Məhkəmə qərarları › İş №2(105)-3620/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3620/2021

22.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3620/2021 22.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı kirayə haqqına görə ödənilmiş pulun və dəymiş ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) ilkin iddianın təmin edilməsi, Cavabdeh azyaşlı övladı ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 8/7 saylı evin, 110 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh İddiaçı qarşı kirayə haqqına görə ödənilmiş pulun və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarma tələbinə dair ilk iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı övladı ilə birlikdə mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən, 8/7 saylı evin, 110-cu mənzilindən məcburi çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən, 8/7 saylı evin, 110-cu mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu 14 noyabr 2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi İdarəsi tərəfindən verilmiş RX Seriyalı ******* saylı çıxarış təsdiq edir. Mülkiyyətçisi olduğu mənzildə 12 iyul 2018-cı ildən hal-hazıradək Cavabdeh azyaşlı övladı ilə yaşayır. O dəfələrlə cavabdehin azyaşlı övladı ilə birlikdə mülkiyyətçisi olduğu mənzili tərk etməsini xahiş etsə də, o bu günə kimi mənzili tərk etməmişdir. O hər dəfəsində mənzilə getdikdə cavabdeh ona problemlər yaradır, səs-küy salır, onun ünvanına nalayiq ifadələr səsləndirir, onu təxribata cəlb edir. Bildirir ki, cavabdeh onun mənzil hüququnun həyata keçirilməsinə maneçilik törədir. Cavabdehin günahı səbəbindən mənzildə yaşaya bilmir. Bu da onun maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Cavabdeh İddiaçı qarşı kirayə haqqına görə ödənilmiş pulun və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı vermiş olduğu 2000 manat məbləğində kirayə haqqının və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən mənzildə o, 2018-ci ildən yaşayır və həmişə mənzilin kirayə haqqını vaxtlı-vaxtında ödəmişdir. Aralarında olan razılaşmaya görə o, hər ay iddiaçıya 150 manat kirayə haqqını və kommunal xidmət haqlarını ödəmişdir. Həmin mənzili ona kirayə vermiş Şahbala adlı şəxs aylıq kirayə haqqını ondan almışdır. Onunla iddiaçı arasında kirayə haqqının ödənilməsi ilə bağlı heç bir danışıq olmamış, ümumiyyətlə o, bu şəxsi tanımamışdır. Bu müddət ərzində o, bir dəfə də olsun onunla üz-üzə gəlməmiş, ondan evi boşaltmağı tələb etməmişdir. 2021-ci ilin aprel ayında Şahbala ona bildirmişdir ki, mənzil sahibinə təcili 2000 manat pul lazımdır, ona görə də o, həmin pulu verməlidir, bu pula görə 2022-ci ilin iyun ayına qədər kirayə haqqına görə onu heç kəs narahat etməyəcək. Əgər həmin pulu verməsə evi boşaltmalıdır, mənzil sahibi evi satmaq məcburiyyətinə qalacaq. O, tənha qadındır, himayəsində 2 az yaşlı övladı vardır. Uşaqları ilə evdən çıxmamaq üçün məcburiyyət qarşısında qalaraq borc pul alıb Şahbalaya vermişdir. Lakin hazırda ona məlum olmuşdur ki, 2022-ci ilin iyun ayınadək kirayə haqqını ödəməyinə baxmayaraq iddiaçı ona qarşı belə iddia qaldırmışdır. Qeyd edir ki, ev sahibi kirayə haqqını bircə gün gecikdirən kimi gəlib onun yaşadığı mənzilin qapısını gecə saatlarında kənar, tanımadığı şəxslərlə döymüş, onu narahat etmiş, hətta icazəsiz evə də daxil olmuşdur. Lakin o, yenə də evdən çıxarılmamaq üçün onun bu qanunsuz hərəkətlərinə də susmuşdur. Onun həyat yoldaşı 2-ci qrup Qarabağ Müharibəsi əlilidir, ağciyər xəstəliyindən əziyyət çəkir, maddi imkansızlıq üzündən onunla boşanmış və uşaqları özü böyüdür. Heç yerdə işləmir, sosial yardım və aliment almır, maddi vəziyyəti ağır və acınacaqlıdır. 2000 manat borcu o, inanaraq ev sahibi Şahbalaya vermiş, lakin hazırda pulu almalarına baxmayaraq ona qarşı belə bir iddia qaldırmışlar. İddiaçı evi ona kirayə verməsinə və hər ay kirayə haqqı almasına baxmayaraq aldığı gəlirdən dövlətə vergilərini də ödəməmişdir. Əgər onun mənzildən çıxmağını istəyirsə o zaman verdiyi 2000 manatı qaytarmalıdır. Belə ki, Şahbala həmin pulu ondan alaraq iddiaçıya verəcəyini bildirmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(060)-5341/2021 saylı qətnaməsini ləğv etməklə, İddiaçı ona qarşı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 8/7 mənzil 110-dan çıxarmağı barədə iddia tələbinin rədd edilməsi, onun qarşılıqlı iddia tələbinin təmin olunaraq ondan 2000 manat kirayə haqqı və 30 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin könüllü boşaldılmamasına, qarşılıqlı iddia tələbini təmin etməyərək, pulun verilməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə məhkəmə kollegiyası hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməsini düzgün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən, 8/7 saylı evin, 110-cu mənzil İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mənzil hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və iddiaçı mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Məhkəmə, hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası iclası zamanı müəyyən olunur ki, Cavabdeh tərəfindən tələb edilən 2000 manat pulu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı deyil, Şahbala adlı şəxsə vermişdir. Buna baxmayaraq o, qarşılıqlı iddia ərizəsində həmin pulu İddiaçı tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla da, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 13 avqust 2021-ci il tarixli 2(060)-5341/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar