Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3809/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçı X5, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin 15 senyabr 2021-ci il tarixli, 2(027)-1640/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 15 senyabr 2021-ci il tarixli, 2(027)-1640/2021 saylı qətnaməsi ilə (hakim V.M.Seyidov) iddiaçı X1 Cavabdeh qarşı valideyinin əlavə xərclərə cəlb olunması və aliment tələbinə dair iddia qismən təmin olunub, Cavabdeh 18 fevral 2019-cu il təvəllüdlü X2 müalicə olunması üçün 6 (altı) ay müddətinə əlavə xərc olaraq hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti və X2 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 15 senyabr 2021ci il tarixli, 2(027)-1640/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2019-cu il təvəllüdlü X2 müalicə olunması üçün Cavabdeh hər ay 50 manat əlavə xərc və 18 fevral 2019-cu il təvəllüdlü X2 3 yaşı tamam olana qədər Cavabdeh 100 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 və Cavabdeh 04 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 18 fevral 2019-cu il tarixdə Mazədə adlı bir nəfər qızları doğulmuşdur. Quba Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(027)- 384/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment, uşağın müalicə olunması üçün 6 ay müddətində əlavə xərc olaraq 50 manat pul vəsaitinin tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh Quba rayonu Kəlnov kənd orta məktəbində müəllim işləyir, təsərrüfatla məşğul olur ki, bu da onun gəlir əldə etməsi deməkdir. Lakin bir ata kimi qızına heç bir maddi yardım göstərmir və dolanışığı ilə maraqlanmır. Hamilə vaxtı psixoloji stres və sarsıntı vəziyətində keçirdiyi hamiləlik övladının ürək qüsurlu doğulmasına səbəb olmuşdur. Ürək qüsurlu övladının bütün müalicəsini və xərclərini valideynləri çəkir. Maddi vəziyyəti hədsiz dərəcədə ağır olduğundan uşağının maddi və digər ehtiyaclarını ödəmək iqtidarında deyildir. Azyaşlı Mazədənin xəstəliyi davam edir. Bununla bağlı 01.06.2021-ci il tarixli Respublika Uşaq Klinik xəstəxanasının stasionar xəstənin tibbi vərəqəsindən 603 saylı çıxarışdan göründüyü kimi, Mazədə anadangəlmə ürək qüsuru VSD diaqnozu ilə doğulub, son vaxtlar şikayətləri artdığı üçün RUKX-ya göndərilib. Xəstəliyi davam edir və mütəmadi müalicə alır. Özü uşağa qulluq etdiyi üçün heç bir yerdə işləyə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 15 senyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 85.1-ci maddələrinin və «Sosial müaviənətlər haqqında» Azərbaycan Respublikası Qanunun 4.0.1.4-cü bəndlərinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv dilib, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında AZ-İV seriyalı, 369324 №-li şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından 18.02.2019-cu il tarixdə X7 anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(027)-384/2021 saylı qətnaməsi ilə Cavabdeh 10 dekabr 2020-ci il tarixdən başalayaraq 18 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin və 18 fevral 2019-cu il təvəllüdlü X2 müalicə olunması üçün altı ay müddətində əlavə xərc olaraq hər ay 50 (əlli) manat pul vəsaitinin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Respublika Uşaq Klinik Xəstəxanası publik hüquqi şəxs Stasionar xəstənin tibbi vərəqəsindən 603 nömrəli çıxarışdan görünür ki, 18 fevral 2019-cu il təvəllüdlü X7 ürək qüsurludur. Quba rayon Zərqova İƏD üzrə nümayənədiliyinin 04 avqust 2021-ci il tarixli, 256 saylı arayışdan görünür ki, Cavabdeh nümayəndəliyin Kələnov kənd sakini olub, hal-hazırda həmin kənddə yaşayır. Quba rayon Zərqova İƏD üzrə nümayənədiliyinin 05 avqust 2021-ci il tarixli, 257 saylı arayışından görünür ki, Cavabdeh Zərqova kənd İƏD üzrə nümayəndəliyinin ərazisində onun hesabında təsərrüfatı yoxdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 330 saylı arayışdan görünür ki, Babayev X6 tam orta məktəbində 2014-cü il tarixdən müddətsiz müqavilə ilə işləyir və aylıq əmək haqqı məbləği 401 manat 11 qəpik təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin dinqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanun normalarının tələbinə əsasən iddiaçının azyaşlı Mazədə Babayevanın müayinə və müalicəsinə sərf etmiş olduğu vəsait onun saxlanılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əlavə xərclər hesab edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mazədə Babayevanın müalicəsi ilə bağlı faktiki çəkilmiş əlavə xərclərə digər valideyni olan cavabdehi cəlb edə bilər. Həmin xərclərin hansı məbləğdə olmasını sübut etmə vəzifəsi isə iddiaçı X1 üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. BMT-nin Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən «uşaq qanunla və digər vasitələrlə sosial müdafə ilə təmin olunmalı, onun fiziki, əqli mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir». Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olnumalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hazırki qaydada həlli tərəflərə, xüsusən də uşaqlara münasibətdə qanuni və əsaslı olmaqla ədalətlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 15 senyabr 2021-ci il tarixli, 2(027)-1640/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3809/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3809/2021
15.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver