Məhkəmə qərarları › İş №2(105)-363/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-363/2023

17.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-363/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və onun üzərində tikilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2022ci il tarixli, 2(012)-246/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və onun üzərində tikilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Abşeron Quşçuluq ərazisində yerləşən 0,048 ha sahədən ibarət olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(012)-246/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı adına xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 103.kv.m-lik tikilidən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş tikilinin sökülməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti və mütəxəssis rəyinə görə 311 manat, cəmi 321 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinə görə pulun tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil hazırkı iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsi zamanı Abşeron Rayon Məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozduğunu bildirdi. Belə ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğundan hazırkı işə Abşeron Rayon Məhkəməsində baxıla bilməzdi. Qeyd olunan əsasla Abşeron Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(012)-246/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, mülki işin aidyyatı üzrə baxılması üçün Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi dinləyərək və işdə olan sübutları, işin bütün faktiki hallarına uyğun qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(012)-246/2022 nömrəli qətnaməsi ləğv edilməli, mülki işin aiddiyyatı üzrə baxılması üçün Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd edildiyi kimi iş materiallarından müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınma əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin Abşeron rayonu ərazisində olmasına istinad edərək MPM-nin 39.1-ci maddəsinə əsasən iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etdi ki, dövlət mülkiyətində olan mübahisəli torpaq sahəsinə dair əməli idarəetmə Abşeron rayonuna məxsus olsa da, torpaq Suraxanı rayonunun inzibati ərazisinə aiddir. Belə olan halda mübahisəyə də aidiyyatı üzrə Suraxanı Rayon Məhkəməsində baxılmalı idi. Başqa sözlə, hazırda iddiaçı aidiyyat qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Halbuk, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Yenə həmin Məcəllənin 45.4-cü maddəsinin tələblərinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi əvvəlcədən aidiyyət qaydalarının pozulması ilə işi icraata qəbul etmiş, sonradan da işi başqa məhkəmədə baxılmağa verməmişdir. AR MPM-in 384.0 və 384.0.4-cü maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi prosessual hüquq normalarının tələblərinə uyğun olaraq ərazi aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edilərək mahiyyəti üzrə baxıldığından, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 39, 44, 45, 263- 264, 384.0.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(012)-246/2022 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar