Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-371/2024 05.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi) X1 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2(012)-4584/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İB Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı İB-yə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1485.85 manat və 34.86 manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 1520.71 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə AKX-03463xx/xx-2021 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB tərəfindən **********10086 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ödəməmişdir. Cavabdehin ödənilməmiş 2021-ci ilin dekabr ayı üzrə 29.52 manat, 2022-ci ilin yanvardekabr ayları üzrə 677.95 manat və limitdən əlavə 48.55 manat, 2023-cü ilin yanvar-fevral ayları üzrə 458.76 manat və limitdən əlavə 275.99 manat olmaqla, cəmi 1490.77 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayına qədər cavabdeh 4.92 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni, debitor borcu hazırda, abonentin saldosu üzrə ümumilikdə, 1485.85 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
5. İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2021-ci il tarixdə AKX-03463xx/xx-2021 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
6. Abonent kodu **********10086 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında xx.xx.2021-ci il tarixdə Natek Enerji G-4 Mexaniki tipli 40027460 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4) (1/1). Abonentin ilin sonuna 458.76 manat borcu yaranmışdır.
7. Mədaxil qəbzindən görünür ki, İddiaçı İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 34.86 manat dövlət rüsumu ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2(012)- 4584/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ərizənin təmin edilməsi, Cavabdeh 1485.85 (min dörd yüz səksən beş manat səksən beş qəpik) manat borc və 34.86 (otuz dörd manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 1520.71 (min beş yüz iyirmi manat yetmiş bir qəpik) manat pul vəsaitinin İddiaçı İB-nin xeyrinə tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425.1, 425.2, 430.1, 442 -cı maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 88, 119.1, 14.2, 220.5, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2(012)-4584/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, qanunsuz yazılmış borc məbləğinin silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ümumiyyətlə qətnamədən xəbəri olmamışdır. Məhkəmə onun xəbəri olmadan, ona bildiriş göndərmədən birtərəfli qaydada qətnamə qəbul etmişdir. Hətta mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qiyabi qətnamə institundan da istifadə etməmişdir. Məhkəmə onun prosessual hüquqlarını kobud surətdə tapdalamışdır. Nəticədə, xəbəri olmadan, hüquqları tapdalanmaqla qətnamə qəbul edilmişdir. O, yalnız icra şöbəsi tərəfindən bildiriş göndərildikdən sonra, barəsində qətnamə qəbul edilməsindən xəbər tutmuşdur. Onun mövqeyi öyrənilməli olduğu üçün işə sadələşdirilmiş icraat qaydasında baxılması yolverilməzdir, iş iddia icraatına keçirilməli idi. Məhkəmənin nəzərinə çatdırır ki, həmin xəttdə sızmalar var. Qaz paylayıcısı tamamilə yararsız vəziyyətdədir. Gəlib skoçlayıb gediblər. Odur ki, məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir və borc silinməlidir. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bu halda isə, birinci instansiya məhkəməsi onun şikayət etmək hüquqlarını pozmuş, qətnaməni ona göndərməmiş, məhkəmə iclasında iştirak etmək hüquqlarını məhdudlaşdırmışdır. Nəticədə onun əleyhinə qanunsuz hesablanmış borc əsasında saxta məbləğ formalaşdırılmış və hüquqları pozulmuşdur. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı məsuliyyət daşıyır. Göründüyü kimi, qaz sayğacı hasardan çöldə quraşdırıldığı üçün ona cavabdehlik də iddiaçının üzərinə düşür və onun vəzifəsidir. Belə olan halda, onun adına borc hesablanması absurddur. Onun mövqeyinin öyrənilməsi üçün hüquqi imkanlar olduğu halda, məhkəmə onu nəzərə almamış və nəticədə onun hüquq və mənafelərinə münasibətdə absurd qərar qəbul etmişdir. Odur ki, işin halları nəzərə alınmalı idi. Birinci instansiya məhkəməsi konkret olaraq normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə qətnaməyə köçürülsə də, onun hansı zərurətdən irəli gəldiyi sübut edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə İddiaçı nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 13. 6-cı bənd. Qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” 4.2-ci bənd - Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 5.5-ci bənd - qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2(012)-4584/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2021-ci il tarixdə AKX-0346371/11- 2021 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etmişdir. Həmin ünvana İddiaçı İB tərəfindən **********10086 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Natek Enerji G-4 Mexaniki tipli 40027460 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə ona dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun təbii qazdan istifadəyə görə 1485.85 manat borcu qalmışdır.
23. Birinci intansiya məhkəməsi tərəfindən ərizənin təmin edilməsi, Cavabdeh 1485.85 (min dörd yüz səksən beş manat səksən beş qəpik) manat borc və 34.86 (otuz dörd manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 1520.71 (min beş yüz iyirmi manat yetmiş bir qəpik) manat pul vəsaitinin İddiaçı İB-nin xeyrinə tutulması qət edilmişdir.
24. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayəti qaz sayğacında sızma olması, sayğacın işlək vəziyyətdə saxlanlımasının bilavasitə paylayıcının vəzifəsi olması ilə əsaslandırmış, tələb olunan borc məbləği ilə razılaşmamışdır.
25. İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisələndirilən borc məbləği istehlakçı tərəfindən qazdan istifadə olunmasına dair sərfiyyatın dəyərinin ödənilməsi ilə bağlıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Kollegiya qeyd edir ki, cavabdeh şikayətin dəlillərinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməyərək etirazı əsaslandığı halları sübuta yetirə bilmədi.
28. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanının 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir.
29. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9-cu bəndinə əsasən, İddiaçı İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər.
30. Fərmanın 3.10-cu bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
31. Apellyasiya şikayətinin digər dəlili olaraq apellyator məhkəmə iclası barədə məlumatsız olmasını və onun iştirakı təmin edilmədən işə baxılmasını mübahisələndirmişdir.
32. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, ərizə və əlavə edilmiş sənədlərin surətini cavabdehin yaşayış ünvanı üzrə göndərilməsini təmin etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
35. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2(012)-4584/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
36. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2(012)-4584/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.