Məhkəmə qərarları › İş №2(105)-373/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-373/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-373/2025 12.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2107/2024 nömrəli qərardadından Cavabdeh2 Zəkrəm oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2107/2024 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı məxsus Abşeron rayonu Xırdalan şəhəri Ə.Şəfiyev küçəsi 0,03 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Zəkrəm oğlu övladı xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə çıxarılması, həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Zəkrəm oğlundan müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2107/2024 saylı qərardadına əsasən, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti ötürdüyünə görə Cavabdeh2 Zəkrəm oğlunun Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(012)-2107/2024 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2107/2024 saylı qərardadına əsasən, Cavabdeh2 Zəkrəm tərəfindən verilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2107/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə və ona əlavə edilmiş sənədlər, ərizəyə müvafiq qaydada apellyasiya şikayəti əlavə edilmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh2 Zəkrəm oğlu həmin qətnamədən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2107/2024 saylı xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə (vəsatətlə) məhkəməyə müraciət etmişdir. Ərizə (vəsatət) onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 Zəkram oğlu xx.xx.2022ci il tarixində X4 baş verən dinc aksiya zamanı həbs olunmuşdur. Həmin vaxtdan bu günə qədər həbsdədir. Qeyd edilən məhkəmə iclasının keçirilməsi barədə ona saxlanıldığı 3 saylı İstintaq təcridxanasına heç bir bildiriş daxil olmamışdır. Bundan əlavə çıxarılan qətnamə də eyni qaydada ona təqdim olunmamışdır. Əlavə olaraq xx.xx.2024-cü il tarixli e-2(012)-2107/2024 nömrəli qərardadda qeyd edilmişdir ki, cavabdehin e-kabineti mövcuddur və yerləşdirilən qətnaməni təhvil almışdır. Göründüyü kimi o, faktiki olaraq qeyd edilən vaxtdan həbsdədir və ona məxsus e-kabineti etibarnamə üzrə səriştəsi olmayan anası yardımçı şəxslər vasitəsi ilə işlədir. Onun bu işlər üzrə (hüquq, Asan imza kimi) təcrübəsi yoxdur və yaşlı şəxsdir. Belə qərar orada olsa da, nə özü nə də onun tərəfindən apellyasiya şikayəti verə bilməmişdir. Apellyasiya şikayətində göstərilən müddətdə xəbəri olmuş və o istiqamətdə anası vasitəsilə vəsatət və şikayəti təqdim etməyə çalışır. Yuxarıda göstərilənləri və həbsdə olmağını nəzərə alıb apellyasiya şikayəti üçün müəyyən edilmiş müddətin ötürülməsini üzürlü hal kimi qəbul edib ötürülmüş müddəti bərpa etməyi xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2107/2024 nömrəli qərardadı ilə Cavabdeh2 Zəkrəm oğlunun Abşeron Rayon Məhkəməsinin 2(012)- 2107/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, Cavabdeh2 Zəkrəm oğlunun Abşeron Rayon Məhkəməsinin 2(012)-2107/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması, Cavabdeh2 Zəkrəm oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə, **********47 saylı qəbz əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). Cavabdeh2 Zəkrəm oğlu həmin qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(012)-2107/2024 saylı qərardaddının ləğv edilməsi və Abşeron Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2107/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti üzürlü hesab edib, mülki işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Zəkram oğlu xx.xx.2022-ci il tarixində həbs olunmuşdur. Həmin vaxtdan bu günə qədər iş üzrə Cavabdeh2 həbsdədir. Bu səbəbdən də keçirilən məhkəmə iclaslarından və çıxarılan məhkəmə qətnaməsindən xəbəri olmayıb və saxlanıldığı 3 saylı İstintaq təcridxanasına heç bir bildiriş daxil olmamışdır. xx.xx.2024-cü il tarixli e-2(012)-2107/2024 nömrəli qərardadda qeyd edilmişdir ki, cavabdehin e-kabineti mövcuddur və yerləşdirilən qətnaməni təhvil almışdır. Göründüyü kimi o, faktiki olaraq qeyd edilən vaxtdan həbsdədir və ona məxsus elektron kabineti etibarnamə üzrə səriştəsi olmayan anası yardımçı şəxslər vasitəsi ilə işlədir. Onun bu işlər üzrə (hüquq, Asan imza kimi) təcrübəsi yoxdur və yaşlı şəxsdir. Belə bir məhkəmə aktı orada olsa da nə özü nə də onun tərəfindən apellyasiya şikayəti verə bilməmişdir. Apellyasiya şikayətində göstərilən müddətdə xəbəri olmuş və o istiqamətdə anası vasitəsilə vəsatət və şikayəti təqdim etməyə çalışır. Yuxarıda göstərilənləri və həbsdə olmağını nəzərə alıb apellyasiya şikayəti üçün müəyyən edilmiş müddətin ötürülməsini üzürlü hal kimi qəbul edib ötürülmüş müddəti bərpa edilməsini xahiş etsə də bunların heç biri nəzərə alınmamışdır. Bununla da məhkəmə onun məhkəmə müdafiəsi hüququnu kobudcasına pozaraq apellyasiya şikayəti vermək hüququndan məhrum etmişdir. İddiaçı faizə (sələmə) pul verəndir. Onun atasına məxsus olan mülkü haqsız hesablanmış faizlər əsasında ələ keçirtmişdir. Bütün bu sübutları o, apellyasiya instansiya araşdırmasında təqdim etmək niyyətindədir. Lakin Abşeron Rayon Məhkəməsi onun müdafiə hüququnu süni şəkildə əngəlləməklə məşğuldur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2107/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2107/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2107/2024 saylı qətnaməsi həm Cavabdeh2 məxsus, həmçinin ailə üzvləri olan Cavabdeh1 və Cavabdeh3 məxsus elektron kabinetlərinə xx.xx.2024-cü il tarixdə yüklənmiş, bununla da elektron kabineti olan cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, qətnamədən şikayəti ilk dəfə xx.xx.2024-cü il tarixdə (4 ay sonra) Elektron Məhkəmə İnformasiya Mərkəzinin sisteminə elektron qaydada daxil etmişdir İş materiallarında olan e-2(012)-2107/2024 saylı iş üzrə “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə elektron kabinet yaratmışdır. Qeyd edilən qətnamə Cavabdeh2 məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Lakin Cavabdeh2 qeyd edilən qətnamədən vermiş olduğu apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaratdığı elektron kabinet vasitəsilə ilk dəfə xx.xx.2024-cü il tarixdə yerləşdirmişdir. Cavabdeh qanun üzrə nəzərdə tutulmuş prosessual müddəti (04 ay) ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməməsi qənaətinə gəlməsi ilə razılaşır. İşdən aydın olur ki, cavabdeh hal-hazırda cəzaçəkmə müəssisəsində olsa da, özünə məxsus elektron kabinet vasitəsi ilə apellyasiya şikayətlərini, ərizələrini yükləməklə elektron kabinetindən aktiv istifadə edir. Belə ki, iş materiallarından həmçinin görünür ki, Abşeron Rayon Məhkəməsində mülki işə baxılan zaman Sumqayıt İnzibati Məhkəməsində də eyni tərəflər arasında inzibati mübahisə olmuş və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından cavabdeh həmin qərardan xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Daha sonra, Cavabdeh2 Zəkrəm oğlunun 2-1(105)-821/2024 saylı işə üçüncü şəxs qismində elektron kabinet vasitəsilə yerləşdirdiyi ərizədən görünür ki, o, saxlanıldığı 3 saylı istintaq təcridxanasından Penitensiar Xidmətin Umbakı müəssisəsinə köçürülmüş, hal-hazırda digər mülki və inzibati məhkəmələrim ilə bağlı iclaslarla eyni vaxta təyin olunmuşdur. Bu da həbsdə olduğu üçün elektron kabinetə daxil olan bildirişləri görə bilmir. Ailə vəziyyətinin və həbsi ilə bağlı məhkəmə iclasını noyabr ayının 15-dən sonraya, iş qrafikinə uyğun günə təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehin elektron kabineti mövcud olmuş və o, həbsdə olmasına baxmayaraq həmin kabinetdən istifadə etmişdir. Bütün bu ziddiyyətlər hazırki ərizədə qeyd edilənlərin əsassız olduğuna dəlalət edir. Cavabdeh2 Zəkram oğlu ona məxsus e-kabineti etibarnamə üzrə səriştəsi olmayan anası yardımçı şəxslər vasitəsi ilə işlətdiyini, buna görə də qətnamədən vaxtında xəbəri olmadığını bildirsə də, bu fakt da öz təsdiqini tapmamışdır. Belə ki, hazırki iş üzrə Cavabdeh3 (Cavabdeh2 Zəkram oğlunun anası) Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-5904 saylı iş üzrə cavabdeh qismində elektron kabinet vasitəsilə vəsatət və digər sənədləri həmin işə yükləmişdir. Burdan da göründüyü ki, iddia edilənin əksinə olaraq Cavabdeh3 elektron kabinetdən istifadə etmək qabiliyyətinə malikdir. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddət bərpa barədə ərizə ilə eyniməzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2107/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2107/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar