Məhkəmə qərarları › İş №2(105)-3703/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3703/2021

08.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3703/2021 08.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, İddiaçı və onun vəkili X4 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)-659/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)-659/2021 saylı qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)-659/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları 29.11.2013-cü il tarixdə anadan olmuş X11 oğlu, 29.09.2015ci il tarixdə anadan olmuş X12 qızı və 02.12.2019-cu il tarixdə anadan olmuş X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəhlizdən içəri daxil olarkən sol tərəfdə yerləşən 2 otağa köçürülməyi, həmin yaşayış sahəsindəki yaşayış istifadə hüququnun məhdudlaşdırılmasının Cavabdeh qadağan edilməsi və məhkəmə xərclərinin ona aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahı rəsmi qaydada qeyd etdirmədən 2012-ci ilin iyul ayında ailə həyatı qurmuş və onun valideynlərinə məxsus Şamaxı rayonunun Quşçu kəndində olan fərdi yaşayış evinə gəlin getmişdir. Belə ki, həmin vaxt cavabdeh başqa qadınla rəsmi nikahda idi. Birgə nikahlarından 29.11.2013-cü il tarixdə Gülalı, 29.09.2015-ci il tarixdə Zəhra və 02.12.2019-cu il tarixdə Gülabbas adlı üç nəfər uşaqları doğulmuşdur. Cavabdeh nikahını pozduqdan sonra onlar 18.03.2014-cü il tarixdə nikahı rəsmiləşdirmişlər. Bir müddət cavabdehlə Rusiya Federasiyasında yaşamış və 2014-cü ildə cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşlər. Həmin vaxt evin 1 otağı və mətbəxi yaşayış üçün hazır idi. Həmin evdə yaşaya yaşaya evin 2 otağını da təmir edərək 3 otaqda yaşamağa başlamışlar. Ona məxsus olan cehiz əmlakı həmin evə yığılmışdır. Aralarında olan münasibətlər korlandığına görə Şirvan Şəhər Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(032)-731/2020 saylı qətnaməsi ilə bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqların onunla qalması müəyyən edilmişdir. Gəlin gedib yaşadığı evdə yaşamaq üçün, dözülməz şərait yarandığından uşaqları ilə birlikdə valideynlərinin evində yaşamaq məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh evin qapısının kilidlərini dəyişdirərək onu evə buraxmamışdır.Valideynlərinin yanında 3 uşaqla birlikdə yaşamaq qeyri mümkündür. Gəlin gedərək yaşadığı evə məhkəmə qaydasında köçürülməyini istəyir. Cavabdehlə birlikdə mübahisəli fərdi yaşayış evində ailə üzvü kimi birlikdə yaşamış və onunla birgə təsərrüfatı idarə etmişdir. Hazırda neçə müddətdir ki, valideynlərinin yanında yaşamaq məcburiyyətində qalmışdır. Özünü yaşayış sahəsi ilə təmin edə bilmir, heç bir yerdə işləmir və maddi vəziyyəti buna imkan vermir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 04 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4, 135.4-cü maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2, 68.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X7 apellyasiya şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(032)731/2020 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd İƏD üzrə nümayəndəliyində 18 mart 2014-cü ildə 04 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 29.11.2013-cü ildə anadan olmuş X2, 22.09.2015-ci ildə anadan olmuş X3, 02.12.2019cu ildə anadan olmuş X1 İddiaçı yanında qalması müəyyən edilməsi, cavabdeh Baiakişiyev ixtiyar Gülalı oğlundan 29.11.2013-cü ildə anadan olmuş X2, 22.09.2015ci ildə anadan olmuş X3, 02.12.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aüment alınaraq İddiaçı verilməsi qət edilmişdir. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 05 iyul 2021-ci il tarixli, **********76 saylı məktubundan görünür ki, F.Şahbazov küçəsində 10 nömrəli ev aşkar edilmədi. Lakin Q.Namazəliyev küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı Cavabdeh ilə nikahı rəsmi qaydada qeyd etdirmədən 2012-ci ilin iyul ayında ailə həyatı qurmuş və onun valideynlərinə məxsus Şamaxı rayonunun Quşçu kəndində olan fərdi yaşayış evinə gəlin getmişdir. Onların birgə nikahlarından üç uşaqları doğulmuşdur. Ailə münasibətləri baş tutmadığından 17.09.2020ci il tarixdə nikahları pozulmuş və faktiki olaraq ayrılmışlar. İddiaçı hal-hazırda F.Şahbazov (Q.Namazəliyev) küçəsi ev 10-da yerləşən fərdi yaşayış evinə köçürlməsini tələb etsədə DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 05 iyul 2021-ci il tarixli № **********76 saylı məktubuna əsasən F.Şahbazov küçəsində 10 nömrəli ev aşkar edilməmişdir. Lakin Q.Namazəliyev küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evi isə X6 adınadır. Həmin ev özbaşına tikili olmaqla hüquq müəyyənedici sənədləri yoxdur. Həmi şəxsin tərəflərlə heç bir bağlılığı yoxdur və hazırkı mübahisə üzrə cavabdehlik daşımır.Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Qanunvericilik mənzil hüququnun əsası kimi aşağıdakı halların müəyyən edilməsini şərtləndirir: Köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilirmi? Yaşayış sahəsi Mənzil Məcəlləsinin 12.1-12.3-cü maddələrinin tələblərinə cavab verirmi? - Mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil hüququ yaranmışdırmı? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. İddiaçı köçürülməsini tələb etdiyi yaşayış evinin hansı ünvanda və ya küçədə yerləşməsi, kimə məxsus olması, yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatı, mülkiyyət forması və statusu, həmin tikilinin yaşayış üçün yararlı olub-olmamasını təsdiq edən heç bir sübut təqdim edə biməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(074)-659/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar