Məhkəmə qərarları › İş №2(105)-3785/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3785/2021

17.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3785/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilin paylara bölünməsi və müvafiq sənədləşmə işlərinin aparılması tələbinə dair mülki iş üzrə məhkəmə ərazi aidiyyatının müəyyən edilməsi barədə məsələyə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə bağlanmaqla birgə nikah dövründə alınan Abşeron rayonu, Novxanı qəsəbəsi, Şıxəli Qurbanov küçəsində inşa edilən çoxmənzilli yaşayış binalarının 1 saylı binasının, 3-cü mərtəbəsində yerləşən 25 nömrəli mənzilin aralarında 1/3 hissədə Cavabdeh, 2/3 hissədə ona olmaqla paylarının bölünməsi və ona aid olan hissədə müvafiq sənədləşmənin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(021)-2544/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzilin paylara bölünməsi və müvafiq sənədləşmə işlərinin aparılması tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin tələbinin təsiri altına düşdüyünə istinad olunaraq mülki iş aidiyyat üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-6349/2021 saylı qərardadı ilə digər məhkəmənin gəldiyi nəticə ilə razılaşmamış, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin tələbinin təsiri altına düşmədiyini və iddia tələbinin birgə nikah dövründə alınan Abşeron rayonu, Novxanı qəsəbəsi, Şıxəli Qurbanov küçəsində inşa edilən çoxmənzilli yaşayış binalarının 1 saylı binasının, 3-cü mərtəbəsində yerləşən 25 nömrəli mənzilin aralarında 1/3 hissədə Cavabdeh, 2/3 hissədə iddiaçıya olmaqla paylarının bölünməsi və iddiaçıya aid olan hissədə müvafiq sənədləşmənin aparılması barədə qətnamə qəbul edilməsindən ibarətdir, başqa sözlə, hazırki iddia tələbi tikintiyə qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olmadığı üçün MPM-in 39.1-ci maddəsinini təsiri altına düşmədiyini göstərərək, mülki işin aidiyyat üzrə göndərilməsi üzrə gəlinmiş nəticəni əsaslı hesab etməmişdir. Hər iki məhkəmənin gəldiyi nəticələrdən müəyyən edilir ki, işə ərazi aidiyyatı üzrə hansı məhkəmə tərəfindən baxılması barədə fikir ayrılığı vardır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü madəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcələnin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerinə məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə görə də tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə predmeti Abşeron rayonu, Novxanı qəsəbəsi, Şıxəli Qurbanov küçəsində inşa edilən çoxmənzilli yaşayış binalarının 1 saylı binasının, 3-cü mərtəbəsində yerləşən 25 nömrəli mənzilin aralarında 1/3 hissədə Cavabdeh, 2/3 hissədə iddiaçıya olmaqla paylarının bölünməsi və iddiaçıya aid olan hissədə müvafiq sənədləşmənin aparılmasından ibarətdir. Sadalanan prosessual hüquq normaların tələblərindən göründüyü kimi iddia tələbi Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Cavabdeh qarşı mənzilin paylara bölünməsi və müvafiq sənədləşmə işlərinin aparılması tələbinə dair mülki iş aidiyyat üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar