Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-365/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(027)-1394/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(027)-1394/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları ilə birlikdə Quba rayonu Xanagah kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı məxsus olan yaşayış evindən çıxarılmaları qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları ilə birlikdə Quba rayonu Xanagah kəndində yerləşən ona məxsus yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, 1984-cü ildə Quba rayonu Xanagah kəndində yerləşən birmərtəbəli yaşayış evini X1 almışdır. 2007-ci ildə həmin evi cavabdehlərin müvəqqəti istifadəsinə vermiş, cavabdehlər bir müddət orada yaşadıqdan sonra Bakı şəhərində özlərinə yer alaraq kənddən köçüb getmişdilər. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra 2018-ci ildə qardaşı Cavabdeh2 bədbəxt hadisə nəticəsində əlil olmuş, bundan sonra hər şeylərini satıb yenidən kəndə qayıdaraq ondan həmin evdə müvəqqəti yaşamağa icazə verməyini xahiş etmişdilər. Qardaşına yazığı gəldiyindən yenidən evi cavabdehlərin müvəqqəti istifadəsinə vermişdir. Ailə münaqişəsinə görə cavabdehlər Quba Rayon Məhkəməsinin qərarı ilə boşanmışlar. Bundan sonra onların arasında dəfələrlə münaqişə yaranmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdehlər evi boşaltmaqdan imtina etmiş və məhkəmə qaydasında boşanmalarına baxmayaraq həmin evdə bir yerdə yaşayırlar. Hazırda cavabdehlərin ucbatından əmlakından istifadə edə bilmir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır, qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbir görməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmənin bu işi tam, hərtərəfli və obyektiv araşdırmaması onunla təsdiq olunur ki, birgə nikah dövründə tikdikləri evə görə məhkəmənin başqa qətnaməsi ilə keçmiş həyat yoldaşı Cavabdeh2 ona 4000 manat pul verməlidir. Lakin bu günə kimi qeyd olunan qətnamə icra edilməmişdir. Ona görə də mübahisəli evdə yaşayır. Həmin məbləğ ona ödənilsə, özünə şərait yarada bilər. Məhkəmə işi hərtərəfli araşdırmadan qətnamə qəbul edərək, onu və 2 övladını çölə atmışdır. Həmçinin onunla keçmiş həyat yoldaşı Binyami İbrahimov İddiaçı aid torpaqda ev tikmişlər və həmin evə görə ona 4000 manat pul ödənilməlidir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ona münasibətdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu Xanagah kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 55,30 kv.metr olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, İbrahimov Heybət Vaqif oğlunun, X8, X9 və İbrahimova Nazlı Muğdat qızının adlarına 23.07.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 09 avqust 1984-cü il tarixli aktın surətindən görünür ki, X3 məxsus Quba rayonu Xanagah kəndində yerləşən evi 13 mart 1984-cü il tarixli, 195 saylı müqavilə ilə İddiaçı tərəfindən alınmış, 0,16 ha həyətyanı torpaq sahəsi Lenin adına meyvəçilik sovxozunun 09 avqust 1984-cü il tarixli, 50 nömrəli əmrinə əsasən Rustov kənd sakini X2 hesabından silinib, həmin kəndin sakini İddiaçı hesabına keçirilmişdir. İş materiallarında olan 13 mart 1984-cü il tarixli satın alma müqaviləsinin surətindən görünür ki, Quba rayonu Rustov sovetliyinin Xanagah kənd sakini X6 özünə məxsus 1955ci ildə 0.16 ha torpaq sahəsi üzərində tikilmiş yaşayış evini həmin kəndin sakini İddiaçı satıb və satın alma müqaviləsi Quba rayonu Rustov kənd XDS İK-də təsdiq edilmişdir. İş materiallarında olan JN-063A saylı, kodu 30321078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayonu AİK-nın 14 saylı, 01 noyabr 1997-ci il tarixli qərarı ilə İddiaçı, İbrahimov Heybət Vaqif oğlunun, X8, X9 və X4 mülkiyyətlərinə Quba rayonu Xanagah kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(027)-495/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul tələbinə dair iddiası qismən təmin edilmiş, Quba rayonu Xanagah kəndində inşa edilmiş özbaşına tikili olan fərdi yaşayış evinin tərəflər arasında birgə nikah dövründə tikildiyi nəzərə alınaraq həmin tikilinin bazar dəyərinin 8000 manat müəyyən edilməsi, həmin əmlakın bazar dəyəri olan 8000 manatın ½ hissəsinin Cavabdeh2 alınaraq iddiaçı Cavabdeh1 verilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********87-10301 reyestr nömrəsi ilə 07.06.2019-cu il tarixdə ümumi birgə mükiyyət hüququ əsasında qeydiyyata alınmış Quba rayonu Xanagah kəndində yerləşən 145,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin Cavabdeh2 məxsus olan 1/7 hissəsinin 1/14 hissəsinə iddiaçı Cavabdeh1 payının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İddia ərizəsindən, işdə iştirak edən şəxslərin izahatlarından və işin mübahisə edilməyən hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus evdə 2018-ci ildən yaşayır. Cavabdeh1 iddiaçının ailə üzvü hesab edilən şəxslər kateqoriyasına aid deyildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu, Xanagah kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 55,30 kv.metr olan fərdi yaşayış evi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçının həmin daşınmaz əmlaklara mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından birinci instansiya məhkəməsinin iş üzrə iddia tələbinin Cavabdeh1 evdən çıxarılması hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Quba Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(027)-495/2021 saylı qətnaməsi ilə Cavabdeh1 1/14 hissədə payının müəyyən edildiyi fərdi yaşayış evi hazırki mübahisəli ev deyil, Cavabdeh2 1/7 hissədə payı olan Quba rayonu Xanagah kəndində yerləşən başqa fərdi yaşayış evidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(027)-1394/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-365/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-365/2022
27.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver