Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-37/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X11 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və dirəklərin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)- 3380/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) İddiaçı cavabdeh X5 qarşı cavabdehin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan Dəmiryolu massivində yerləşən, 1 otaqlı, yaşayış sahəsi 20,35 kv.m olan, 483 saylı bağ torpaq sahəsindən çıxarılması və orada inşa edilmiş dəmir dirəklərin cavabdehin vəsaiti hesabına sökülməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan Dəmiryolu massivində yerləşən, 1 otaqlı, yaşayış sahəsi 20,35 kv.m olan, 483 saylı bağ torpaq sahəsindən çıxarılması və orada inşa edilmiş dəmir dirəklərin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Şirvan” Dəmir yolu massivi ünvanında yerləşən 483 saylı bağ evi və orada inşa edilmiş ümumi sahəsi 20,35 kv.m olan 1 otaqlı mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoru tərəfindən xx.xx.2003-cü ildə təsdiq edilmiş alqı-satqı müqaviləsi təsdiq edir. İddiaçı 483 saylı bağ sahəsini cavabdehdən 1700 ABŞ dollarına 2003-cü ildə alıb. Bağ torpaq sahəsinə görə onun adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin vaxtdan 483 saylı bağ torpaq sahəsində ev tikmiş, ağaclar əkərək bağ salmış, həyətə qulluq edərək oranı abadlaşdırmışdır. Artıq 18 ildir ki, iddiaçı həmin sahədə yaşayır və ona qarşı sözügedən bağ torpaq sahəsinə görə iddia tələbi sürülməmişdir. Bu ilin may ayının 4-də cavabdehin özü, oğlu, arvadı və baldızı iddiaçının bağına hücum çəkərək onu təhqir etmiş və ölümlə hədələyərək bağ torpaq sahəsini boşaltmağı tələb etmişlər. Cavabdehin oğlu ona bağ torpaq sahəsini boşaltmasa onu evlə birlikdə yandıracağını bildirib. İddiaçı cavabdehə və onun ailə üzvlərinə bildirib ki, 483 saylı bağ torpaq sahəsini 2003-cü ildə pul verib Bəybala Yusufovdan alıb. Lakin, onlar heç bir əsas olmadan torpaq sahəsində dəmir turbalar basdıraraq həmin ərazinin onlara aid olduğunu bildiriblər. İddiaçı cavabdehdən həmin torpaq sahəsini alqı-satqı yolu ilə alıb, orada ev tikib yaşayır və bağ torpaq sahəsi onun mülkiyyətindədir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Prokurorluğuna və Sumqayıt şəhər Polis İdarəsinin 2 saylı Polis Bölməsinə ərizə ilə müraciət edib. Müraciətinə cavab olaraq bildirilmişdir ki, mübahisə mülki xarakterlidir və ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamədə Cavabdeh bağdan istifadəsinə müdaxiləsi araşdırılmamışdır. Məhkəmə mübahisəni mahiyyəti üzrə araşdırmamış, qərəzli qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı müdaxilə edilməməsi ilə əsaslandırmış, lakin mübahisənin qanuni əsasını qətnamədə qeyd etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X12rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X9 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X2rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2003-cü ildə alqı-satqı müqaviləsinin bağlanması, iddiaçının 483 saylı bağ sahəsini cavabdehdən 1700 ABŞ dollarına alması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma və dirəklərin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətində 0,039 ha torpaq sahəsinin olduğu işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir Qeyd olunmalıdır ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli 10/425 №li ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 13 fevral 2023-cü il tarixli 3-21-3- 31/2-487/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, qeyd olunan torpaq sahəsinin bir tərəfinin mişar daşı, digər tərəflərinin isə şərti sərhədlə əhatə olunduğu, bu səbəbdən torpaq sahəsinin kimin istifadəsində olduğunu müəyyən etməyin mümkün olmadığı, torpaq sahəsinin DTİ və MHQİ tərəfindən xx.xx.2003-cü ildə tərtib edilmiş texniki pasportda qeyd olunmuş ölçülərə uyğun olaraq 0.06 ha təşkil etdiyi, DTİ və MHQİ tərəfindən xx.xx.2003-cü ildə tərtib edilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsinin ölçüləri daxilində ümumi sahəsi 0.0308 ha olan bir tərəfdən mişar daşı və şərti sərhədlə hüdudlanmış torpaq sahəsinin mövcud olduğu, DTİ və MHQİ tərəfindən xx.xx.2003-cü ildə tərtib edilmiş texniki pasportda qeyd olunmuş bir otaqlı,yaşayış sahəsi 20.35 kv.m olan yaşayış evinin faktiki vəziyyətdə tamamilə söküldüyü müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar iş materialları ilə təkzib olunduğundan, eləcə də iddiaçının öz əmlakından istifadəsinə maneə və ona məxsus torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olmadığından, iddia tələbləri təmin edilə bilməz. Digər tərəfdən məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsində iş üzrə üçüncü şəxs Elmira Nəzərova və onun həyat yoldaşı tərəfindən dirəklərin basdırıldığı və onun istifadəsində olduğunu vurğulamış və bu hal cavabdehin iddia tələbinə etirazında da öz təsdiqini tapmışdır. Belə olan halda iddia tələbi məhz həmin şəxsə qarşı müstəqil qaydada müraciət etməsini istisna etmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və dirəklərin sökülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-37/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-37/2023
31.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver