Məhkəmə qərarları › İş №2(105)-37/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-37/2024

17.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-37/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Fərhad qızına və X7 qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(012)-65/2022 nömrəli qətnaməsindən Cavabdeh1 Fərhad qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cavabdeh2) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1 Fərhad qızı və X5 qanunsuz istifadəsindən alınaraq İddiaçı qaytarılması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi (SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************) qət edilmişdir. Cavabdeh1 Fərhad qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 2 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin Cavabdeh2 qanunsuz istifadəsində olan 17 kv.metr hissəsinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq, ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsinin Cavabdeh1 Fərhad qızı və qeyrilərinin qanunsuz istifadəsindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq, ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Fərhad qızının, X5 və X1 qanunsuz istifadəsindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq, ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Fərhad qızının, X5 qanunsuz istifadəsindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2010-cu ildə Ağayev Zakir adlı şəxsdən alqı-satqı yolu ilə 0,0271 ha torpaq sahəsi alıb həmin torpaq sahəsinin 0,015 ha sahəsi üzərində 240 kv.metr ölçüdə 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi tikib ailə üzvlərində birlikdə yaşamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seiyalı, ******* №-li çıxarışa əsasən, 0,0271 ha torpaq sahəsi üzərində tikilən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2017-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh Laçın rayonundan məcburi köçkün Cavabdeh2 iddiaçı ilə qonşuluqda yaşayır və Cavabdeh2, Cavabdeh2 qaynanası Cavabdeh1 Fərhad qızı və Cavabdeh2 həyat yoldaşı X8 iddiaçıya məxsus torpaq sahəsini 2014-cü ildən etibarən qanunsuz olaraq zəbt etmişlər. Cavabdehlər iddiaçının darvazasının yaxınlığına darvaza qoymuşlar. Cavabdehlər tərəfindən iddiaçının qanuni hüquqları pozulmuşdur. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Feyziyeva X6 Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və İddiaçı torpağın qaytarılması barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bu kimi hallar və işdə olan iddiaçının tələblərini təkzib edən sübutlar diqqətə alınmayaraq tərəflərin münasibətləri üzrə yanlış nəticəyə gəlinmiş, mübahisələndirilən torpaqdan istifadəsinin qanuniliyi ilə bağlı məsələlər araşdırılmayaraq istifadəsində olan torpaq sahəsinin qohumu X1 xüsusi mükiyyətində olması nəzərə alınmamış, nəticədə iddiaçının iddia tələbinin təmin edilməsi barədə əsassız və yanlış nəticəyə gəlinmişdir. Göründüyü kimi, məhkəmənin mübahisələndirilən qətnaməsi mülkiyyət hüququna dair sadalanan hüquq normalarının tələblərinə zidd olaraq çıxarılmışdır. Belə ki, cavabdehlər olaraq faktiki istfadəsində olan torpaq sahəsi qohumu X1 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Sahəsi 400 kvadrat metr olan həmin torpaq sahəsi Abşeron rayonu Ceyranbatan Bələdiyyəsinin 13 aprel 2012-ci il tarixli 06 saylı iclas protokolunun qərarı ilə X1 mülkiyyətinə ayrılmış və sonuncunun mülkiyyət hüququ reyestr nömrəsi **********67,qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Məhkəmənin bu barədə məlumatı olsa da, nədənsə mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olan X1 məhkəmə prosesinə cəlb olunması təmin edilməmişdir. Halbuki, hazırki iş üzrə çıxarılan məhkəmə qətnaməsi birbaşa onun hüquqlarına toxunur. Çünki istər X1 torpaq üzərində mülkiyyət hüququna dair verilmiş reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan, istərsə də həmin torpaq sahəsinə dair tərtib edilmiş AA№554307 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 400 kvadrat metr təşkil edir və həmin torpaq sahəsində zəbt edilmiş və torpağın hüquq müəyyənedici sənədlərində nəzərdə tutulmamış hər hansı əlavə torpaq sahəsi mövcud deyildir. Belə olan halda aydındır ki, məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən boşaldılaraq iddiaçıya qaytarılmalı olan 30 kvadrat metr torpaq sahəsi X1 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bir hissəsini təşkil edir. Məhkəmə isə X1 mübahisələndirilən torpaq sahəsi üzərinə mövcud olan mülkiyyət hüququnu heçə sayaraq işə baxaraq kobud qanun pozuntusuna, o cümlədən mülkiyyət hüququna dair qanun normalarının pozuntusuna yol vermişdir. Həmçinin, sözügedən torpaq sahəsinin 2007-ci ildən faktiki, 2012-ci ildən etibarən isə qanuni sahibliyində olmasını təsdiq edən mötəbər sübutların mövcud olduğu və iddiaçının iddia tələbinin torpağın mülkiyyətçisi kimi X1 mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş və konstitusion hüquq olan mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməli olduğu halda, məhkəmə nədənsə bu hallara lazımi hüquqi qiymət verməyərək dövlət tərəfindən tanınan və müdafiə olunan mülkiyyət hüququnun və dolayısı ilə də həmin mülkiyyət hüququ əsasında yaranmış torpaqdan istifadə hüququnun müdafiəsini təmin etməmişdir. Göründüyü kimi, sözügedən ekspert rəyində kifayət qədər ziddiyyətli məqamlar və aydın olmayan məsələlər mövcuddur. Belə olan halda məhkəmə iş üzrə təkrar, yaxud əlavə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir, halbuki ekspert rəyində gəlinən nəticə lazımi şəkildə əsaslandırılmamış və sözügedən məhkəmə tikinti-texniki ekspertizası, ümumiyyətlə ekspertizanın aparılmasının prosessual qaydaları pozulmaqla həyata keçirilmişdir. Ancaq məhkəmə təkrar, yaxud əlavə ekspertiza təyin etməməklə qeyri-mötəbər mütəxəssis rəyi əsasında mübahisələndirilən torpaq sahəsinin onların istifadəsində olması və zəbt edilməsi barədə əsassız nəticəyə gəlmişdir. Çıxarılmış məhkəmə qətnaməsində iş üzrə müəyyən edilmiş bütün faktlar əks etdirilməmiş, əks etdirilən faktlar da öz növbəsində mötəbər sübutlarla təqdiqlənməmiş, məhkəmənin müəyyən edilmiş sayılan halları iş materialları ilə uyğunsuzluq təşkil etmişdir. Bütün bu sadalananlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarına zidd olduğunu sübuta yetirir. Məhkəmə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsinin ölçülərinin demək olar ki, bir-birinə uyğun gəldiyi halda, zəbt edildiyi iddia olunan 30 kvadrat metr torpaq sahəsinin iddiaçıya nə kimi aidiyyəti olması ilə bağlı halları aydınlaşdırmamış, cavabdehlər olaraq mübahisələndirilən torpaq sahəsindən istifadəsinin hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə, 2007-ci ildən onların faktiki istifadəsində olan mübahisələndirilən torpaq sahəsinin iddiaçıya nə kimi aidiyyəti olmasını araşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin tələb hüququ olmayan şəxs tərəfindən və əsassız olaraq irəli sürüldüyünü müəyyən edərək iş üzrə fərqli nəticəyə gələ bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisələndirilən torpaq sahəsinin ona məxsus olması barədə bildirdiyi hal, həmçinin torpaq sahəsinin onun mülkiyyətində olmaqla zəbt edilməsi barədə iddiaçının dəlilləri iş materillarında olan ziddiyyətli və qeyri-mötəbər ekspert rəyi istisna olmaqla, sübuta yetirilməmişdir. Məhkəmə qüvvədən düşmüş “torpaq sahəsinin planı və ölçüsü” əsasında verilmiş qeyri-mötəbər ekspert rəyinə istinad edərək torpaq sahəsinin zəbt edilməsi kimi əsassız bir nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi olmasına dair nəticəyə gəlmişdir. Halbuki, qətnamədə göstərilənlər belə bir nəticəyə gəlməyə əsas vermir. Həmin torpaq sahəsi 2007-ci ildən onların faktiki istifadəsində olmuş, 2012-ci ildə də bələdiyyə tərəfindən qohumu X1 mülkiyyətinə verilərək bugünədək istifadəsindədir. Məhkəmə torpaq sahəsinə dair tərəflər arasında yaranmış münasibətlər üzrə aşkar səhv nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 Fərhad qızı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 Fərhad qızının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdeh X7 və üçüncü şəxslər X4, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi və Ceyranbatan bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh1 Fərhad qızına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsini zəbt etməsinin öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 157.4, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 Fərhad qızı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni ona aid hissədə mübahisələndirmiş, digər cavabdehlər Cavabdeh2 və X8 isə iddianın onlara aid təmin olunmuş hissəsindən qətnamədən apellyasiya şikayəti verməmişlər. Hazırki iş üzrə apellyasiya baxışının predmeti qətnamənin yalnız Cavabdeh1 aid hissəsidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qətnamənin Cavabdeh1 Fərhad qızına aid hissədə mübahisələndirildiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verilməsini zəruri hesab edir. ünvan 2 ünvanında yerləşən 0,0271 ha torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışa əsasən iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi iddiaçıya məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli mənzilin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunan mübahisəli torpaq sahəsinin isə iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. İşdən görünür ki, iddiaçıya sənəd üzrə məxsus 0,0271 ha torpaq sahəsinin qonşuluğunda üçüncü şəxs Könül Əsgərovaya məxsus 0,04 ha torpaq sahəsi yerləşir və həmin torpaq sahəsi faktiki olaraq cavabdehlər Cavabdeh2, o cümlədən Arzu və Cavabdeh1ların istifadəsindədir. İddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsinin 30 kv.m hissəsini zəbt etdiklərini iddia edərək, həmin sahənin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasının xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/4779 saylı ekspert rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 0,0269 ha torpaq sahəsinin 0,0235 ha hissəsi xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və № AA 035854 saylı, xx.xx.2012-ci il tarixli, **********51 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 0.0271 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı məxsus xx.xx.2019-cu il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və № AA 035854 saylı, xx.xx.2012-ci il tarixli, **********51 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsi cavabdehlərin faktiki istifadəsindədir. Cavabdeh1 isə apellyasiya şikayətində, həmin rəylə razı olmadığını, rəyin özünün tam olmadığını, hansı koordinatlar üzrə torpağın zəbt olunduğunun görünmədiyini əsas gətirərək texniki ekspertiza keçirilməsini xahiş etmiş və sonuncunun bu vəsatəti əsasında ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/6708 nömrəli 25 yanvar 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus xx.xx.2019cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və № AA 035854 saylı xx.xx.2012-ci il tarixli **********51 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,0271 ha torpaq sahəsinin 0,0030 ha hissəsi (30 kv.metr) X1 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin 18 fevral 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 torpaq sahəsini 9 ilə yaxın olaraq hasara aldığını, hətta 2 il əvvəl də orada ağac əkdiyini bildirmişdir. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin 0,0030 ha (30 kv.metr) hissəsi həmin torpaq sahəsinin qonşuluğunda yerləşən üçüncü şəxs X2 məxsus torpaq sahəsindən faktiki olaraq istifadə edən cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir. Məhkəmənin 18 fevral 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 torpaq sahəsini 9 ilə yaxın olaraq hasara alaraq, hətta 2 il əvvəl də orada ağac əkdiyini bildirmişdir. Bu hal istər birinci instansiya məhkəməsində 12 yanvar 2022-ci il tarixdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilən K.Əsgərovanın izahatı ilə yanaşı, mübahisəli əraziyə keçirilmiş yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Torpaq sahəsinin mülkiyyətşisi olan X1 məhkəmə prosesinə cəlb edilməməsi barədə Cavabdeh1 apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardadı ilə K.Əsgərova müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mübahisəyə münasibət öyrənilmişdir. Bu mənada məhkəmə kollegiyası apelyatorun bu dəlilini də əsaslı hesab etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapdığından, iddiaçının hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddianı mübahisələndirilən hissədə də təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 Fərhad qızından iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh1 Fərhad qızının apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 Fərhad qızına aid hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 Fərhad qızından iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar