Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-367/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3268/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə X4 xx.xx.2015-ci il tarixdə nikaha girmişlər və bu nikah Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən 349 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir.
2. RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsindəki 0,00252 ha torpaq sahəsində yerləşən 182 saylı fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdən Cavabdeh2 adına qeydə alınmışdır.
3. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-92/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasındakı nikahın pozulması, birgə nikahdan doğulmuş iki uşağın ananın himayəsində qalması və cavabdehdən bu uşaqların saxlanılması üçün hər ay cəmi 380 manat məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
4. Abşeron RİHB-nın Aşağı Güzdək qəsəbəsi İƏD üzrə İcra Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı əri və iki uşağı ilə birlikdə Aşağı Güzdək qəsəbəsində qeydiyyatsız yaşayır.
5. DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçmiş Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna dair 32336 reyestr nömrəli qeydiyyat vəsiqəsi (Abşeron rayonu XDS İK-nin xx.xx.1988-ci il tarixli, 08/08 nömrəli qəran əsasında) 2004-cü ildə verilmişdir. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı tarixli, 4Ə-1126 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh2 adına özgəninkiləşdirilmiş, həmin fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia qaldıraraq, onun uşaqları xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X5 ünvan 1 ünvanına köçürülmələri, həmçinin mediasiya və məhkəməyə müraciət üçün ödədiyi dövlət rüsumunun - 110 manat məbləğində pulun, hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin nikahı xx.xx.2015-ci il tarixdə rəsmi qaydada qeydiyyata alınmışdır. Bu nikahdan xx.xx.2014-cü il tarixdə X10, xx.xx.2015-ci il tarixdə isə X11 adlı iki uşaq doğulmuşdur. Hazırkı iş üzrə Cavabdeh1 ona qarşı nikahın pozulması tələbi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(074)-92/2024 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, hər iki uşağın ananın himayəsində qalması və cavabdehdən ümumilikdə 380 manat məbləğdə alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Onlar ailə quranda Cavabdeh1 ünvan 2 ünvanında fərdi yaşayış evi olmuşdur. Ailə qurduqları gündən indiyədək həmin evdə yaşayırlar. Hər iki uşaq doğulandan bəri həmin evdə qeydiyyatda olmaqla yaşayır. Uşaqlar həmin ərazi üzrə poliklinikada qeydiyytaındadır və həmin ərazi üzrə məktəbdə oxuyurlar. 2004-cü ildən həmin ev Cavabdeh1 öz mülkiyyətində olmuş, sonradan nikah dövründə, yəni xx.xx.2016-cı il tarixdə birinci nikahdan olan qızı-hazırkı iş üzrə digər Cavabdeh2 rəsmi qaydada bağışlanmışdır. Cavabdeh1 öz qohumlarının təsiri ilə, heç bir səbəb olmadan ondan və uşaqlardan üz döndərmişdir. Bunun nəticəsində ondan boşanıb uşaqları ilə onu bu evdən çölə atmaq fikrinə düşmüşdür. O, Cavabdeh1 ilə ailə qurandan sonra 1 il onun yataq xəstəsi arvadına (əvvəlki nikahda olan) baxıb hər cür qulluğunda durmuşdur. Cavabdeh özü yataq xəstəsi olduğu zamanlarda onun özünə qulluq edib sağaltmışdır. Sonradan cavabdeh bəhanə gətirmişdir ki, guya ona yaxşı baxmamışdır, buna görə də boşanır. Cavabdeh uzun zamandır ki, onlara baxmır, ancaq özü üçün ərzaq və digər lazım olan şeyləri alır. Hətta aldığı meyvə-tərəvəzi sayıb saxlayır ki, birdən onları götürsələr bilsin. Həmin evdə birgə nikahda olan və birgə təsərrüfat aparılan dövrdə əsaslı təmir işləri görülmüşdür. Cavabdeh1 onun saxladığı toyuq-cücəni, mal-heyvanı sataraq o evi təmir etdirmişdir. Hətta qadın olmağıma baxmayaraq tikinti-təmir işlərində ustalara, fəhlələrə belə kömək edirdi ki, çox xərc çıxmasın. Bu evdən başqa yaşayış yeri yoxdur. Digər Cavabdeh2 cavabdeh R.Cəfəovun birinci evliliyindən olan qızıdır. O, vaxtilə öz xəstə anasına belə qulluq etmirdi, bəhanələr gətirərək anasına baxmaqdan imtina edirdi. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3268/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Məlahət Abbasova).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.1, 157.8, 158.1.2, 158.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3268/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan hakim mülki iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılmasını təmin etməmişdir, onun tələbini əsaslandırdığı dəlillərin qanunvericiliyin tələblərinə uyğun olmasını yoxlamamış, obyektiv həqiqəti özündə əks etdirən dəlillərinə istinad etməməklə iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. İşə baxan hakim mübahisəli evin mülkiyyətçisinin dəyişməsi, mübahisəli evin mülkiyyətçisinin dəyişdirilməsindən əvvəl həmin evdə yaşamaları faktını aydınlaşdırmamışdır. İşə baxan hakim tərəfindən gəldiyi nəticəni təsdiq edən sübutlar ziddiyyətlidir, tərəflər arasında mövcud olmuş faktlar nəzərə alınmamışdır. Mübahisəli evə istifadə hüquqlarının olması və bağışlama müqaviləsi bağlanılarkən onların həmin mənzilə istifadə hüquqlarının itirilməsi barədə hər hansı qeydin olmaması, 8 il müddətində mübahisəli mənzildə yaşamaları barədə iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. İşə baxan hakim mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir, qanunvericiliyin tələblərinə uyğun mübahisəli evdən istifadə hüququ əldə etmələri iddianın qanuni olduğunu sübut edir, işə baxan hakimin mübahisə üzrə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qızı Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsindəki 182 saylı fərdi yaşayış evinin bağışlanması müqaviləsi qüvvədədir, həmin müqavilə mübahisələndirilməmişdir, iddiaçının mübahisəli evə istifadə hüququnun yaranması üçün heç bir hüquqi əsas mövcud deyildir. Onun və onunla birlikdə yaşayan azyaşlı uşaqlarının mübahisəli Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsindəki 182 saylı evə istifadə hüququmuz vardır, həmin hüquq da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Mübahisəli evə mülkiyyət hüququnun Cavabdeh2 keçməsi onların həmin evə olan istifadə hüquqlarının xitamına səbəb olmur. Mübahisəli evə istifadə hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mübahisəli evə istifadə hüququ bağışlamanın müstəqil predmeti ola bilməz. Onlar, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin evə olan hüquqlarının pozulmasını aradan qaldırmasını tələb edə bilərlər. O, Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsindəki 182 saylı evə dair bağışlama müqaviləsi bağlanarkən notariat qaydasında təsdiqlənmiş imtina öhdəliyi götürməmişdir, ona görə də mübahisəli evə mülkiyyət hüququnun Cavabdeh2 keçməsi onların həmin evdən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsindəki 182 saylı evə dair bağışlama müqaviləsi onlara ziyan vurmaq niyyəti güddüyü üçün hüquqdan sui-istifadə sayılmalıdır, onların hərəkətlərinin zəruriliyi əsaslı deyildir və onların mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Onun Cavabdeh1 məxsus olmuş Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsindəki 182 saylı evə mülkiyyətçinin ailə üzvü kimi istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranmışdır. Onun Cavabdeh1 keçmiş ailə üzvü kimi ona məxsus olmuş evdən istifadə etmək ehtiyacı vardır, hər iki cavabdeh onun uşaqları ilə birlikdə həmin yaşayış sahəsindən istifadələrini mümkünsüz etmişlər, ona görə də onların istifadə hüquqlarına yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Onun və uşaqlarının mübahisəli evdən istifadə hüququ vardır və Cavabdeh1la nikahları pozulduqdan sonra da saxlanılır. Onun və onunla birlikdə yaşayan azyaşlı uşaqlarının mübahisəli evdən cavabdehlərlə bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranmışdır və onun uşaqları ilə birlikdə başqa yaşayış yerləri yoxdur. Ona görə də yaşayış sahəsinə olan ehtiyaclarını bu evdən istifadə etməklə qarşılamaq məcburiyyətindədirlər.
13. Onun cavabdehlərdən onun və uşaqlarının saxlanılmalarını tələb etmək hüququ vardır. Mülkiyyətçilərə məxsus yaşayış sahəsindən mülkiyyətçilərin ailə üzvlərinin istifadə etməsinə əsas verən hüquqlarının yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
14. O, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsindəki 182 saylı evə həmin evin mülkiyyətçisi olmuş Cavabdeh1 razılığı ilə köçmüş və qeydiyyata alınmışdır və uzun müddət ailə üzvləri kimi həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşamışdır. Cavabdeh1 razılığı ilə onun ailə üzvü kimi mübahisəli evə köçürüldüyü üçün həmin evə istifadə hüququ əldə etmişdir. Hər iki uşaqları həmin evdə doğulmuşdur. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağışlama müqaviləsi bağlanarkən istifadə hüquqlarına xitam verilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizə verməmişlər. Cavabdeh2 həmin ev bağışlanarkən onların həmin evə əvvəlki mülkiyyətçinin razılığı ilə köçdüklərini və həmin evdə qeydiyyatda olmaqla yaşadıqlarını bilirdi, bağışlama müqaviləsi bağlanarkən Cavabdeh2 müqavilədə onların evdən qeydiyyatdan çıxmalarını tələb etməmişdir. Müqavilədə onların mübahisəli evdən qeydiyyatdan çıxmaları və evi boşaltmaqları barədə hər hansı qeyd yoxdur.
15. Cavabdeh1 ilə Cavabdeh2 bağışlama müqaviləsini, müqavilələr azadlığı prinsipinə əməl edərək müqavilə şərtlərini sərbəst qoymaqla öz hüquq və vəzifələrini müəyyənləşdirmişlər. Onlar arasındakı mülki hüquqlar və vəzifələr həmin müqavilə əsasında əmələ gəlmişdir. Hədiyyə verən Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirərək mübahisəli evi hədiyyə alan qızı Cavabdeh2 mülkiyyətinə keçirmişdir. Cavabdeh2 həmin evdə yaşamır. Ev Cavabdeh2 faktiki sahibliyinə keçmişdir. Onun və uşaqlarının Cavabdeh2 qarşısında hər hansı müqavilə öhdəliyi yoxdur, aralarında bağışlama müqaviləsi qüvvəyə mindikdən sonra evi boşaldacaqları barədə müqavilə bağlanmamışdır. Mübahisəli evdə qeydiyyatda olmaqla yaşadıqlarını bildiyi halda, bağışlama müqaviləsi bağlanarkən Cavabdeh2 müqavilədə onların evdən qeydiyyatdan çıxmalarını tələb etməmişdir. 2015-ci il tarixindən bu günədək mübahisəli evdə yaşamış və istifadə etmişlər, 8 ilə yaxın müddətdə evdə böyük təmir işləri aparmışlar. Mübahisəli ev heç vaxt Cavabdeh2 istifadəsində olmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər.
19. Cavabdeh2 isə məhkəməyə teleqram ünvanlayaraq iddiaya etiraz edərək təmin edilməməsini xahiş etmiş və məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
21. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi
22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
23. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
24. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya şikayətindən görünür ki, iddiaçı X1 Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-3268/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.
35. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. İşin hallarına görə Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi 2004-cü ildə verilmişdir.
38. Cavabdeh1 ilə İddiaçı arasında nikah xx.xx.2015-ci il tarixdə bağlanmış, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-92/2024 nömrəli qətnaməsinə əsasən, onların arasındakı nikah pozulmuşdur.
39. İşdən həmçinin o da görünür ki, mübahisəli yaşayış sahəsi cavabdehlər arasında imzalanmış xx.xx.2016-cı tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə verilmişdir və hazırda da onun mülkiyyətindədir.
40. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
41. İddiaçı hal-hazırda cavabdehlərin ailə üzvü deyil və beləlilkə də mübahisəli evdən istifadə hüququnun yaranması üçün heç bir hüquqi əsas mövcud deyildir. İddiaçı sözügedən evdə qeydiyyatda olmasını, bağışlama müqaviləsində onun və uşaqlarının evdən çıxarılmasına dair hər hansı qeydin olmadığını göstərmişdir. Məhkəmə kollegiyası dəlillərlə razılaşmayaraq bildirir ki, şəxsin yaşadığı ünvanda qeydiyyatda olması həmin mənzildən istifadə hüququnun yaranması əsası kimi çıxış etmir.
42. Digər tərəfdən işdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan xx.xx.2015ci il tarixdə bağlanmış nikahlarına artıq 2024-cü ildə məhkəmə qaydasında xitam verilmişdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına əsasən, “mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir... Yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.”
44. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
45. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
46. Şərh olunan işin hallarına və yuxarıda qeyd edilən hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2009-cu il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır.
47. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən evdən istifadə hüququ olmadığından, birinci instansiya məhkəməsi iddiaçının evə köçürülməsinə dair iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
48. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas kimi çıxış edə bilməz.
49. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3268/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3268/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.