Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-364/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(029)-555/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X6 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(029)-555/2021 saylı qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Ayibova (Ağakişiyeva) Aygün Ruslan qızı və Ayibova (Xaspoladova) Çiçək Ruslan qızına qarşı pul tələbinə dair ilk iddia qismən təmin edilib, Cavabdeh1 7500 (yeddi min) manat məbləğində pul vəsaiti, həmçinin vəkil xidmətindən istifadəyə görə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 8030 (səkkiz min otuz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, X19 İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X10 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(029)-555/2021 saylı qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ayibova (Ağakişiyeva) Aygün Ruslan qızı və Ayibova (Xaspoladova) Çiçək Ruslan qızından Qusar rayonu, Yasab kəndi ərazisində yerləşən 4.18 ha torpağın dəyəri kimi 10450 (on min dörd yüz əlli) manat, məhkəməyə iddia vermək üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və vəkil xidmətindən istifadəyə görə ödənilmiş 500 (beş yüz) manat, cəmi 10980 (on min doqquz yüz səksən) manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ayibova (Ağakişiyeva) Aygün Ruslan qızı və Ayibova (Xaspoladova) Çiçək Ruslan qızı ilə 25 oktyabr 2005-ci il tarixli JN 947 Kod 30126018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onların mülkiyyətində olan, Qusar rayonu Yasab kəndinin ərazisində yerləşən 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7500 (yeddi min beş yüz) manata ona satılması barədə razılığa gəlmişlər. Razılaşma Cavabdeh1 ailə üzvlərinin iştirakı və müsbət rəyi ilə baş tutmuşdur. Razılaşmaya əsasən torpaq sahəsinin qiyməti hissə-hissə, yəni 2 dəfəyə olmaqla 2006-2010-cu illər ərzində Ruslana tam ödənilmişdir. Cavabdeh1 torpağa dair yuxarıda qeyd olunan sənədi, yəni dövlət aktını ona vermiş, doğma qardaşı olduğu üçün, həm də sənədləşməyə əlavə xərc çəkməmək üçün alqısatqını rəsmiləşdirməmişdir. Həmçinin, torpaq sahəsinə dair nə Cavabdeh1, nə də ailə üzvləri ona qarşı hər hansı tələb irəli sürməmişlər. Bu yaxınlarda ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 ona bildirmədən hansısa yolla həmin torpaq sahəsinə dair yeni sənəd, yəni 01 mart 2021-ci il tarixli AA 591826 saylı çıxarış əldə edərək sənəddə adları qeyd olunan ailə üzvlərinin iştirakı ilə torpaq sahəsini 19.03.2021-ci il tarixli, AN-1 ******* saylı alqısatqı müqaviləsinə əsasən Qusar rayon Cibir kənd sakini X1. Bu barədə Qusar RPŞ-nin X26 müraciət etsə də, bununla bağlı araşdırma aparılsa da, məsələnin mülki xarakterli olması səbəbindən ona 16.04.2021-c il tarixli, 151-289E-3221 saylı məktubla mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Bununla belə Cavabdeh1 polis bölməsində izahat verərkən ona və ailə üzvlərinə məxsus torpaq sahəsini satdığını və buna görə ondan müəyyən məbləğdə pul aldığını etiraf etmişdir. Bundan başqa, həm cavabdehlə, həm də onunla eyni dərəcədə qohumluq münasibətində olan X11, X17, X22 və X23 mübahisəli torpaq sahəsinin Cavabdeh1 tərəfindən faktiki olaraq ona satıldığını və buna görə onun tərəfindən Cavabdeh1 cəmi 7500 manat məbləğində pul ödənildiyini təsdiq etmişlər. Beləliklə, Cavabdeh1 torpaq sahəsinin faktiki alqı-satqısına görə ondan aldığı pul vəsaitini üzün müddət özündə saxlamaqla ona maddi zərər vurmuşdur. Belə ki, hazırda o, həm qeyd olunan torpaq sahəsini əldə etmək imkanından məhrum olmuş, həm də razılaşma olan vaxtdan indiyədək Cavabdeh1 verdiyi pul vəsaiti infilyasiyaya uğramış, əldə etməli olduğu torpaq sahəsinin dəyəri isə artmışdır. Qusar RİHB-nın Yasab İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 19.05.2021-ci il tarixli, 172 saylı arayışdan görünür ki, Qusar rayonu Yasab kənd İnzibati Ərazisində hal-hazırda pay torpaq sahələrinin hər hektar sahəsinin bazar satış qiyməti yerindən asılı olaraq 2500-3000 manat arasındadır. O hesabla faktiki olaraq ona məxsus olan, Cavabdeh1 və ailə üzvləri tərəfindən özgəninkiləşdirilən 4.18 ha torpaq sahəsinin hal-hazırda minimum dəyəri 10450 manatdır. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 20000 (iyirmi min) manat məbləğin (əldən çıxmış fayda), həmçinin hazırki iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 09.06.2021-ci il tarixli, **********80 saylı sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, Qusar rayon X9 qərarı ilə təsdiq edilmiş JN-291: KOD-30126018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”-na əsasən ona və ailə üzvlərinə Qusar rayonu Yasab kəndi ərazisindən 5.45 ha torpaq sahəsi verilmişdir. Sonradan onun xəbəri olmadan ona məxsus olan 1.24 ha torpaq sahəsi Qusar Rayon Məhkəməsinin rəsmi mövcud olmayan 12.04.2006-cı il tarixli, 2-149a/2006 saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2 mülkiyyətinə verilmişdir. Bundan sonra, 25 oktyabr 2005-ci il tarixli JN- 947: KOD-30126018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 4.18 ha torpaq sahəsinə dair onun və ailə üzvlərinin mülkiyyət hüquqları tanınmışdır. Bildirir ki, ümumi olaraq pay torpağının olmasını bilməyinə baxmayaraq həmin torpaq sahəsinin ölçüləri barədə heç bir məlumatı olmamış, torpaq sahəsinə aid bütün rəsmi Akt və sənədlər Yasab kənd bələdiyyəsinin sədri işləmiş İddiaçı tərəfindən əldə olunaraq həmin şəxsin özündə saxlanılmış və 2020-ci ilin sonunadək həmin şəxsin tərəfindən əkilib-becərilmişdir. Dəfələrlə torpaq sahəsinin ölçü və yeri barədə soruşsa da, savadsız olduğundan istifadə edərək Yarmət onu aldatmışdır. Yalnız bu barədə məlumatı ünvanlı sosial yardım barədə Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinə müraciət etdikdən sonra əldə etmişdir. Qeyd olunan torpaq sahəsinin satılması və əvəzsiz istifadəyə verilməsinə dair İddiaçı ilə aralarında heç bir şifahi, yazılı razılıq olmamış və bununla əlaqədar ona cavabdeh tərəfindən pul ödənişi edilməmişdir. İddiaçı ona və ailə üzvlərinə məxsus torpağın mülkiyyət sənədlərini özündə saxlamaqla onu şəxsi əmlakından məhrum etmiş, təxminən 20 il ərzində torpaq sahəsindən istifadə etməklə ona ciddi ziyan vurmuşdur. 8 uşağı var və hal hazırda biri əlil olmaqla 6 uşağı onun himayəsindədir. Heç bir yerdə işləmir. 20 il ərzində İddiaçı tərəfindən mülkiyyətinə aid olan torpaq sahəsindən məhrum edilməsi onu olduqca ağır maddi vəziyyətə salmışdır. Torpağa Mülkiyyət Hüuququna dair JN-947: KOD-30126018 nömrəli Dövlət Aktına əsasən ona məxsus 4.18 ha torpaq sahəsində təyinatı üzrə taxıl əksəydi hər hektarda orta məhsuldarlıq üzrə 2.8 ton, ümumi 4 hektar sahədə (2.8x4=11.2) 11.2 ton buğda əldə edə bilərdi. İllik 11.2 ton məhsulu İddiaçı istifadə etdiyi son 5 ilə vurduqda (5x11.2=56) 5 il ərzində 56 ton buğda edir. Buğdanın son illərdəki bir kiloqramının qiymətinin 30-40 qəpik olmasını nəzərə alaraq 56 ton buğdanın dəyəri 19.600 (on doqquz min altı yüz) manat təşkil edir. Bundan əlavə, taxıl becərilməsi ilə bağlı dövlət tərəfindən hər hektara görə vətəndaşlara verilən subsidiya da bura əlavə olunsa (1 hektar 200 (iki yüz) manat, ümumi 4 hektar x 200= 800 (səkkiz yüz) manat) ildə 800 (səkiz yüz) manat son 5 ildə əldən çıxmış faydanın məbləği 20.000 (iyirmi min) manatdan artıq məbləğ təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X10 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi 01 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilk iddia üzrə cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğlu, Ayibova (Ağakişiyeva) Aygün Ruslan qızı və Ayibova (Xaspoladova) Çiçək Ruslan qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işdə olan JN-947: KOD-30126018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 25.06.1998-ci il tarixli 11/10 saylı qərarı və DNK-nun 28.12 2004-cü il tarixli 4ə-9-1187 nömrəli müqaviləsi əsasında Qusar rayonu Yasab kəndində yerləşən 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12 və X13 xüsusi mülkiyyətlərinə verilmişdir. **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 15.03.2021-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Yasab kəndində yerləşən 4.1769 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X13 adlarına qeydiyyata alınmışdır. Qusar Rayon İcra Hakimiyyəti başçısının Yasab kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, 282 saylı arayışdan görünür ki, 2004-2007-ci illərdə Yasab kəndi ərazisində pay torpaqlarının bir hektarının alqı-satqı qiyməti 1500-2500 (min beş yüz-iki min beş yüz) manat civarında olmuşdur. 19 mart 2021-ci il tarixli 4Ə-688 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 Qusar rayonu Yasab kəndi ərazisində yerləşən 4.1769 ha torpaq sahəsini X3 5000 manata satmışlar. Cavabdeh1 Qusar RPŞ-nin X26 verdiyi 15.04.2021-ci il tarixli izahatından görünür ki, o, bir neçə il bundan əvvəl qardaşı Yarmətə demişdir ki, ona pul lazımdır, özünə məxsus torpaq sahəsini satmaq istəyir, əgər o alsa ona satar, əks təqdirdə həmkəndlisi İkrama satacaqdır. O, ailəsinə məxsus 4 hektar torpaq sahəsini Yarmətə satmaq barədə onunla razılaşmış, ondan 300 manat məbləğində pul almışdır. Lakin, Yarmət torpaq pulunu ona az verdiyinə görə torpağı Yarmətin adına keçirilməsinə razı olmamışdır. Torpaq sahəsini Yarmətə satmaq ona sərf etməmiş, ona görə də, torpağı ona verməmişdir. Azərbaycan Respublikasınının Dövlət Statistika Komitəsi Qusar Rayon Statistika İdarəsinin 01 sentyabr 2021-ci il tarixli, 101 saylı məktubundan görünür ki, inflyayisiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2021-ci ilin iyul ayında 2006-cı ilin may ayına nisbətən 257.9 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.6 dəfə artmışdır. 18 may 2021-ci il tarixli ödəniş tapşırığı BPM**********33 qəbzdən görünür ki, İddiaçı hüquqi xidmət qarşılığında Vəkil 500 (beş yüz) manat pul ödəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, o, Qusar rayonu Yasab kəndində yaşayır. İddiaçı və Cavabdeh1 onun dayılarıdırlar. Bir il olar ki, dayısı Ruslanla münasibəti yoxdur. Dayısı Ruslan 4 hektar torpaq sahəsini satmaq istədiyini demiş, Yarmət isə Ruslana “torpaq sahəsini satma, uşaqlarındır” demişdir. Yarmət Ruslana pul verəndə ona və xalası oğlu Səxavətə şahid qismində Ruslanın evində olmağı demiş, 3-4 dəfə onun yanında Yarmət Ruslana pul vermiş, lakin hansı məbləğdə pul verməsini bilməmişdir. O, Yarmətlə qonşuluqda yaşayır, hər gecə onun evində toplaşmışlar. Yarmət Ruslana verdiyi pulu torpağa görə vermişdir. Yarmət pulu əvvəlcə köhnə Azərbaycan manatı ilə vermiş, sonra isə yeni manatla vermişdir. Pul veriləndə Ruslanın həyat yoldaşı orada olmamışdır. X4 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Yasab kəndində yaşayır. İddiaçı və Cavabdeh1 onun dayılarıdır. Dayılarının arasında ən çox münasibəti yaxşı olan Ruslan olmuşdur. Bir dəfə Ruslanın evində olanda, Ruslan ona sənədləri göstərib torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, Ruslana torpağı artıq Yarmətə satdığını demiş, Ruslan cavabında “o nə puldu ki, mənə verdiyi” demişdir. Hər axşam Yarmətin evində toplaşmışdılar. Yarmət Ruslana onun yanında torpağa görə 3-4 dəfə pul vermişdir. Ruslan ona torpağı satmaq istədiyini bildirəndə o, “ayıb olar sənə, pulu alıb xərcləmisən” demiş, Ruslan isə ona “mən bilmirəm siz hansı tərəfdənsiz” demişdir. Ruslan Yarmətdən torpaq sahəsinə görə 7500 manat pul almışdır. Bir dəfə Ruslan ona “Yarmət mənə 1000 manat əvəzinə, 2000 manat pul verib” demişdir. Sonradan həmin torpaq sahəsini Ruslanın başqa adama satdığını eşitmişdir. X8 izahatında göstərmişdir ki, Yarmət və Ruslan onun qardaşlarıdır. O, kənd camaatından eşitmişdir ki, Ruslan özünə məxsus olmuş, çoxdan Yarmətə satdığı pay torpaq sahəsini başqa adama satmaq niyyətindədir. O, da Ruslana yalvararaq torpağı Yarmətə satdığını və pulu aldığına görə başqa adama satmamasını demiş, lakin Ruslan ona qulaq asmamışdır. Ruslan onun evinə gedib-gəlmiş, o özü torpaq sahəsini Yarmətə satıb pulu aldığını demişdir. Yarmət Ruslana pulu bir dəfəyə yox, bir neçə dəfəyə vermiş, lakin pul verəndə o, özü orada olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verdikdə hesab etmişdir ki, 2006-cı ildə İddiaçıla Cavabdeh1 arasında sonuncunun və ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Yasab kəndində yerləşən 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı barədə şifahi razılaşma olmuşdur. İddiaçı torpaq sahəsinə görə Cavabdeh1 hissə-hissə olmaqla 2006-2009-cu illərdə cəmi 7500 manat məbləğində pul vermişdir. Torpaq sahəsinin alqı-satqısına dair şifahi razılaşmanın olması və İddiaçı tərəfindən Cavabdeh1 hissə-hissə 7500 manat məbləğində pulun verilməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunmuş, Cavabdeh1 özü də şifahi alqısatqı faktını və Yarmətin ona 300 manat pul verməsini Qusar RPŞ-nin Həzrə PB-nə verdiyi izahatında etiraf etmişdir. Lakin, sonradan həmin torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməmiş, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiqlənən heç bir müqavilə bağlanmamışdır. Daha sonra isə Cavabdeh1 və ailə üzvləri həmin torpaq sahəsini başqa şəxsə satmışlar. İddiaçı tərəfindən Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməsi və bununla da, Cavabdeh1 maddi ziyan vurması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Qusar rayonu Yasab kəndində yerləşən 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12 və X13 xüsusi mülkiyyətində olmuşdur. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, torpaq islahatı aparıldığı vaxtdan, yəni 2000-ci ildən 2020-ci ilin sonuna kimi mübahisəli torpaq sahəsi İddiaçı tam istifadəsində olmuşdur. İş materiallarında İddiaçı Qusar rayonu Yasab kəndində yerləşən 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınması ilə əlaqədar Cavabdeh1 hissə-hissə bir neçə dəfəyə ümumilikdə 7500 manat məbləğində pul vəsaitinin verilməsini təsdiq edən heç bir yazılı sübut möcud deyildir. Bundan başqa işin faktiki halları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər tərəflərlə yaxin qohumluq münasibətində olub, vermiş olduqları ifadələr konkret faktları və halları özündə əks etdirmir, birtərəfli mövqe və ümumi sözlərdən ibarətdir, inandırıcı olmayıb müdafiə xarakteri daşıyır və əsl həqiqəti əks etdirmədiyi üçün ilk iddia tələbinin təmin olunmasında sübut kimi qəbul etmək mümkün deyildir. Bundan əlavə İddiaçı iddia ərizəsində qeyd etdiyi faktların doğru və həqiqət olduğu halda, aradan uzun müddət keçməsinə baxmayaraq tərəflərin arasındakı şifahi alqı-satqı müqaviləsinin sonradan notarial qaydada rəsmiləşdirməməsini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan Hüquqlarının və X16 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və höquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68.1-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Beləliklə, məhkəmə kollegiyasının iclasında işin araşdırılmış halları ilə İddiaçı Qusar rayonu Yasab kəndində yerləşən 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınması ilə əlaqədar Cavabdeh1 hissə-hissə, ümumilikdə 7500 manat məbləğində pul verməsi öz təsdiqini tapmamış və təkzib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırilmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul etmişdir. İlk iddia üzrə cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin digər dəlillərini sübuta yetirə bilməmiş, həmin dəlillər əsassız olub , başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin ediə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «Cavabdeh1 7500 (yeddi min) manat məbləğində pul vəsaiti, həmçinin vəkil xidmətindən istifadəyə görə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 8030 (səkkiz min otuz) manat məbləğində pul tutularaq İddiaçı verilsin» hissələrində ləğv edilib, ilk iddia tələbi həmin hissəsində təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən iddia əriəzəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X14 özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(029)-555/2021 saylı qətnaməsi qismən – «Cavabdeh1 7500 (yeddi min) manat məbləğində pul vəsaiti, həmçinin vəkil xidmətindən istifadəyə görə ödənilmiş 500 (beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 8030 (səkkiz min otuz) manat məbləğində pul tutularaq İddiaçı verilsin» hissələrində ləğv edilsin və ilk iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə - «İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Ayibova (Ağakişiyeva) Aygün Ruslan qızı və Ayibova (Xaspoladova) Çiçək Ruslan qızına qarşı ilk iddia qalan hissədə təmin edilməsin və X19 İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-364/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-364/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver