Məhkəmə qərarları › İş №2(105)-3687/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3687/2021

21.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3687/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılma barədə ilk iddiasına, Cavabdeh İddiaçı qarşı yaşayış evindən istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-520/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qusar Rayon Məhkəməsinin 2(029)-520/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh Qusar rayonunun Urva kəndində yerləşən, 28 aprel 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılması və qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. (hakim A.Vəliyev) Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-520/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh **********70-10301 reyestr nömrəli, 28.04.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus Qusar rayonu, Urva kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, Qusar rayonunun Urva kəndində yeləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla **********70-10301 reyestr nömrəli, 28.04.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh onun keçmiş gəlinidir. Belə ki, həmin şəxs 11 iyul 2013-cü il tarixdə oğlu X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Qusar Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən onların aralarındakı nikah pozulmuşdur. Cavabdeh onun oğlu ilə ailə həyatı qurduqdan sonra, gəlin kimi onların yaşadıqları evə köçmüş, bir müddət keçdikdən sonra isə oğlu Rasimlə Cavabdeh onlardan ayrı, başqa bir evdə yaşamaq istəmişlər və özləri üçün ev əldə edənədək müvəqqəti olaraq onun başqa bir oğlu üçün özünün torpaq sahəsində həyat yoldaşı ilə birlikdə inşa etdiyi və onun mülkiyyətində olan evə köçərək orada yaşamağa başlamışlar. Cavabdeh onun oğlundan ayrılandan sonra, oğlu özünün əvvəl yaşadığı evə, yəni onların yanına qayıtmış, Cavabdeh isə ona məxsus həmin evdən çıxmayaraq orada yaşamaqda davam etmişdir. Dəfələrlə həmin şəxsdən bu evdən çıxmasını tələb etsə də, cavabdeh həmin evdən çıxmayacağını bildirmişdir. Göründüyü kimi, Cavabdeh yuxarıda göstərilən fərdi yaşayış evinə dair onun qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozur və həmin əmlakdan sərbəst şəkildə istifadə və sahiblik etməyinə mane olur. Bu səbəbdən də, pozulmuş hüquqlarının məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və əsaslı iddiası təmin olunmalıdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun İddiaçı adına qeydə alınmış və valideynlərinin maddi köməkliyi ilə tikilmiş, hazırda azyaşlı oğlu X15 ilə birlikdə yaşadığı fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O isə tələbini bununla əsaslandırmışdır ki, İddiaçı oğlu Rasimlə 2013-cü ildə rəsmi nikaha girmişdir. Həmin nikahdan 10 aprel 2014-cü il təvəllüdlü Yusif adlı uşağı doğulmuşdur. Ailə həyatı qurduqdan sonra, bir müddət Rasim Vəlibəyovun valideynlərinə məxsus olmaqla Qusar rayonunun Urva kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonradan Rasimin valideynləri ilə bir yerdə yaşamaqları çətinlik yaratdığına görə ümumi razılıqları əsasında, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına olan və Qusar rayonu, Urva kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində onun valideynlərinin maddi və fiziki köməyi ilə 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini tikmiş, 2019-cu ildən başlayaraq həmin evdə azyaşlı uşağı ilə birlikdə yaşamağa başlamışlar. İddiaçı adına olan torpaq sahəsində yaşayış evinin tikintisi qarşılıqlı razılıq əsasında valideynlərinin, ələlxüsus atası Seymur Vəlibəyovun zəhməti və maddi köməkliyi sahəsində aparılmışdır. Evin tikintisi üçün vəsait olmadığına görə ona məxsus pay torpağını satmaqla əldə olunan pulla qeyd olunan evin tikintisini başa çatdırmışlar. Sonradan ailə münasibətləri pozulmuş və Rasim Vəlibəyov aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Qusar Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, azyaşlı Yusif onun himayəsində saxlanılmışdır. Bundan başqa, qarşılıqlı iddiası təmin edilməklə Rasim Vəlibəyovdan azyaşlı Yusifin yetkinlik yaşına çata kimi saxlanılması üçün hər ay 120 manat aliment alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Həmin vaxtdan da Rasim Vəlibəyov valideynlərinə məxsus evə qayıdaraq orada yaşamağa başlamış, o, isə azyaşlı oğlu Yusiflə birlikdə birgə nikah dövründə inşa etdikləri bir mərtəbəli evdə yaşayır, çünki başqa yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, onun himayəsində azyaşlı uşağı vardır və yaşamağa başqa yerləri yoxdur. Bundan başqa, mübahisəli yaşayış evi onun valideynlərinin vəsaiti hesabına inşa edilmişdir. Bu ev hər iki tərəfin qarşılıqlı razılaşmasına əsasən tikilmişdir və evin smetasının 90 faizi onun atası tərəfindən ödənilmişdir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalı, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı şikayətlə razılaşmadı və onun əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan **********70-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 28 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində payı tam olmaqla Qusar rayonu, Urva kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 99.9 kv.metr sahəsi olan fərdi yaşayış evi vardır. Yenə iş materiallarında olan Qusar Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(029)-315/2021 saylı qətnaməsinin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Urva kənd İƏD-də 11 iyul 2013-cü il tarixli, 14 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş 10 aprel 2014-cü il təvəllüdlü X15 anası Cavabdeh himayəsində saxlanılmış və həmin uşağın yaşayış yeri kimi Cavabdeh yaşayış yeri müəyyən edilmiş, X4 Cavabdeh xeyrinə 10 aprel 2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 120 manat məbləğində aliment tutulmuşdur. İşə əlavə edilmiş Qusar rayon İHB-nın Urva kənd inziubati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.06.2021-ci il tarixli, 439 saylı arayışdan görünür ki, Qusar rayonu, Urva kənd sakini Cavabdeh 2013-cü il tarixdən X9 ilə ailə həyatı qurduqdan sonra, X5 Urva kəndində yerləşən evinə gəlin köçmüş və orada 2019-cu ilə kimi yaşamışdır. 01 iyul 2019-cu il tarixdə o, həyat yoldaşı və bir övladı ilə birlikdə, İddiaçı mülkiyyətində olan və Urva kəndində yerləşən yaşayış evinə köçmüşdür. Mülki işin materiallarında olan Qusar rayon İHB-nın Urva kənd inzbati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli, 420 saylı arayışdan görünür ki, Qusar rayonunun Urva kənd sakini İddiaçı mülkiyyətində Urva kəndində 0,10 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 99.9 kvadratmetr, yaşayış sahəsi 81.9 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi mövcuddur. İşdə olan Qusar rayonu Urva kənd sakinləri X22, X3, X1, X7, X23, X17 və X18 tərəfindən tərtib edilmiş və Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 20 avqust 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh 2013-cü ildən 2019-cu ilə kimi X9 ilə birlikdə sonuncunun valideynlərinə məxsus evdə yaşamış, 2018-ci ilin yayında Rasim Vəlibəyovun anası İddiaçı adına olan həyətyanı torpaq sahəsində hər iki tərəfin valideynlərinin köməkliyi ilə iki mərtəbəli fərdi yaşayış evi tikilmiş və həmin vaxtdan da o, evdə yaşamışlar. Həmin evin bünövrəsindən başlayaraq birinci mərtəbəsi Cavabdeh atası Seymur Əhmədov tərəfindən öz qohumqardaşlarının köməkliyi ilə tikilmiş, mişardaşı Rasim Vəlibəyovun atası Şirinbala Vəlibəyov tərəfindən alınsa da, sementin alınması və birinci mərtəbənin tikintisi Seymur Əhmədov tərəfindən öz qohumlarının köməyi ilə, qarşı tərəfin heç bir köməkliyi olmadan aparılmışdır. Evin 2-ci mərtəbəsi Rasim Vəlibəyovun valideynlərinin vəsaiti hesabına tikilsə də, tikilməsində Seymur Əhmədovun da iştirakı olmuşdur. Evin damının örtülməsi üçün metal kirəmiti Seymur Əhmədov Bakı şəhərindən öz vəsaiti hesabına alıb gətirmiş, 4 kub.metr taxta materialını da Qusar rayonu Piral kəndində yerləşən tikinti materialları mağazasından almış, damın örtülməsini, evin divarlarının suvaqlanması işlərini də Seymur Əhmədov görmüşdür. Evin işıqlandırılmasının və qazlaşdırılması işlərinin görülməsi ilə əlaqədar bütün xərcləri isə Cavabdeh işləməklə ödəmişdir. Bundan başqa, Cavabdeh öz qızıl-zinət əşyalarını sataraq təxminən 3000 (üç min) manat məbləğində pulu həmin evin tikintisinə xərcləmişdir. İşə əlavə edilmiş Qusar rayonu Urva kənd sakinləri X10 6 nəfər digər şəxs tərəfindən tərtib edilmiş və Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 01.12.2021-ci il tarixli aktdan isə görünür ki, İddiaçı mülkiyyətində olan və Urva kəndində yerləşən yaşayış evi onun əri X2 vəsaiti hesabına tikilib. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 2(029)-520/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı oğlu Rasim Vəlibəyov 11 iyul 2013-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və həmin vaxt Cavabdeh Rasim Vəlibəyovun valideynləri ilə birlikdə yaşadığı, sonuncunun atası Şirinbala Vəlibəyovun adına olan Qusar rayonu, Urva kəndində yerləşən evə gəlin köçmüşdür. Cavabdeh Rasim Vəlibəyov ilə 2019-cu ilədək həmin evdə yaşamış və həmin ildə onlar İddiaçı Qusar rayonunun Urva kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş və xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, sahəsi 99.9 kv.metr təşkil edən fərdi yaşayış evinə köçmüşlər. Sonradan Cavabdeh ilə Rasim Vəlibəyovun ailə münasibətləri pozulduğuna görə ayrılmışlar və Qusar Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(029)-315/2021 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Bundan sonra, Rasim Vəlibəyov anası İddiaçı məxsus fərdi yaşayış evini tərk edərək özünün əvvəllər yaşadığı, atasının adına olan evə qayıtmış, lakin Cavabdeh isə həmin evi tərk etməyərək orada yaşamaqda davam etmişdir. Hazırda əmlakın mülkiyyətçisi onun boşaldılmasını, Cavabdeh isə bu əmlakdan istifadə hüququnun tanınmasını tələb edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, tərəflər arasında ilkin hüquq münasibətləri 11 iyul 2013-cü ildən, hazırki evlə bağlı hüquq münasibətləri isə 2019-cu ildən (ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli evə köçdüyü vaxtdan) yaranmışdır. Başqa sözlə, hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.12.2014 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İşin tədqiq olunan hallarından görünür ki, daha öncə şərh olunanlara əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının istifadə hüququnun müəyyən edilməsini tələb etdiyi evin mülkiyyətçisinin ailə üzvü hesab olunmur. Belə ki, iddiaçı Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyildir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh istifadə hüququ tələb etdiyi İddiaçı məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşdıqda onun hazırki fərdi yaşayış evi ilə bağlı İddiaçı qarşı iddia qaldırmaq üçün subyektiv hüququnun olması istisna olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə həll edilmiş olsaydı belə iddia təmin oluna bilməzdi. Belə k, həmin maddəyə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan yaşayış evindən istifadə hüququ yaranmamışdır, o, həmin yaşayış evindən tələb etdiyi qaydada istifadə edə bilməz. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yenə həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə də birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçının dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, həqiqətən də, Cavabdeh tərəfindən İddiaçı mübahisəli evə dair mülkiyyət hüququna əsassız müdaxilə baş vermişdir, buna görə də, həmin müdaxilə aradan qaldırılmalı, mülkiyyətçi İddiaçı mülkiyyət hüququ müdafiə olunmaqla Cavabdeh həmin evdən çıxarılmalıdır. Məhkəmə kollegiyası, Cavabdeh mübahisəli evin onun və atasının vəsaiti hesabına tikilməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, bu dəlillər hazırkı formada onun iddiasının təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla, tikinti xərclərinin onlar tərəfindən çəkilməsi sübut olunmalıdır. İşdə bu barədə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut yoxdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş aktı onun iddiasının təsdiq edilməsi üçün yetərli hesab etmək olmaz. Belə ki, yuxarıda qeyd edildiyi kimi anoji akt məhkəməyə İddiaçı tərəfindən də təqdim edilmişdir. Bundan əlavə, işdən göründüyü kimi mübahisəli ev bütün hallarda İddiaçı mülkiyyətindədir. Bu hal mübahisələndirilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev İlhanə Vəlibəyovun mülkiyyətindədir. Daha öncə qeyd olunduğu kimi mülkiyyətçi olaraq hazırki halda Cavabdeh hərəkətləri İddiaçı mülkiyyətinə müdaxilə kimi qiymətləndirilməlidir və o həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə ilk iddia üzrə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 2(029)-520/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası izah edir ki, hazırki mübahisə üzrə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi Cavabdeh mübahisəli yaşayış evinin inşasına onlar tərəfindən vəsaitin sərf edilməsi sübut edildiyi təqdirdə, evin mülkiyyətçisinə qarşı pul tələbi barədə iddia qaldırmaq hüququnu istisna etmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün apellyant tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 2(029)-520/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ilk iddia üzrə Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar