Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3730/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)-1625/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)-1625/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı əmlakların çıxarılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər, Corat bağlar massivi 21-ci məhəllə ünvanında yerləşən X2 mülkiyyətində olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin X3 qadağan edilməsi barədə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmış, İddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onun uşaqları 08.04.2011-ci il təvəllüdlü X6 və 30.09.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2491H ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı aid əmlakların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər, Corat bağlar massivi 21-ci məhəllə ünvanında yerləşən X2 mülkiyyətində olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin X3 qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadı qanunsuz və əsassız hesab edir. Belə ki, iş üzrə Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2013-cü ildə inşa etdiyi evə uşaqları ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişi zamanı Güli Hüseynova iddia ilə məhkəməyə müraciət edərək mübahisələndirilən evi 2020-ci ildə mülkiyyətinə keçirdiyini bildirmiş və onun cehiz əşyalarının götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardad qəbul edərkən iddianın məzmununu nəzərə almamışdır. İddia ərizəsindən və işin təsdiq edilmiş hallarından məlum olur ki, mübahisələndirilən fərdi yaşayış evini özü şəxsən tikərək orada yaşamışdır. Məhkəmə mübahisələndirilən evə baxış keçirərkən bir daha təsdiq olunmuşdur ki, mübahisələndirilən evdə onun cehizləri qalmaqdadır. Cavabdehin vicdansızlığına dəlalət edən hər hansı məlumatın ərizədə göstərməməyi barədə qərardadda qeyd olunanları əsassız hesab edir. Belə ki, Güli Hüseynova mübahisələndirilən evin onun hüquqları ilə yüklü olduğunu bildiyi halda, 2020-ci ildə evi özəlləşdirmişdir. Güli Hüseynovanın evi satmaq istəməsi barədə qonşular ona məlumat vermişdir. Həmçinin qayınanası da atasına müraciət edərək evi sataraq nəvələrinə pul verəcəyini bildirmişdir. Cavabdehin vəkili də məhkəmə baxışı zamanı evi sataraq onun uşaqlarına müəyyən məbləğdə pul verəcəyini bildirmişdi. Nəhayət, evin satılması iddianın təmin edilməsinin mümkün olmaması anlamına gəlir. Ona görə də mübahisələndirilən evin satılması Güli Hüseynovaya qadağan edilməlidir. Göründüyü kimi, iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətinin kifayət qədər əsaslandırılmaması ilə bağlı qərardadda qeyd edilənlər tam əsassızdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və iddianı təmin tədbiri barədə ərizənin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi onun uşaqları 08.04.2011-ci il təvəllüdlü X6 və 30.09.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi evə köçürülmələri barədədir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia tələbi isə onun mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2491H ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı əmlaklarının çıxarılması barədədir. İddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər, Corat bağlar massivi 21-ci məhəllə ünvanında yerləşən X2 mülkiyyətində olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin X3 qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin etməyərkən iddiaçının ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmamasına, belə tədbirlərin görülməsi üçün əsasların mövcudluğunu sübut edən dəlilləri, eyni zamanda həmin əmlakın satılma niyyətini təsdiqləyən sübutları əlavə etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq barədə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək barədə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 mart 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İşdən görünür ki, İddiaçı iddia tələbi onun uşaqları 08.04.2011-ci il təvəllüdlü X6 və 30.09.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi evə köçürülmələri barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ərizəsində iddianı təmin etmək üçün tədbirin görülməsi zərurətini kifayət qədər əsaslandırmamış, belə tədbirin görülməsi üçün əsasların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və tətbiq olunması xahiş edilən tədbir irəli sürülmüş tələbə mütənasib deyildir. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmək tədbirinə dair ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)- 1625/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3730/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3730/2021
11.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver