Məhkəmə qərarları › İş №2(105)-3633/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3633/2021

24.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3633/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(012)-3625/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(012)-3625/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh qarşı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1051 nömrə ilə qeyd edilmiş 04 iyul 2020-ci il tarixli nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı və Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(012)-3625/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdirlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1051 nömrə ilə qeyd edilmiş 04 iyul 2020-ci il tarixli nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 04 iyul 2020ci il tarixdə nikah bağlanmışdır, lakin toyları olmamış və cavabdehlə evlənməmişlər, heç bir ərarvad münasibətləri olmamışdır. Cavabdeh onun evinə gəlin köçməmiş, bir gün də olsun ailə kimi bir yerdə yaşamamış və bir-birlərini tam tanımadan nikah bağlamışlar. Sonradan anladılar ki, onların ailə qurmaq niyyəti yoxdur. Onların hərəkətlərindən də aydın görünür ki, nikahdan törəyən hüquq və vəzifələri yerinə yetirməkdən imtina etmişlər, özülərini ailə üzvü kimi aparmamış və bu ailə münasibətlərinə ciddi yanaşmamış və yanaşmaq niyyətində olmamışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətləri eyni məzmundan ibarət olmaqla onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi 25 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 1 saylı Bakı «Asan Xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İİ 399301 №-li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh 04 iyul 2020-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1051 № ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X5 ifadəsinə bildirmişdir ki, Cavabdeh onun doğma bacısıdır. Bacısı ilə iddiaçının ailə qurmaq niyyəti olmuşdur. Lakin sonradan tərəflər arasında mübahisə yaranmışdır. X1 ifadəsində bildirmişdir ki, Cavabdeh onun doğma övladıdır. İddiaçı ilə cavabdeh əvvəldən ailə qurmaq niyyəti ilə rəsmi nikah bağlamışlar. Lakin daha sonra tərəflər arasında bəzi problemlər baş vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 1-ci hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 12.0.1-12.0.4-cü maddələrinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər və ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 13.1, 13.2, 13.3-cü maddələrinə əsasən nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, tərəflər arasında nikah bağlanarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.3-cü maddəsndə nəzərdə tutulmuş şərtlər pozulmamış,eləcədə İddiaçı ilə Cavabdeh ailə qurmq niyyəti ilə rəsmi nikaha daxil olmuş və beləliklə Ailə Məcəlləsinin 25.1-ci maddəsi ilə nikahın etibarsız sayılmasını müəyyən edən hallar aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh arsında 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1051 nömrə ilə qeyd edilmiş 04 iyul 2020-ci il tarixli nikahın etibarsız hesab edilməsinə dair hallar mövcud olmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflər apellyasiya şikayətlərinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(012)-3625/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar