Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-361/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X2 nümayəndə və vəkili Vəkil2 və Cavabdeh nümayəndə və vəkili Vəkil3 iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı borc və digər tələblərinə dair mülki üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-40/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X5 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh oğlıuna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borc üzrə 35000 manat, faiz borcu olaraq 7000 manat, dəbbə pulu olaraq 3500 manat, ümumilikdə 45500 manatın tutularaq ona verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 12-ci mikrorayon, 4 saylı mənzildə yerləşən ev 1/2-yə yönəldilərək mənzilin açıq hərracdan satılması və cavabdehin həmin mənzildən çıxarılması, eləcə də cavabdehdən 25000 manat borcun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-40/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 26824,20 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği üzrə 7000 manat, cərimə üzrə 1000 manat, olmaqla, cəmi 34824 (otuz dörd min səkkiz yüz iyirmi dörd manat) 20 (iyirmi) qəpik məbləğində pul, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi, iddianın borcun tutulmasına aid qalan hissədə təmin edilməməsi, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 (əlli) manatı iddiaçı X1, 50 (əlli) manatı isə Cavabdehn tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 200 manatın 100 (yüz) manatı iddiaçı X1, 100 (yüz) manatın isə Cavabdehn tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən iddiaçı X5 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli 2(060)-40/2021 saylı qətnaməsinin qismən, əsas borcun tutulması və cəmi borc hissəsində ləğv edilərək, həmin hissədə əsas borcun 33900 manat, cəmi borcun isə 41.000 manat müəyyən edilərək cavabdehdən alınıb iddiaçıya verilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli 2(060)-40/2021 saylı qətnaməsinin faiz və cərimənin qismən təmin olunması hissəsində ləğv edilərək faiz ilə bağlı iddianın təmin edilməməsi, qətnamə ilə müəyyən edilmiş əsas borc üzrə 26824,20 manat məbləğin dəyişdirilərək 13050 manat çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil2, apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, qətnamədən qismən, əsas borc üzrə hissəsindən, bunun nəticəsi olaraq da cavabdehdən ümumi olaraq alınmalı olan məbləğ hissəsindən narazıdır. Belə ki, məhkəmə əsas borcu müəyyən edərkən cavabdehin məhkəməyə təqdim etdiyi poçt göndərişlərini əsas götürmüş və cavabdehin iddiaçıya borclu olduğu məbləğdən cavabdehin məhkəməyə təqdim etdiyi çeklərdəki məbləğləri çıxmış və belə hesab etmişdir ki, həmin pulları iddiaçı almışdır. Lakin bu zaman məhkəmə həmin pulların iddiaçı tərəfindən alınıb-alnmamasını araşdırmadan həmin çekdəki məbləğlərin ümumi məbləğdən çıxılması qərarına gəlmişdir ki, bu halda məhkəmə prosesual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, AR MPM-nin 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu işdə iddiaçı öz tələbini sübut etmək üçün borc müqaviləsini təqdim etmişdir. Cavabdeh də həmin borcu aldığını etiraf edib, lakin bildirib ki, həmin məbləğdən 8.176 manatı ödəmişdir.Bunu da təsdiq etmək üçün iddiaçının adına olan çekləri təqdim etmişdir. Lakin həmin çeklərin mövcud olması özü-özlüyündə həmin pulların iddiaçıya ödənməsini təsdiq etmir.Bunu yalnız həmin pulların iddiaçı tərəfindən alınmasını müəyyən edən çeklər təsdiq edə bilər. Amma cavabdeh tərəfindən həmin çeklər təqdim edilməmişdir. Bu halda məhkəmənin həmin pulların iddiaçıya qaytarılması qənaətinə gəlməsi prosessual cəhətdən səhv olmuşdur və nəticədə iddiaçının əmlak hüquqları pozulmuşdur. İddiaçı cavabdehdən cəmi 1100 manat pul almışdır, qalan məbləğləri isə xırda-xırda olduğu üçün geri qaytarmışdır ki, pulu tam ödənilsin. Cavabdeh isə məhkəmədə iddia etdiyi və məhkəmənin də qəbul etdiyi məbləğlərin iddiaçıya verilməsini sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə bu halı nəzərə almadan və AR MPM-nin 77.1. və 81-ci maddəsinin tələblərini pozmaqla səhv nəticəyə gəlmişdir. Eyni zamanda poçtda saxlanılan ödənişlər onlara məhkəmə iclasında məlum olduqdan sonra ödənişləri almışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin hazırkı iş üzrə olan 03.09.2021-ci il tarixli 2(060)-40/2021 saylı qətnaməsinin qismən, əsas borcun tutulması və cəmi borc hissəsində ləğv edilərək, həmin hissədə əsas borcun 33900 manat, cəmi borcun isə 41.000 manat müəyyən edilərək cavabdehdən alınıb iddiaçıya verilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Sumqayıt şəhər 3 saylı Notariat Kontorunda təsdiq edilmiş 04 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 35000 manat borc almışdır. Həmin müqavilə üzrə məhkəmənin nəzərə aldığı qəbzlərdən əlavə olaraq 13000 manat pul vəsaiti də iddiaçıya ödənilmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Həmçinin cavabdeh tərəfindən təqdim olunmuş çeklər üzrə ümumi 8950 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli, 9/4914 saylı, ekspert rəyində 28.10.2020-ci il tarixdə 40.8 manat ödəniş göstərilsə də, əslində 408 manat 80 qəpik pul ödənilmişdir. Əlavə olaraq 28.08.2021-ci il tarixdə 407 manat 80 qəpik və 308 manat pul ödənilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin hazırkı iş üzrə olan 03.09.2021-ci il tarixli 2(060)-40/2021 saylı qətnaməsinin faiz və cərimənin qismən təmin olunması hissəsində ləğv edilərək faiz ilə bağlı iddianın təmin edilməməsi, qətnamə ilə müəyyən edilmiş əsas borc üzrə 26824,20 manat məbləğin dəyişdirilərək 13050 manat çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin hazırkı iş üzrə olan 03.09.2021-ci il tarixli 2(060)-40/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 42 ay müddətinə, faizsiz, 35000 manat kredit verilmişdir. 04.06.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, cavabdehə məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1/2, mənzil 4 cavabdehin kredit öhdəliklərinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışa əsasən həmin mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli, 9/4914 saylı ekspert rəyində kredit müqaviləsi üzrə borcun 27.07.2021-ci il tarixə əsas borc üzrə 26824,20 manat, faiz borcu üzrə 9911,54 manat təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsinə dair 17 fevral 2021-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1/2, 4 saylı mənzilin bazar dəyəri 70000 manat müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış 04.06.2015-ci il tarixli kredit müqaviləsinə dair artıq 27 iyun 2018-ci il tarixli, 7E-10736 reyestrli İcra Qeydi tərtib edilmişdir. “İcra haqqında” AR Qanununun 6.1, 6.1.4-cü maddələrinə əsasən notariat orqanlarının icra qeydləri məhkəmə qərarları ilə yanaşı icra sənədləri sayılır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında arasında bağlanmış kredit müqaviləsi əsasında notariat orqanı tərəfindən işin icraata yönəldilməsi üçün icra qeydi verilmiş və bununla da mübahisə məhkəmədən kənar həll edildiyindən, X3 hazırki iddiasına məhkəmə qaydasında baxılmalı deyildir. Başqa sözlə, hazırki mübahisə üzrə artıq məcburi qüvvəyə malik icra sənədi olduğundan ona yenidən məhkəmədə baxıla bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə icra qeydi hazırki gündə ləğv edilməmişdir və qanuni qüvvəsindədir. Qeyd edilən hal Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin 24.01.2022-ci il tarixli, 168 saylı məktubu ilə də təsdiqini tapmışdır (i.v. İİ cild 37 vərəq). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.01.2008-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra məmurları qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 28.2-28.4-cü maddələrinə əsasən icraatda tərəflər tələbkar və borcludur. Xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Azərbaycan Respublikası MPM-nin 261.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apelasiya instansiya məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilmləklə ləğv edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddia ərizəsinin qəbulundan imtina etmək əvəzinə, iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmış, məhkəmə araşdırması zamanı da həmin hallara diqqət yetirməmiş, bununla da yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2 -ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə görə isə bu Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X6 icra qeydinin icrası ilə əlaqədar Sumqayıt şəhər İcra İdarəsinə müraciət etməlidir. Yenə həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 372.1, 372.6, 372.7, 391, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-40/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X2 Cavabdeh qarşı borc və digər tələblərinə dair iddiası üzrə işin icraatına xitam verilsin. İş üzrə birinci instansansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 (əlli) manatı iddiaçı X1, 50 (əlli) manatı isə Cavabdehn tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 200 manatın 100 (yüz) manatı iddiaçı X1, 100 (yüz) manatın isə Cavabdehn tutularaq "xxxx" MMC-yə ödənilsin. İş üzrə aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın 50 (əlli) manatı iddiaçı X1, 50 (əlli) manatı isə Cavabdehn tutularaq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-361/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-361/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver