Məhkəmə qərarları › İş №2(105)-3642/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3642/2021

21.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3642/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-3220/2020 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 04 aprel 2016-cı il tarixli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-3220/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Cavabdeh MMC tərəfindən apelyasiya şikayəti verilmiş, apellyasiya şikayəti mümkün hesab edlərək apellyasiya icraatına qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29.10.2021-ci il tarixli, 2(105)-3642/2021 saylı qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. İşə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən məhkəməyə daxil olmuş Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(012)-3220/2021 saylı məktubundan göstərilir ki, mülki iş üzrə maraqlarına toxunan şəxs X1 tərəfindən Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-3220/2020 saylı qətnaməsindən apellyasiya şikayəti daxil olduğundan verilmiş şikayətin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin apellyasiya baxışından çıxarılıb Abşeron Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh MMC-nin nümayəndə və vəkili Vəkil1 teleqram vuraraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-3220/2020 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 29.10.2021-ci il tarixli, 2(105)-3642/2021 saylı qərardadı ləğv edilməli və mülki iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-3220/2020 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.10.2021-ci il tarixli, 2(105)-3642/2021 saylı qərardadı ləğv edilməli və mülki iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-3220/2020 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.10.2021-ci il tarixli, 2(105)-3642/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar