Məhkəmə qərarları › İş №2(105)-3779/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3779/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3779/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Faqif oğluna qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və əmlak tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) iddianın təmin edilməsi, Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı qayatarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə həyat yoldaşı arasında ona məxsus olmuş “Renault Megane” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, “Renault Megane” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mükiyyət hüququ ilə ona məxsus olmuşdur. Əvvəllər tanıdığı Rüstəm adlı şəxs bildirmişdir ki, onun tanışı olan Cavabdeh1 adlı şəxs avtomobil almaq istəyir və onda olan model maşın axtarır. Avtomobilini satmaq niyyətində olduğundan bununla razılaşmış və cavabdeh maşına baxmaq üçün həyətlərinə gəlmişdir. Cavabdehlə avtomobilin qiymətini razılaşdıqdan sonra belə bir razılıq əldə etmişlər ki, cavabdeh avtomobilin pulunu aylıq 350 manat olmaqla hissə-hissə ödəyəcək. Lakin bir müddət sonra aylıq ödənişlərdə problemlər yaranmış və pulu vaxtı vaxtında ödəməmişdir. Onunla əlaqə saxlayaraq məsuliyyətli olmasını xahiş etmişdir. Bir müddət sonra cavabdeh Rüstəm adlı tanışla yanına gələrək bildirmişdir ki, bilirəm ki, borcu çoxdur, lakin borcdan 4000 manat pul gətirmişdir. Pulu bu şərtlə verə bilər ki, ona nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə versin, çünki, pulu həyat yoldaşından almış, o da deyir ki, mütləq nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə olmalıdır və həmin etibarnaməni gözü ilə görməlidir ki, bu pulu versin. Borcun tam ödənilməsini istəmiş və bu təklifə razılaşmamışdır. Tanışı Rüstəm və Sahib çöldə 15-20 dəqiqə danışdıqdan sonra belə nəticəyə gəlmişlər ki, etibatnamə verilsin və xanımın verdiyi pul ödənilsin, tanışı Rüstəm və cavabdeh Sahib də bildirmişdir ki, ona verilməli olan geridə qalan 2500 manat pul 2021-ci ilin aprel ayının sonunadək tamamilə ödəniləcək. Əgər gecikmə olsa, etibarnaməni ləğv edib, maşınını geri tələb edər. Onlara inanaraq, 20.04.2021-ci ilədək gözləmişdir. Sonra Rüstəm və Sahibə zəng vurmuş, hətta sms bildiriş də göndərmişdir. Bildirmişdir ki, sizin dediyiniz vaxt gəlib çatıb. Rüstəm bildirmişdir ki, Sahibin ona pul vermək fikri yoxdur, avtomobili də dərhal arvadının adına keçirib, heç telefonlarına cavab vermir. Dərhal notariat kontoruna gedərək cavabdehə verilmiş etibarnaməni ləğv etmişdir. Bu günədək də ona edilən zənglər cavabsız qalır. Görünən budur ki, cavabdeh məqsədli şəkildə ona məxsus olan əmlaka sahib çıxmaq istəyirmiş və onu aldadırmış. Belə ki, avtomobilin dərhal onun arvadının adına keçirilməsi birbaşa onun niyyətinin nə olduğunun göstəricisidir. Cavabdehin hərəkətlərini ona məxsus olan əmlaka qəsd kimi dəyərləndirir və eyni zamanda qeyd edirəm ki. Renault Megane minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində Cavabdeh1 ilə həyat yoldaşı arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. İddiaçı avtomaşını faktiki olaraq ona 17150 manat satdığını bildirir. Onun hesabına görə həmin pulu tam olaraq ödəmişdir. Amma iddiaçı 2500 manat qaldığını deyir. Şahid Rüstəm isə onların arasında axırıncı söhbət olaraq 1150 manat söhbət olduğunu bildirir. Bu söhbət olmuşdur, lakin o, buna razılıq verməmişdir. Əksinə bu sözü Rüstəm vermişdir. Ona dedi ki, əgər 1150 manat o ödəməsə, o özü, ödəyəcəkdir. Çünki bu məbləğ danışdığından əlavə məbləğ idi. Əgər onun borcu qalmış olsaydı ona avtomaşınla istədiyi qaydada sərəncam verə bilmək üçün baş etibarnamə verməzdi. İddia qaldırılanda artıq maşın satılmışdır. Alan vicdanlı alıcıdır. Alqı-satqıda mülkiyyətçinin mənafelərinə toxunan hər hansı bir hal yoxdur. Aralarında yeganə narazılıq onun fikrincə məbləğin tam ödənilməməsidir. Şamaxı Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(074)-649/2021 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan avtomobilin qanuna uyğun olmadığı halda alqı-satqı müqaviləsi ilə satmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AD № 288645 nömrəli nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” minik markalı, 2005-ci il buraxılışlı, gümüşü metallik rəngli, VF1KMSE********** ban nömrəli, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İşdə olan 12.03.2021-ci il tarixli ƏN-Vİİ № 664347 saylı etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 12.03.2022-ci il tarixinədək 1 il müddətinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər qeydiyyata salmaq qeydiyyatdan çıxarmaq ərizə vermək səlahiyyətlərini etibar etmişdir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı özünə məxsus Renault Megane minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq barədə Cavabdeh1 ilə aralarında razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən iddiaçı 17150 manat müqabilində avtomobili Cavabdeh1 satmağa öhdəsinə götürmüşdür. Maşının pulundan ilkin 3500 manat verilmiş. Aylıqda 350 manat verilmişdir. Daha sonra 4200 manat Cavabdeh1 tərəfindən İddiaçı vermişdir. Avtomobilin pulundan 1150 manat qalmışdır. Lakin cavabdeh həmin avtomobili iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında digər Cavabdeh2 satmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsini tətbiq etdikdə maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəflər arasında alqı-satqı müqaviləsinin ləğv etdikdə, həmin müqavilənin tərəflərini müəyyən etməmişdir və ümumiyyətlə həmin sənədi işə əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə iştirak edən şəxslər hazırkı mübahisə ilə əlaqədar əvvəl cavabdehə şəxsə müraciət etməli və müraciəti müsbət həll olunmazsa, bu halda yuxarıda qeyd olunan hüquq normalarına əsasən etməklə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair ərizəsinə baxmaqla səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263- 264, 365 və 384.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 02 avqust 2021-ci il tarixli 2(074)-649/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Faqif oğluna qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və əmlak tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar