Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3704/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(060)-7923/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(060)-7923/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı cavabdeh “Etilen- Polietilen” zavoduna qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair mülki iş üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh "Etilen-Polietilen" zavodunun kompressor qurğu maşınisti vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və məhkəməyə müraciət hüququnu üzürlü ötürüldüyü üçün həmin müddəti də bərpa edib üzürlü hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, bu iddia ilə bərabər, həm də müddətin bərpası barədə ərizə təqdim etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan qanunsuz qərar qəbul etmişdir. O, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.02.2020-ci il tarixli qərardadına istinad edib bu iddianı qaldırmışdır. Həmin qərardadda məhkəmə tərkibi göstərmişdir ki, müddətə görə iddia rədd olunmuşdur. O da iddia müddətinin bərpası ilə əlaqədar ərizə təqdim etmişdir. Lakin məhkəmə bu ərizəni müzakirə belə etməmiş və onun Konstitusion hüququnu pozmuşdur. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması, müddətin bərpası və işə bərpa tələbinə dair iddianın icraata qəbul edilib baxılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianın qəbulundan imtina edərkən Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh "Etilen-Polietilen" zavodunun kompressor qurğu maşınisti vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və məhkəməyə müraciət hüququnu üzürlü ötürüldüyü üçün həmin müddəti də bərpa edib üzürlü hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli, 2-2331/05 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “Etilen-Polietilen” zavoduna qarşı işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 dekabr 2005-ci il tarixli, 1MK-8277/05 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.06.2011-ci il tarixli, 2(102)- 1796/2011 saylı qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 dekabr 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı və vəkili qanuni qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar əsasında yenidən baxılmasına dair ərizə verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 dekabr 2005-ci il tarixli qətnamələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.06.2011-ci il tarixli qərarının ləğv edilərək işin yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 04 fevral 2020-ci il tarixli, 13(102)-410/2019 saylı qərardadı ilə ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 04 fevral 2020-ci il tarixli, 13(102)-410/2019 saylı qərardadında Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli, 2-2331/05 saylı qətnaməsi ilə İddiaçı iddiasının həm də iddia verilərkən 1 aylıq iddia müddətinin buraxılması əsası ilə rədd edilməsi qeyd edilmişdir. Məhkəmə Tərkibi qərardadında həmçinin göstərmişdir ki, iddiaçının istinad etdiyi hal, yəni 05 may 2004-cü ildən 27 iyun 2004-cü ilədək ambulator qaydada ardıcıl olaraq fizioterapevtik müalicə kursları qəbul etməsi iş üçün həlledici əhəmiyyət daşımır, yeni aşkar edilmiş material işin nəticəsinə təsir etmir. Məhkəmə kollegiyası qeyd edir ki, həm 2-2331/05 saylı mülki iş üzrə, həm də hazırki iş üzrə iddiaçı və cavabdeh tərəf eynidir, həmçinin iddianın predmeti və əsası da eynidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normasının tələbini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, iddiaçının şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(060)-7923/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3704/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3704/2021
11.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver