Məhkəmə qərarları › İş №2(105)-3812/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3812/2021

29.12.2021 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3812/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, Maraqlı şəxs iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(074)-1178/2019 saylı qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(074)-1178/2019 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilib, Maraqlı şəxs (doğulduğu tarix-xx.xx.1996-cı il, doğulduğu yer Azərbaycan, Şamaxı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Maraqlı şəxs apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(074)-1178/2019 saylı qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 118959,39 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanın rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix-xx.xx.1996-cı il, doğulduğu yer Azərbaycan, Şamaxı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 25.09.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) 118959,39 manat məbləğində (o cümlədən, vergilər üzrə 113191,15 manat, faizlər üzrə 5768,24 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 31.07.2019-cu il tarixli, **********594700 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 21 oktyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 25.3, 26.1, 26.2, 71.1, 71.2, 129.3-cü maddələrinin, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, X3 onu aldadaraq öz adına etibarnamə almış, həmçinin "xxxx" MMC-nin adına düzəlmiş saxta sənədlərlə dolayısı yolla özünə bir sıra hüquqlar əldə etmişdir. Bu hüquqlardan sui-istifadə edərək, başqa şəxslərlə cinayət əlaqəsinə girmiş, müxtəlif cinayət əməlləri törətmiş və nəticədə bir sıra digər zərərçəkənlərlə birlikdə onun əsassız olaraq dövlətə qarşı vergi borcu yaranmışdır. Vergi borcunun yaranmasına səbəb olan bütün hallara lazimi hüquqi qiymət verilmiş, borcun yaranmasında təqsirli olan şəxslər cinayət məsuliyyətinə cəlb edilmiş, borc onlar tərəfindən ödənilmiş və onun adına olan vergi borcu sıfırlanmışdır. X2 cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəmə hökmü vardır. Hazırda onun vergi borcu mövcud deyildir. Ölkədən çıxışının müvvəqqəti məhdudlaşdırılmasına səbəb olan bütün hallar aradan qaldırılmışdır. O, isə digər vətəndaşlar kimi maneəsiz hərəkət edə bilmir, hüquqları əsassız məhdudlaşdırılır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafi edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini maraqlı şəxsin rəhbəri olduğu "xxxx" MMC-nin dövlət büdcəsinə vergi borcunun olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və işin hallarına obyektiv hüquqi qiymət verilmişdir. Belə ki iş materialarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən ərizəyə əlavə olunmuş “Hüquqi şəxs haqqında məlumat”lardan müəyyən edilir ki, “Armand İNŞAAT”MMC-nin (VÖEN: **********) rəhbəri Maraqlı şəxs 08.08.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 118299,97 manat borcunun olduğu bildirilmiş, həmin borcu 10 gün müddətində ödəməsi tələb edilmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) 20.09.2019-cu il tarixli şəxsi hesab vərəqindən görünür ki, "xxxx" MMC-nin cəmi ödənilməli borcu 123147,48 manat təşkil edir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx xxxxxx 1996-cı ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Şamaxı şəhərində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası MPM-nin 305.1.12-ci maddəsinə görə məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 355-7.6-cı maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək, müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə çıxarır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli, 1386-İVQD nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Fərmanının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci və 355-7.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Vergilər Nazirliyinin həyata keçirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsinə aid edilmişdir. İstinad edilən qanunvericilik normalarının təblərindən göründüyü kimi, qanunla müəyyən ediimiş müddətdə ödənilməmiş borc məbləğinin olması maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsasdır. Göstərilən normaların məzmunundan göründüyü kimi vergi ödəyicisi qanunda müəyyən edilmiş müddətdə vergi öhdəliklərini icra etmədikdə, qanun vergi orqanına öhdəliyə əməl etməmiş fiziki və yaxud hüquqi şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşmasına dair qəbul edilən məhkəmə aktı şikayət verilmə müddəti gözlənilmədən dərhal qüvvəyə minir. İcraatın dayandırılması hazırkı iş üzrə əhəmiyyətli deyil. Digər işdə vergi borcunun qanunsuz hesablanması təsdiq olunacağı təqdirdə hazırkı məhdudiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən götürülür. İş üzrə icraat dayandırıldığı təqdirdə də maraqlı şəxsin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması qüvvədə qalır. Məhdudiyyətin qoyulması borcun mövcudluğu ilə əlaqədardır, borc silindiyi təqdirdə hazırkı iş üzrə mübahisə də başa çatır. Qeyd olunan apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək məhkəmə kollegiyası nəzərə alır ki, vergi ödəyici kimi maraqlı şəxsin rəhbəri olduğu MMC-nin vergi borcu vardır. Cavabdeh apellyasiya şikayətində təsisiçi olaraq MMC-nin rəhbri kimi işə düzəlmək məqsədi il şəxsiyyət vəsiqəsini verdiyini və MMC-nin rəhbəri olmadığını, lakin icraçı direktorun faktiki olaraq onun olduğunu göstərmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, vergi ödəyicisi kimi MMC-nin rəhbəri Maraqlı şəxsdur. Ona görə də, birinci instansiya məhkəməsi dövlət büdcəsinə olan 118959,39 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul etməklə haqlı olmuşdur. Maraqlı şəxs onun adına dövlət qeydiyyatına alınmış hüquqmüəyyənedici sənədlər əsasında vergi borcunun yaranmasına səbəb olan bütün hallara lazimi hüquqi qiymət verildiyini və "xxxx" MMC-nin qurucusu olan X2 əməlində cinayət tərbiki olmaqla onun cinayət məsuliyyətinə cəlb olunması nəticəsində onun adına olan vergi borcunun sıfırlanmasına istinad etsə də, məhkəmə araşdırması zamanı bu hal təsdiqini tapmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(074)-1178/2019 saylı qətnaməsi dəyişdirilmdən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar