Məhkəmə qərarları › İş №2(105)-380/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-380/2022

28.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-380/2022 28.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı vəkili Vəkil, cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinin nümayəndəsi X1 iştirak ilə Qusar Rayon Məhkəməsinin 23 iyul 2007-ci il tarixli, 2-315/2007 saylı qətnaməsindən maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi F.Nuşiyevin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 23 iyul 2007-ci il tarixli, 2-315/2007 saylı qətnaməsi ilə (hakim T.Ə.Məmmədov) İddiaçı cavabdeh Qusar rayon Hiloba bələdiyyəsinə qarşı torpaq islahatı ilə nəzərdə tutulmuş pay torpaq sahəsi tələbinə dair iddia təmin edilib, Qusar rayonu, Hiloba kənd sakini İddiaçı Quba rayon Hiloba bələdiyyəsi ərazisindən 0,70 hektar torpaq payının verilməsi və torpaq payının İddiaçı adına rəsmiləşdirilməsinin Qusar rayon Hiloba bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin rəisi F.Nuşiyev apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 23 iyul 2007-ci il tarixli, 2-315/2007 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Qusar rayon Hiloba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Qusar rayonu Hiloba kəndində torpaq islahatı ilə nəzərdə tutulmuş norma üzrə pay torpaq sahəsinin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, 0, xx xxxxxx 1970-ci il tarixdə Qusar rayonu, Hil kəndində anadan olmuşdur 1993-cü ildən Qusar rayonun Hiloba kəndində yaşayır, orada qeydiyyatdadır. Buna baxmayaraq yerli Aqrar İslahat Komissiyası onu torpaqdan pay almaq hüququ olan subyektlərin sırasına daxil etməmiş, ona torpaq islahatı ilə nəzərdə tutulmuş torpaq payı verilməmişdir. Aqrar islahatlar keçirilən zaman kənddə adambaşına 0,70 hektar torpaq sahəsi düşmüşdür. Bu normaya uyğun olaraq ona torpaq sahəsi düşməli idi. Aqrar islahatlar keçiriləndən sonra qalan torpaq sahələri Hil-oba bələdiyyəsinin balansına keçmişdir. Hesab edir, ki, yerli Aqrar İslahat Komissiyası tərəfindən “X4” Qanunu tələbləri pozulmuşdur. Ona görə də Qusar rayon Hiloba bələdiyyəsinin hesabından ona bir norma üzərə 0,70 ha pay torpaq sahəsi ayırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı tərəf Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi 23 iyul 2007-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 146.3, 178.1, 329.1-ci maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1, 67.3, 6.4, 68-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qusar rayon Quxuroba bələdiyyəsinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı tərəf Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbəi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən maraqlı tərəf Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Qusar Rayon İcra Hakimiyyəti başçısının Quxuroba kənd ərazi üzrə nümayəndəsinin 07 iyul 2007-ci il tarixli, 591 saylı arayışı ilə müəyyən edilir ki, İddiaçı 1993-cü il tarixdən hal-hazıra kimi Qusar rayonu, Hiloba kəndində pasport qeydiyyatındadır. Qusar rayon Hiloba bələdiyyəsinin 07 iyul 2007-ci il tarixli, 23 saylı arayışı ilə müəyyən olunur ki, İddiaçı Qusar rayonu, Hiloba kəndi ərazisində pay torpaq sahəsi düşməmiş və Qusar rayonu, Hiloba kəndində bir nəfərə düşən torpaq payı norma üzrə 0,70 hektardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-ci maddəsinnə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Sovxoz və kolxozların islahatı” haqqında Qanunun 25-ci maddəsinə görə fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. İş materiallarından isə görünür ki, iddiaçı yerli aqrar islahat komissiyasının qərarından, hərəkət və ya hərəkətsizliyindən qanunla müəyyən edilmiş müddətdə və qaydada şikayət verməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunvericiliyin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl edib, ilk olaraq Aqrar İslahat Komissiyasının hazırkı hüquqi varisi olan müvafiq orqana müraciət etməli və həmin orqan tərəfindən imtina edildikdə, yaxud həmin tələbin təmin edilməsinin mümkün olmaması bildirildikdən sonra aidiyyatı məhkəməyə müraciət olunmalıdır. Lakin, iş materiallarında iddiaçı tərəfindən torpaq sahəsinin ayrılması barədə müvafiq orqana müraciət edilməsi və müvafiq cavabın alınması barədə heç bir sübut mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 150- ci maddəsinə əsasən (köhnə redaksiyada MPM-nin 150.0.2-ci maddəsi, yeni redaksiyada 150.1.2-ci maddəsi) iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. İş materialları ilə müəyyən olur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödəməli olduğu dövlət rüsumu onun adından deyil, işin 4-cü vərəqəsində olan 09 sentyabr 2006-cı il tarixli qəbz başqa bir şəxsin Sima Xəlilova adlı şəxsin adından ödəniş aparılmış və iddiaçı tərəfindən həmin nöqsan aradan qaldırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, İddiaçı cavabdeh Qusar rayon Hiloba bələdiyyəsinə qarşı torpaq islahatı ilə nəzərdə tutulmuş pay torpaq sahəsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı tərəf Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 23 iyul 2007-ci il tarixli, 2-315/2007 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Qusar rayon Hiloba bələdiyyəsinə qarşı torpaq islahatı ilə nəzərdə tutulmuş pay torpaq sahəsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar