Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3768/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(060)-4997/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(060)-4997/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(060)-4997/2021 saylı qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 41a, 4a saylı evin, 8 saylı mənzilinə istifadə hüququnun tanınmaqla həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2009-cu ilin dekabr ayında faktiki, 08.07.2014-cü il tarixdə isə nikah münasibətlərini rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 25.06.2014-cü il təvəllüdlü Fatimə və 15.06.2019-cu il təvəllüdlü Mədinə adlı iki nəfər uşaqları doğulmuşdur. O, 2009-cu ildən sözügedən mübahisəli mənzilə yəni, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə gəlin köçmüşdür. Ailə qurduqları gündən o, cavabdehlə birlikdə həmin ünvanda yaşamış və birgə təsərrüfat aparmışlar. Nikahlarının ilk illərində münasibətləri normal olsa da, son vaxtlar cavabdehin təqsiri üzündən ailədəki münasibətlər gərginləşmiş və dözülməz həddə çatmışdır. Bir müddət öncə aralarında mübahisə olduğu üçün o, məcbur olub, uşaqları ilə birlikdə mənzili tərk etmişdir. Bir müddət sonra uşağının paltarlarını götürmək üçün mənzilə qayıtdıqda, mənzilin çöl qapısının açarının dəyişdirildiyinin şahidi olmuş və dərhal cavabdehə mənzilə qayıtmaq istədiyini bildirsə də cavabeh, onu mənzilə buraxmamışdır. Hazırda, uşaqlar onun himayəsindədir və onlar ayrı yaşayırlar. Cavabdeh onu və uşaqları evə buraxmır. Hal-hazırda evsiz qalmışdır, yaşamağa yeri yoxdur və müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sumqayıt şəhəri, məhəllə 41a., 4a saylı evin, 8 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə 08 iyul 2014cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan Mədinə və Şəbinə adlı iki nəfər uşaqları doğulmuşdur. Ailə qurarkən özünə məxsus mənzili olmamış və İddiaçı onun qardaşına məxsus olan ünvan 2 ünvana gəlin köçmüşdür. Həmin vaxt mənzilin mülkiyyətçisi qardaşı X10 olmuşdur. Onlar ailə qurduqdan xeyli müddət sonra qardaşı Vaqif Nəsibov qeyd olunan mənzili bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Qardaşı həmin mənzili 18 avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 almış, mənzil onun xüsusi mülkiyyəti olmuşdur. Ailə quran zaman yaşamağa yeri olmadığı üçün qardaşına məxsus mənzildə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı heç bir əsas olmadan, onunla birlikdə bir ailədə yaşamaq istəmədiyini bildirərək, özü öz təşəbbüsü ilə məhkəməyə müraciət edərək, nikahın pozulmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. İddiaçı artıq onun ailə üzvü deyil, onların arasında olan ailə münasibətlərinə xitam verilmiş, məhkəmə qətnaməsindən 4-5 ay öncə isə ümumiyyətlə o, azyaşlı uşaqlarını da götürüb qeyd olunan mənzildən öz istəyi ilə getmiş və hal-hazırda öz valideyinlərinə məxsus mənzildə yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 18 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcələsinin 228.5-ci maddəsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin və Azərbaycan Respublikası MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, rədd olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ancaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 08.07.2014-cü il tarixdə Sumqayıt nikah evində Cavabdeh və İddiaçı arasında akt qeydləri kitabında 186 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Nəsibova” soyadı verilmişdir. Birgə nikahdan tərəflərin 25.06.2014-cü il təvəllüdlü Fatimə və 15.06.2019-cu il təvəllüdlü Mədinə adlı iki nəfər uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(060)4326/2021 saylı qətnamə ilə Cavabdeh və İddiaçı arasında 08.07.2014-cü il tarixdə Sumqayıt nikah evində bağlanmış 186 nömrəli akt qeydli nikah pozulmuşdur. Birgə nikahdan anadan olmuş 25.06.2014-cü il təvəllüdlü X7 və 15.06.2019-cu il təvəllüdlü X4 - anası İddiaçı yanında qalması qət edilmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın hüquqi rejimi barədə sorğuya cavabdan görünür ki, Sumqayıt şəhəri, məhəllə 41a, 4a saylı evin, 8 saylı mənzili Sumqayıt şəhər 1 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 18.08.2007-ci il tarixli, 4Ə-2-54 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X6 adına qeydiyyata alınmış və 07.09.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 13.12.2014-cü il tarixli, 4Ə-5260 resyestr nömrəli bağışlanma müqaviləsi ilə sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Tərəflər 2009-cu ilin dekabr ayında faktiki nikah münasibətinə daxil olarkən mənzilin mülkiyyətçisi ilk iddia üzrə cavabdehin qardaşı X10 olmuş, hazırda isə mənzilin mülkiyyətçisi Cavabdehdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin dəyişməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Göründüyü kimi şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, tərəflər arasında olan nikah qeydi Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(060)-4326/2021 saylı qətnaməsi ilə pozulmuş, İddiaçı həmin vaxtdan 4-5 ay öncə mənzildən çıxmış və tərəflər hazırda bir yerdə yaşamırlar. İlk iddia üzrə iddiaçının mübahisəli mənzilə istifadə hüququ olmadığına görə mübahisəli mənzilə köçürülə bilməz. Bundan əlavə İddiaçı uşaqları ilə birlikdə mənzilə köçürülməsi tələbinə münasibət bildirərək göstərmişdir ki, həmin tələbin də hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə uşaqların İddiaçı yanında saxlanılması qət edilmiş və hazırda da uşaqlar anasının himayəsində yaşayırlar. Həmçinin birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münaibət bildirərək hesab etmişdir ki, ilk iddia üzrə İddiaçı mübahisəli mənzilə istifadə hüququ olmadığına görə, onun həmin mənzilə istifadə hüququ da itirilmiş hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalan maddi hüquq normalarının tələblərinə, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddianı təmin etməkdən imtina etdikdə düzgün nəticəyə gəlmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(060)-4997/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3768/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3768/2021
29.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver