyi X1 müəyyən edilmiş sümük yaşı 3-3,5 yaşa uyğun gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9”nin xx.xx.2021-ci il tarixli, 9/891 №-li məktubdan görünür ki, ata tərəf olmadığı üçün ekspertizanın bioloji səviyyədə keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası tərəfindən ərizəçinin uşağın anası olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9”nin xx.xx.2022-ci il tarixli, 9/377 №-li məktubdan görünür ki, ata tərəf olmadığı üçün ekspertizanın bioloji səviyyədə keçirilməsi mümkün olmamışdır. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır ( MPM-nin 307.2.3-cü maddəsi). Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənədi başqa qaydada bərpa etmək mümkün olmadıqda qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Məhkəmə kollegiyası qeyd edir ki, doğum fiziki şəxsin hüquq qabiliyyətinin əsasını təşkil edir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir. Beləliklə də, doğumun bir şəxs üçün zəruri hüquqi fakt olduğu mübahisəsizdir. Doğum özlüyündə hüquqi fakt olduğu üçün onun hüquqi qeydiyyatı da mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə də qanunvericilik doğumun qeydiyyatını müəyyən etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarda göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Birinci instansiyası məhkəməsi göstərilənlərə əsasən ərizəçinin doğum faktının müəyyən edilməsinin onun üçün hüquqi əhəmiyyət kəsb etməsini, ərizəçinin aidiyyatı orqanlara müraciətlər etməsinə, ümumilikdə ərizəçinin tanınmasını xahiş etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair bütün cəhdləri etməsinə və bu barədə məhkəməyə kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq, ərizəyə düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş X2, X4, X3 ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahidlər ifadə verərək göstərmişlər ki, onlar uşağın evdə doğulmasının şahidi olmuşlar. Uşaq ev şəraitində doğulduğundan ərizəçi həmin uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, uşağın doğum haqqında şəhadətnaməsinin olmaması müəyyən çətinliklər yaradır, belə ki, ərizəçi uşağını baxçaya qoya bilmir, gələcəkdə isə məktəbə qoymaq problemi yaranacaq. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beiəliklə, məhkəmə kollegiyası işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və Ərizəçi 24 mart 2019-cu il tarixdə “X5” adlı uşağın Sumqayıt şəhərində doğulması faktı öz təsdiqini tapmışdır. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəni heç bir əsas olmadan rədd etmişdir. Ona görə də, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə təmin olunmalı və apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1515/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın (doğumun qeydə alınma faktının) müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. 24 mart 2019-cu il tarixdə “X5” adlı uşağın Sumqayıt şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar