Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3780/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağali oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)-7036/2021 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)-7036/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Azər İsmayılov) ərizəçi X5 doğum haqqında qeydə düzəliş edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmış, Ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər VVAQ şöbəsində tərtib edilmiş 29.07.1996-cı il tarixli, 42 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək, doğum yerinin Gürcüstan Respublikası, Marneuli rayonu, Kütlər kəndi kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardaddan narazıdır. Belə ki, xx.xx.1985-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunun Kütlər kəndində anadan olmuş, həmin rayonda doğum haqqında şəhadətnamə almışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 21.06.1996-cı il tarixli, 442 saylı sərəncamına əsasən bibisi X1 övladlığına verilmişdir. Həmin sərəncama əsasən soyadı, adı və ata adı olduğu kimi saxlanılmış, lakin doğum yeri dəyişdirilərək Sumqayıt şəhəri yazılması qərara alınmışdır. Bu sərəncam əsasında Sumqayıt şəhər VVAQ şöbəsində 29.07.1996-cı il tarixdə 42 saylı doğum haqqında akt qeydi aparılmış, qeyddə doğum yeri Sumqayıt şəhəri yazılmış, onun adına doğum haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt uşaq olduğu üçün bu barədə olan məsələlərə hüquqi müdaxilə etmək imkanı olmamışdır və prosessual hüquq qabiliyyəti olmamışdır. Hazırda Gürcüstanda yaşayır və bir çox məsələlərdə doğum yerinin Sumqayıt şəhəri yazılması ona problemlər yaradır. Ona yerli sakin kimi deyil, kənardan gəlmə sakin və vətəndaş kimi yanaşma mövcuddur. Bu isə onun daimi yaşayış yeri olan Gürcüstanda bir çox problemlər yaradır. Ona görə də bu barədə Gürcüstanda Ədliyyə Nazirliyinə müraciət etmiş, orada ətraflı araşdırma aparılmış, onun həqiqətən də Marneuli rayonunda doğulması faktı təsdiq edilmişdir. Bu barədə X4 Mülki Reyestr Xidməti qərar qəbul etmişdir. Həmin qərarda onun ərizəsinin təmin edilməsi, doğum aktı qeydinə əsasən onun xx xxxxxxx 1985-ci il tarixdə Marneuli rayonunda anadan olması təsdiq edilmişdir. Azərbaycanda da bu səhvin düzəldilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbənin 08 iyul 2021-ci il tarixli, 05/Q-166/62 saylı məktubu ilə bundan imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə işə xitam vermişdir. Məhkəmə işə baxarkən məhkəmə aidiyyatı məsələsini düzgün həll etməmiş, işin ümumi məhkəmələrdə baxılmalı olmasına dair Azərbaycan Respublikası MPM-də hüquq normaları olduğu halda, məhkəmə bu hüquq normalarının tələb və məzmununa zidd nəticəyə gəlmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilərək, işin yeni məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi ərizə üzrə işin icraatına xitam verərkən mülki işə ümumi məhkəmələrdə baxılmalı olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. İş materiallarından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 21.06.1996-cı il tarixli, 442 saylı sərəncamına əsasən Ərizəçi bibisi X1 övladlığına verilmişdir. Həmin sərəncama əsasən Ərizəçi soyadı, adı və ata adı olduğu kimi saxlanılmış, lakin doğum yerinin dəyişdirilərək Sumqayıt şəhəri yazılması qərara alınmışdır. Qeyd edilən sərəncam əsasında Sumqayıt şəhər VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 29 iyul 1996-cı il tarixdə 42 nömrə nömrə ilə Ərizəçi doğumu qeydə alınmışdır. Göründüyü kimi, Ərizəçi doğumu haqqında akt qeydi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 21.06.1996-cı il tarixli, 442 saylı sərəncamına əsasən aparılmışdır. Həmin sərəncam isə mübahisələndirilməmişdir. İş materiallarından görünür ki, ərizəçi Sumqayıt şəhər VVAQ şöbəsində tərtib edilmiş 29.07.1996-cı il tarixli, 42 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək, doğum yerinin Gürcüstan Respublikası, Marneuli rayonu, Kütlər kəndi kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsini təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ərizəçi Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etməli, imtina etdiyi təqdirdə mübahisənin həlli üçün inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Ərizəçinin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)- 7036/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3780/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3780/2021
18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver