Məhkəmə qərarları › İş №2(105)-3826/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3826/2021

17.12.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3826/2021 17.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 Ərizəçi Məhi qızının nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(060)-6250/2021 saylı qətnaməsindən Ərizəçi Məhi qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(060)-6250/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) Ərizəçi Məhi qızının – 29 yanvar 1979-cu il təvəllüdlü keçmiş həyat yoldaşı Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsinə dair ərizəsi təmin edilməmişdir. Ərizəçi Məhi qızı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(060)-6250/2021 saylı qətnaməsinin ləğv edilərək ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi Məhi qızı ərizə ilə məhkəməyə müraciət edərək, 29 yanvar 1979-cu il təvəllüdlü keçmiş həyat yoldaşı Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 29 yanvar 1979-cu ildə Manqışlaq rayonunda anadan olmuş Qasımov Zahir Əhməd oğlu ilə 01 dekabr 2003-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan 07.07.2004-cü il tarixdə Umamə, 10.02.2006-cı il tarixdə Abdulkərim, 05.11.2008-ci il tarixdə Əsma və 18.04.2013-cü il tarixdə Mərva adlı dörd nəfər uşaqları vardır. Qasımov Zahir Əhməd oğlu 2005-ci ildə heç bir səbəb olmadan evi tərk edib getmiş, həmin vaxtdan başlayaraq onunla bütün əlaqələr kəsilmişdir. Z.Qasımovun harada olmasını aydınlaşdırmağa çalışsa da, bunun heç bir nəticəsi olmamışdır. Bu barədə Polis İdarəsinə də müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12.12.2014-cü il tarixli, 2(060)-7149/2014 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi ləğv olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 06.04.2015-ci il tarixli, 2(060)- 3113/2015 saylı qətnaməsi ilə hər uşağa 50 manat olmaqla, 4 nəfər uşağa ümumilikdə 200 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Artıq 16 ildir ki, Qasımov Zahir Əhməd oğlunun harada olduğu barədə heç bir məlumat yoxdur, onun sağ olduğuna şübhə ilə yanaşır vəö bütün inamını itirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Ərizəçi Məhi qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 27 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi Məhi qızının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Qasımov Zahir Əhməd oğlu və Ərizəçi nikahlarını 01 dekabr 2003-cü ildə Sumqayıt Şəhər Nikah evində rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 07.07.2004-cü il tarixdə Umamə, 10.02.2006-cı il tarixdə Abdulkərim, 05.11.2008-ci il tarixdə Əsma və 18.04.2013-cü il tarixdə Mərva adlı dörd nəfər uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 12.12.2014-cü il tarixli, 2(060)-7149/2014 saylı qətnaməsi ilə Qasımov Zahir Əhməd oğlu və X11 arasında Sumqayıt Şəhər Nikah evində 01.12.2003-cü il tarixdə akt qeydləri kitabında 1190 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra 07 iyul 2004-cü il təvəllüdlü X7, 10 fevral 2006-cı il təvəllüdlü X9 oğlu, 05 noyabr 2008-ci il təvəllüdlü X10 və 18 aprel 2013-cü il təvəllüdlü X3 anaları X4 yanında qalmaları qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06.04.2015-ci il tarixli, 2(060)-3113/2015 saylı qətnaməsi ilə 07.07.2004-cü il təvəllüdlü X6, 10.02.2006-cı il təvəllüdlü Abdulkərim Zahir oğlu Qasımov, 05.11.2008-ci il təvəllüdlü X8 və 18.04.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 mart 2015-ci il tarixdən başlayaraq cavabdeh Zahir Əhməd oğlu Qasımovdan hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Ərizəçi verilməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 06.05.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 06.04.2015-ci il tarixli, 2(060)-313/2015 saylı icra sənədinə əsasən 4 uşağın saxlanması üçün Qasımov Zahir Əhməd oğlundan hər ay cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi Məhi qızına ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borclu Rusiya Federasiyasında olduğundan 01.07.2016-cı il tarixdən barəsində axtarış qərarı verilmiş və hal-hazıradək axtarışdadır. Bu günə kimi borclu tərəfindən heç bir aliment ödənişi olmamış və hal-hazırda onun 14800 (on dörd min səkkiz yüz) manat məbləğində aliment borcu vardır. Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 11.06.2021-ci il tarixli məktubundan görünür ki, Qasımov Zahir Əhməd oğlu barəsində 01.06.2016-cı il tarixdə axtarış işi açılmış və onun yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsininin Ərizəçi ünvanladığı 22.06.2021-ci il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənəd olmadığına görə şəxsin ölümünün qeydiyyata alınması barədə ərizənin təmin edilməsi mümkün deyildir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal sahəsinin 14.06.2021-ci il tarixli arayışından görünür ki, Qasımov Zahir Əhməd oğlu ünvan 2ünvanda qeydiyyatdadır, lakin 2005-ci ildən həmin ünvanda yaşamır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş 17.06.2021-ci il tarixli “akt”dan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 26/65-in sakinləri M.Mikayılova, N.Dövlətova və sahə ustası M.Əsgərova 2-ci mikrorayon, ev 26/65, mənzil 26-ünvanda qeydiyyatda olan Qasımov Zahir Əhməd oğlunun qonşuların dediyinə görə 2005-ci ildən göstərilən ünvanda yaşamadığını öz imzaları ilə təsdiq etmişlər. Sumqayıt Şəhər Polis İdarəsinin 06.09.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra sənədinə əsasən aliment ödəməkdən yayınan Qasımov Zahir Əhməd oğlu barəsində Sumqayıt ŞPİ-də 01.06.2016-cı il tarixdə 730341 saylı axtarış işi açılmış və borclu Zahir Qasımovun yerinin müəyyən edilərək Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilməsi üçün mümkün olan bir sıra tədbirlər həyata keçirilmişdir. Axtarış işi üzrə müvafiq tədbirlər həyata keçirilərkən müəyyən edilmişdir ki, Z.Ə.Qasımov Azərbaycan Respublikası hüdudlarını tərk etmişdir. Borclu şəxs kimi axtarışda olan Qasımov Zahir Əhməd oğlu barəsində 19.10.2018-ci il tarixdə Sumqayıt ŞPİ-si tərəfindən dövlətlərarası axtarış elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10.09.2021-ci il tarixli məktubundan görünür ki, 29.01.1979-cu il təvəllüdlü X5 Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 20.09.2021-ci il tarixli məktubundan görünür ki, Qasımov Zahir Əhməd oğlu sonuncu dəfə 31.03.2013-cü il tarixində dövlət sərhədindən Türkiyə istiqamətində çıxmışdır. Azərbaycan Respublikası MM-nin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Normadan da görünur ki, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir. Göründüyü kimi, bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin, bu o demək deyil ki, şəxsin sağ olub-olmaması şübhəli olduqda o, ölmüş elan edilə bilər. Həmçinin, ərizəçi prosessual qanunvericiliyin tələblərinə əsasən 29 yanvar 1979-cu il təvəllüdlü keçmiş həyat yoldaşı Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu göstərməli olduğu halda bunu göstərməmişdir. Mülki qanunvericiliyin müvafiq müddəasının tələblərindən göründüyü kimi, həmin norma imperativ olmamaqla bu halın müəyyən edilməsi üçün kifayət qədər məlumatların olması halında edilə bilməsininin mükünlüyünü nəzərdə tutmuşdur. Belə məlumatların olmaması halında şəxsin ölmüş elan edilməsi barədə qənaətə gəlinməsi mümkünsüzdür. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər. Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsi üçün iş materiallarında həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələrin tükənməsi barədə məlumatlar yoxdur, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 20.09.2021-ci il tarixli məktubuna əsasən Qasımov Zahir Əhməd oğlu sonuncu dəfə 31.03.2013-cü il tarixində dövlət sərhədindən Türkiyə istiqamətində çıxmışdır. Məhkəmə kollegiyası işin hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Ərizəçi Məhi qızının – 29 yanvar 1979-cu il təvəllüdlü keçmiş həyat yoldaşı Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsinə dair ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi Məhi qızı apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi Məhi qızının verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(060)-6250/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar