Məhkəmə qərarları › İş №2(105)-374/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-374/2025

10.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-374/2025 10.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qusar rayon Xuluq bələdiyyəsinə, Qusar Rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquq şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar söz: əvəzləşdirilmiş torpaq sahəsi üəzrində mülkiyyət hüquqlarının qeydə alınması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X13 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(029)-260/2006 nömrəli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Qusar rayon Xuluq Bələdiyyəsinə, Qusar Rayon Aqrar İslahat Komissiyasına və Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin Qusar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 may 2005-ci il tarixli təhkim aktı üzrə verilmiş 3,0 torpaq sahəsinın onun adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Aqrar İslahat komissiyasının 03 iyun 1998-ci il tarixli, 9\3 saylı qərarı ilə ona və ailə üzvlərinə Dövlət Aktına əsasən 10,30 hektar torpaq sahəsi verilmişdir. Adam başına düşən torpaq payının sahəsi norma üzrə 1,50 ha təşkil edir. Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 3,0 hektar torpaq sahəsi yararsız torpağın olması məlum olmuşdur. Yararsız 3,0 hektar torpaq sahəsinin əvəzi ona 13 may 2005-ci il tarixdə təhkim olunmuş, lakin həmin sahəni adına rəsmiləşdirilməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3.İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(029)-260/2006 nömrəli qətnaməsi ilə (hakim Tofiq Məmmədov) iddia təmin edilmiş, Qusar rayon Xuluq kəndi ərazisində İddiaçı 13 may 2005-ci il tarixli təhkim aktı üzrə verilmiş 3,0 torpaq sahəsinın onların adına rəsmiləşdirilməsi, verilmiş 3,0 hektar torpaq sahəsinin Dövlət Reyestrində qeydə alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılması qət edilmişdir.

5. Məhkəmə işdə olan sübutlarla iddiaçının iddiasının əsaslı olması qənaətinə gələrək iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini «X6» Qanuna istinad edərək əsaslandırmışdır

6. b) Apellayasiya icraatı zamanı cavabdehlə Qusar Rayon Aqrar İslahat Komissiyası Qusar rayon İcra hakimiyyəti ilə, Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin Qusar rayon şöbəsi isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2(029)-260/2006 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X6” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən “Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir.” X6” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinə əsasən “Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. İddiaçı verilmiş 3.0 hektar torpaq sahəsi üzərində Qusar rayonun Xuluq bələdiyyəsi mülkiyyət hüququna malik deyildir. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, təmsil etdiyi şəxsə dövlət aktı ilə torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 3 hektar hissəsi yararsız olduğundan əvəzləşdirilmişmişdir. İddiaçı faktiki olaraq əvəzləşdirilmiş torpaq sahəsindən istifadə edir. Ekspert rəyi ilə tanışdır və rəylə razıdır. Təmsil etdiyi şəxsə dövlət aktı ilə torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 3 hektar hissəsi yararsız olduğundan, bələdiyyənin razılığı ilə əvəzləşdirilmişdir. Əvəzləşdirilmiş torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. İddiaçı qətnamənin icrası ilə bağlı reyestr xidmətinə müraciət etdikdən sonra onlar apellyasiya şikayəti verib. İddiaçıya çıxarış verilib, dəyişiklik icra edilməyib. Çıxarışda adı qeyd olunan şəxslər iddiaçının ailə üzvləridir. Çıxarışın faktiki istifadədə olan torpaq sahəsinə münasibətdə koordinatların dəyişdirilməsinə etiraz etmir, lakin çıxarışın ləğvi qətnamənin ləğvi ilə nəticələnəcəkdir ki, qətnamənin ləğvi üçün hər hansı bir əsasın olduğunu düşünmür. İddiaçı koordinanatların yerinin dəyişdirilməsi, icra edilməsi məqsədilə Reyestr Xidmətinə müraciət etmiş, Reyestr Xidməti isə imtina etmək əvəzinə 2006-cı ilin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Qusar rayon Xuluq bələdiyyəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri, üçüncü şəxslər X5, X7, Başaratov Rəşad Nazəddin oğlu, X12, X3 və X14 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. KOD 30108028, JN 0035 nömrəli Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayon AİK-nin 03 iyun 1998-ci il tarixli 9\3 saylı qərarı ilə İddiaçı və qeyrilərinin mülkiyyətinə Qusar rayon Xuluq kəndi ərazisində 10,30 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahələri iki cizgidə yerləşməklə 6,89 və 3.397 ha torpaq sahəsindən ibarət olmuşdur.

13. İş materiallarında olan İddiaçı, Qusar RİHB-nin nümayəndəsi Ş.Paşayev, Qusar rayon Xuluq Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 13 may 2005-cı il tarixli aktdan görünür ki, İddiaçı Mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş pay torpaq sahəsinin 3,0 ha hissəsi yararsız (meşəlik ərazi) torpaq sahəsi olduğundan “Duraxan” adlı ərazidən 3 ha əvəz edilərək, yerində ölçülməklə İddiaçı təhkim edilmişdir. Sahənin sxemi aktda göstərilmişdir.

14. İş materiallarında olan iddiaçı Qusar rayon Xuluq Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon İddiaçı əvəz ediləcək torpaq sahəsinin yerququluşu planında torpaq sahələrinin yerləşmə yeri və konfiqurasiyası göstərilmişdir.

15. Məhkəmə sorğusu əsasında daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-31- 3173/2025 nömrəli məktuba əlavə edilmiş xx.xx.2011-ci il tarixli AN-İ ******* nömrəlıi daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı, X12, X5, X7, Başaratov Rəşad Nazəddin oğlu, X14, X3 KOD 30108028, JN 0035 nömrəli torpağa mülkiyyət hüqquna dair dövlət aktı ilə onlara verilmiş 10,30 ha torpaq sahəsinin 6,89 ha hissəsini X1.

16. MA seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Qusar rayon Xuluq kəndində yerləşən 3.397 ha torpaq sahəsi İddiaçı və qeyrilərinin birgə mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

17. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2- 10594/2025 nömrəli mütəxəssis, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10-5851/2025 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir. MA seriyalı, ******* saylı mülkiyyət hüququna dair Çıxarışda və AA seriyalı, 021779 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədində qeyd olunan Qusar rayon Xuluq kəndində yerləşən 3.397 hektar torpaq sahəsinin faktiki olaraq meşə olduğu və naturada meşə ağacları ilə örtüldüyü müəyyən edilmişdir. MA seriyalı, ******* saylı mülkiyyət hüququna dair Çıxarışda və AA seriyalı, 021779 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədində qeyd olunan Qusar rayon Xuluq kəndində yerləşən 3.397 hektar torpaq sahəsinin hal-hazırda istifadə edilmədiyi və naturada meşə ağacları ilə örtüldüyü müəyyən edilmişdir. Qusar rayon Xuluq Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş İddiaçı əvəz ediləcək torpaq sahəsinin yerququluşu planında göstərilən torpaq sahəsinin, hazırda İddiaçı tərəfindən istifadə olunması iddia edilən torpaq sahəsi ilə müəyyən hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir (yəni torpaq shəsinin faktiki konfiqurasiyası nəzərə alınmasa). İddiaçı tərəfindən istifadə olunması iddia edilən torpaq sahəsi naturada 3.397 hektar ölçüdə təşkil edir. TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə kənd təsərrüfatı təyinatlı torpaqlarına aid bələdiyyə mülkiyyəti olmaqla, uqodiyasının "kolluqlar" olduğu müəyyən edilmişdir. KOD 30108028, JN 0035 nömrəli torpağa mülkiyyət hüquqna dair dövlət aktında qeyd olunan 3.397 hektar torpaq sahəsinin "x" və "y" koordinatları ilə AA seriyalı, 021779nömrəli Torpaq sahəsinin Planı və ölçüsü adlı sənəddə qeyd olunan 3.397 hektar torpaq sahəsinin "x" və "y" koordinatlarını "islahat - kompleks yerquruluşu layihəsi"ndə (DWG-də) dəqiqləşdirildikdə aralarında hər hansı fərq aşkar olunmamışdır, yəni torpaq sahəsinə tərtib edilmiş AA seriyalı, 021779 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü adlı sənədi, KOD 30108028, JN 0035 nömrəli torpağa mülkiyyət hüququn dair dövlət aktına əsasən işlənib verildiyi müəyyən edilmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu

4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.

20. «X6» Azərabaycan Respublikasının qanunu

Maddə 5. Torpaq islahatının aparılması şərtləri Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilir: ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təyin edilməsi; torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması.

21. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

Apellyasiya baxışının hədləri

22. Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(029)-260/2006 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2(029)-260/2006 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş üzrə iddia Qusar Rayon Məhkəməsinə 2006-cı il tarixdə verilmişdir ki, Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında fərmanla yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış və 2011-ci ilin yanvar ayının 1-dən "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi respublika ərazisində qüvvəyə minmişdir. Göründüyü kimi inzibati məhkəmələr 2011-ci il yanvar ayının 1-dən fəaliyyətə başlamışdır. İnzibati-iqtisadi məhkəmələri yaradılana qədər qüvvədə olan Mülki Prossesual Məcəllənin 27-ci fəslinə əsasən isə Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılırdı. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxıldığı zaman birinci instansiya məhkəməsi səlahiyyətli məhkəmə olmuşdur. Buna görə də hazırkı vəziyyətdə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsinə dair əsaslar mövcud olmamışdır.

25. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli, 9\3 saylı qərarı ilə İddiaçı və üçüncü şəxslər X5, X7, Başaratov Rəşad Nazəddin oğlu, X12, X3 və X10 birgə mülkiyyətinə Qusar rayon Xuluq kəndi ərazisində 10,30 hektar torpaq sahəsi verilmiş və mülkiyyət hüququ KOD 30108028, JN 0035 nömrəli Mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsi iki cizgidə yerləşməklə 6,89 (35A) və 3.397 (0035) ha hissələrdən ibarət olmuşdur. MA seriyalı, ******* saylı Çıxarışa əsasən 3.397 ha torpaq sahəsi İddiaçı və qeyrilərinin birgə mülkiyyət hüququ kimi 07 mart 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır ki, həmin ərazi aşağıda qeyd olunan aktla əvəzləşdirilməli olan meşəlik ərazidəki torpaq sahəsi olmudur. Belə ki, 0035 nömrəli cizgidə yerləşən 3.397 ha torpaq sahəsi kənd təsərrüfatı üçün yararlı olmadığından, yəni meşə ərazisinə düşdüyündən İddiaçı, Qusar Rayon İcra hakimiyyətinin nümayəndəsi, Qusar rayon Xuluq Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş 13 may 2005-cı il tarixli akta əsasən meşə ərazisində olan 3.397 ha torpaq sahəsi kəndin “Duraxan” adlı ərazisində 3 ha torpaq sahəsi əvəz edilərək, birgə mülkiyyətçilərin istifadəsinə verilmişdir. Lakin həmin torpaq sahəsi üzərində iddiaçı və digər birgə mülkiyyətçilərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası tərəfindən iş üzrə əldə edilmiş mütəxəssis və ekspertiza rəyləri ilə həqiqətən də MA seriyalı, ******* saylı mülkiyyət hüququna dair Çıxarışda və AA seriyalı, 021779 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədində qeyd olunan Qusar rayon Xuluq kəndində yerləşən 3.397 hektar torpaq sahəsinin faktiki olaraq naturada meşə ağacları ilə örtülməsi, əvəz edilmiş torpq sahəsinin isə TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında kənd təsərrüfatı təyinatlı torpaqlarına aid bələdiyyə mülkiyyəti olmaqla, uqodiyasının "kolluqlar" olduğu müəyyən edilmişdir ki, bununla da cavabdehin əvəz edilmiş torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, KOD 30108028, JN 0035 nömrəli Mülkiyyət hüququna dair Dövlət Aktına əlavə olan 0035 nömrəli cizgidə göstərilən 3.397 ha torpaq sahəsinin kənd təsərrüfatı üçün yararlı olmaması səbəbindən əvəzləşdirilərək, digər ərazidən 3 ha torpaq sahəsi verilməsi, iddiaçıya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmək üçün hüquq verməklə, iddiasının əsaslı olmasını təsdiq edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, həmin vaxt cavabdeh qismində işə cəlb edilmiş Dövlət Torpaq və Xəritəşəkmə Komitəsi ləğv edilmiş, hazırda həmin icra hakimiyyətinin səlahiyyətlərini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs həyata keçirməkdədir. Bundan başqa birinci instansiya məhkəməsinin iddiaçı və birgə mülkiyyətçilərin mülkiyyətində olan 3.397 ha torpaq sahgəsi üzərində mülkiyyət hüquqlarına xitam vermədən, həmin torpaq sahəsinin əvəzinə verilmiş 3 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyini cavabdehin üzərinə qoyması düzgün olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2(029)-260/2006 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməli, MA seriyalı, ******* saylı mülkiyyət hüququna dair Çıxarışa əsasən İddiaçı, X5, X7, Başaratov Rəşad Nazəddin oğlu, X12, X3 və X10 birgə mülkiyyətinə verilmiş, AA seriyalı, 021779 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədində qeyd olunan, Qusar rayon Xuluq kəndində yerləşən 3.397 hektar torpaq sahəsi üzərində İddiaçı, X5, X7, Başaratov Rəşad Nazəddin oğlu, X12, X3 və X10 birgə mülkiyyətinə xitam verilməklə, onun əvəzinə verilmiş, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Qusar rayon Xuluq Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş 13 may 2005-cı il tarixli akta və Qusar rayon Xuluq Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerququluşu planında qeyd oluan 3 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(029)-260/2006 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. MA seriyalı, ******* saylı mülkiyyət hüququna dair Çıxarışa əsasən İddiaçı, X5, X7, Başaratov Rəşad Nazəddin oğlu, X12, X3 və X10 birgə mülkiyyətinə verilmiş, AA seriyalı, 021779 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədində qeyd olunan, Qusar rayon Xuluq kəndində yerləşən 3.397 hektar torpaq sahəsi üzərində İddiaçı, X5, X7, Başaratov Rəşad Nazəddin oğlu, X12, X3 və X10 birgə mülkiyyət hüququna xitam verilməklə, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Qusar rayon Xuluq Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən tərəfindən təsdiq edilmiş 13 may 2005-cı il tarixli akta əsasən 3.397 hektar torpaq sahəsinin əvəzinə verilmiş, Qusar rayon Xuluq Bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerququluşu planında qeyd oluan 3 (üç) ha torpaq sahəsi üzərində İddiaçı, X5, X7, Başaratov Rəşad Nazəddin oğlu, X12, X3 və X10 birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar