Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-38/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(060)-8246/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(060)-8246/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia iddia ərizəsilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhəri, 2-ci məhəllə, Azadlıq küçəsi, 5/28 saylı evin 56 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçы İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 5/28 saylı evin, 56 saylı mənzili MH0010879 saylı çıxarışa əsasən 13.04.2007-ci il tarixdən X4 mülkiyyətində olmuşdur. Atası, anası və digər yaxın qohumları vəfat etdiyindən xalasının ərizəsinə əsasən Qusar rayon təhsil şöbəsinin 09 avqust 2008-ci il tarixli qərarına əsasən 11.09.2008-ci il tarixdən xalasının qəyyumluğuna verilmiş, həmin vaxtdan da mülkiyyətçi ilə birlikdə etibarlı ailə münasibətlərini yaradaraq onunla birlikdə Sumqayıt şəhəri, 2-ci məhəllə, 5/28 saylı evin 56 saylı mənzilində mülkiyyətçi ilə birlikdə yaşamışdır. X3 29.09.2012-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. O, vəfat edənə qədər evlə əlaqədar müəyyən sənədləşmə işi aparmaq istəsə də, xalasının ölməsi buna imkan verməmişdir. 18 yaşı tamam olduqdan sonra 24 yanvar 2012-ci il tarixdə mülkiyyətçi X4 ərizəsinə əsasən mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Sumqayıt şəhərində evə yaxın məktəbdə təhsil almışdır. Həmin mənzildən həqiqi hərbi xidmətə çağırılmışdır. Cavabdeh X4 birinci nikahdan olan qızıdır. Onların münasibətləri pis olmuş, xalası ərindən boşandıqdan sonra hal-hazırki cavabdehlərdən Cavabdeh1 atasının yanında qalmış, anası ilə heç bir ünsiyyət qurmamışdır. X4 vəfatından sonra cavabdeh 6 saylı notariat kontoruna qarşı mirasa vərəsəlik hüququnun tanınması, çıxarışın verilməsi, mənzilə yaşayış hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 05 fevral 2014-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 11 iyun 2013-cü il tarixli qətnaməsi onun Sumqayıt şəhəri, 2-ci məhəllə, Azadlıq küçəsi, 5/28 saylı evin 56 saylı mənzilində istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma hissəsində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2014-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə çıxarılmış 11 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli 2(105)-1522/2014 saylı qətnaməsinin əsaslandırıcı hissəsində göstərilib ki, “işdən həmçinin görünür ki, cavabdehin mübahisə predmeti olan mənzildən istifadə hüququna malik olmasını təsdiq edən hər hansı bir digər hüquq müəyyənedici sənəd, eləcə də onun mənzilindən istifadə hüququnun tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur. Qəyyumluğa götürülən yalnız mənzilin mülkiyyətçisi olan qəyyumun ailə üzvü kimi mənzildən istifadə etdiyi halda, onun həmin mənzildə istifadə hüququ yarana bilər. Qəyyumluğa götürülən cavabdehin qəyyumun ailə üzvü kimi mənzildə yaşaması və mübahisəli mənzildən istifadə hüququnun tanınması barədə məhkəmə iddia qaldırmamışdır və buna görə də hazırda onun mənzildən istifadə hüququnun mövcudluğu barədə nəticəyə gəlmək mümkün deyil”. Məhkəmə qətnaməsində göstərilən bu müddəadan istifadə edərək Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi ilə göstərilən mənzilə istifadə hüququ tanınmışdır. Mənzilə istifadə hüququnun tanındığından şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir. Hal-hazırda mənzildə qeydiyyatdadır. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdehlərdən Cavabdeh1 mənzili digər cavabdehə satmışdır. O, mübahisəli mənzilə 2008-ci ildə gəlsə də, həmin vaxt yetkinlik yaşına çatmamışdır. Çünki 24.01.1994-cü il tarixdə anadan olmuşdur. Mübahisəli mənzilə gələrkən onun 14 yaşına tamam olmuşdur. 18 yaşına tamam olandan o, mənzildə pasport qeydiyyatına alınmış və orada yaşamışdır. Hal-hazırda mənzilə qeydiyyatı və istifadə hüququ olsa da köçüb yaşaya bilmir. Bir müddət orduda qullut etmiş, ordudan qayıtdıqdan sonra maddi imkanı olmadığından məhkəməyə müraciət edə bilməmişdir. Çünki valideynləri və yaxın qohumları vəfat etmiş, yeganə qohumunun xalası isə Masallı rayonunda yaşayır. Halhazırda Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı ərazi idarəsinə müraciət edib mənzilin hüquqi rejimini müəyyən etmək istəmişdir. Cavabdehlərdən Cavabdeh1 göstərilən mənzili 19.05.2015-ci il tarixdə Sumqayıt şəhəri 2 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən X1. O, da öz növbəsində mənzili Sumqayıt şəhər 3 saylı notariat kontorunda 19.05.2018-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2. Hal-hazırda mülkiyyətçi həmin xanımdır. Göstərilənləri nəzərə alaraq, onun Sumqayıt şəhəri, 2-ci məhəllə, Azadlıq küçəsi, 5/28 saylı evin 56 saylı mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsilə eyni məzmunlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi bir sıra maddi və prosessual hüquqları pozmaqla qərar qəbul etmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Mülki Məcəllənin bir sıra maddələrinə, o cümlədən əqdin qeydiyyatı ilə bağlı maddələrə istinad etmişdir. O, ümumiyyətlə mülkiyyətçinin bağladığı əqdi mübahisələndirmir. Buna onun subyektiv hüququm yoxdur. O, yalnız istifadə hüququ yaranmış mənzilə köçürülməyi barədə iddia qaldırmışdır. Məhkəmə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, 228.1. 228.2 maddələrinə istinad etmişdir. Məhkəmə artıq yaranmış və qanunvericiliklə müəyyən edilmiş münasibətlərə yenidən münasibət bildirir. Ona görə də qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini müdafiə edib iş üzrə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X14 apellyasiya şikayətini qəbul etmədiklərini bildirib qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumatlı olsalar da, heç bir üzürlü səbəb göstərmədən növbəti məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, N-0010879 saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 5/28 saylı evin 56 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan Qusar Rayon Təhsil Şöbəsinin Müdirinin 11.09.2008-ci il tarixli sərəncamının surətindən görünür ki, 24.01.1994-cü il təvəllüdlü Qusar şəhəri, Z.Bağışov küçəsi, 69№-li evdə yaşayan İddiaçı Sumqayıt şəhəri, 2-ci məhəllə, 5/28-ci evin 56 nömrəli mənzilində yaşayan X3nın qəyyumluğuna verilmişdir. Yenə də iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 28.10.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 11 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin tarixli qərardadla pasport qeydiyyatından çıxarılma tələbi hissəsində iddia baxılmamış saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 11 iyun 2013-cü il tarixli qətnaməsi Sumqayıt şəhəri, 2-ci məhəllə, Azadlıq küçəsindəki 5/28 saylı evin 56 saylı mənzilindən İddiaçı istifadə hüququnun itirilməsi və onun həmin mənzildən çıxarılması hissələrində dəyişiklik edilmədən saxlanılmış və apelyasiya şikayəti təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 25.06.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 56 saylı mənzil Sumqayıt İcra hakimiyyətinin nümayəndəsi ilə vətəndaş arasında bağlanmış və Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş 6m-938 reyestr nömrəli, 09.08.1993-cü il tarixli bağışlanma müqaviləsi əsasında X5 adına qeydiyyata alınmış və Sumqayıt şəhəri Texniki İnventarlaşdırma idarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş 2v1/38 reyestr nömrəli, 18.03.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil sahəsi X4 adına qeydiyyata alınmış və ********* qeydiyyat nömrəli, 13.04.2007-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2076/2013 saylı, 11.06.2013-cü il tarixli icra vərəqəsi əsasında mənzil sahəsi X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 30.04.2015-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. 19.05.2015-ci il tarixdə idarəyə daxil olan Sumqayıt şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 4Ə-148 reyestr nömrəli, 18.05.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil sahəsi X7 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 21.05.2015-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. 29.09.2015-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7760/2015 saylı, 22 iyul 2015-ci il tarixli icra vərəqəsi əsasında mənzil üzərinə həbs qoyulmuş, 2(060)- 13144/2016 saylı iş üzrə 23.11.2017-ci il tarixli qərardadı əsasında həbsin götürülməsi barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Sonradan idarəyə daxil olan Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 4Ə-181 reyestr nömrəli, 19.05.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil sahəsi Cavabdeh2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 29.06.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Yenə işə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 03.08.2018-ci il tarixli, 2(60)- 5221/2018 saylı qiyabi qətnaməsindən və Sumqayıt Apellyasiya Məhkəməsinin 26.05.2021ci il tarixli, 2(105)-952/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Sumqayıt şəhəri. 2-ci məhəllə, Azadlıq küçəsi, 5/28 saylı evin 56 saylı mənzilinə istifadə hüququ tanınmış, lakin sonradan qiyabi qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. İş materiallarında olan AZE seriyalı N-19163431 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Azadlıq küçəsi, məhəllə 2, ev 5/28, mənzil 56-da qeydiyyatdadır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(060)-8246/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 11 iyun 2013-cü il tarixli qətnaməsilə Sumqayıt şəhəri, 2-ci məhəllə, Azadlıq küçəsindəki 5/28 saylı evin 56 saylı mənzilindən İddiaçı istifadə hüququnun itirilməsi və onun həmin mənzildən çıxarılması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 28.10.2014-cü il tarixli qətnaməsi ilə həmin hissələrində qətnamə dəyişiklik edilmədən saxlanılmış və apelyasiya şikayəti təmin olunmamışdır. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. İddiaçı iddiasını Sumqayıt Şəhər Məhkəməsinin 03.08.2018-ci il tarixli, 2(60)-5221/2018 saylı qiyabi qətnaməsinə istinad etməklə əsaslandırmışdır. Daha öncə qeyd olunduğu kimi hazırki mübahisəyə apellyasiya baxışı zamanı həmin qətnamə ləğv edilmiş və iddia rədd edilmişdir. Başqa sözlə, hazırki halda iddianın təmini üçün heç bir hüquqi əsas qalmamışdır. AR MPM-nin 82.3-cü maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə İddiaçı mübahisəli mənzilə olan istifadə hüququnun itirilməsi və onun həmin mənzildən çıxarılması qət edilmiş və qətnamə icra edilmişdir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Belə olan halda məhkəmə kollegiyası şikayətin dəlillərinə uyğun əlavə araşdırmaya zərurət görmür. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı tərəfindən apellyasiya şikayətinin əsaslarına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə işin faktiki hallarına, həmçinin qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(060)- 8246/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-38/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-38/2022
22.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver