Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-384/2021 25.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: X6, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı vərəsəlik hüququnun tanınması, mirasdan pay hüququnun müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması, mirasdan onun 13/14 hissə ilə pay hüququnun müəyyən edilməsi və bu barədə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsəlik hüququnun tanınması, mirasdan pay hüququnun müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələblərinə dair iddia ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması, mirasdan onun 13/14 hissə ilə pay hüququnun müəyyən edilməsi və bu barədə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində İddiaçı iddianın həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək mirasın qəbulu müddətini üzürlü hesab edərək xx xxxx 2019-cu il tarixədək uzadılmış hesab edilməsi, mərhum anası X1 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması, mirasdan onun 13/14 hissə ilə pay hüququnun müəyyən edilməsi və bu barədə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ¾ hissədə mərhum X2, ¼ hissədə isə Cavabdeh1 məxsusdur. xx.xx.2018-ci il tarixdə vəfat etmiş Ş.Ə.Azadəliyevanın ölümündən bir müddət öncə vəsiyyətnamə tərtib edərək ölən günədək bütün əmlakını ona vəsiyyət etmişdir. O, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Abşeron rayonu, 1 saylı notariat kontoruna müraciət etmiş, o və onun qardaşı Cavabdeh1 arasında mübahisə olduğu əsas gətirilərək ərizənin təmin olunmasından imtina edilmişdir. Həmçinin bildirmişdir ki, üzrlü səbəbdən müddəti ötürmüşdür. Belə ki, anası rəhmətə getdikdən sonra o, dərin psixoloji stress keçirmiş, yaranan gərgin stress səbəbindən dolayı mütəmadi olaraq həkim nəzarətində saxlanılmışdır. Digər tərəfdən, yas mərasiminin keçirilməsi ilə əlaqədar olaraq yaranan qarışıqlıq səbəbindən müvafiq prosessual addımları atmaq mümkün olmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi tələblərini pozmuşdur. Prosesdə təqdim etdiyi bəzi sənədləri məhkəmə tərəfindən işə aidiyyəti olmadıbını bildirilmiş və qəbul edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MK-nin 1191, 1246, 1248, 1300, 1301-ci maddələrinin tələbləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(012)-1764/2020 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə 3-cü şəxs Ş.M.Məmmədova və qeyriləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən miras qalmış əmlakın vaxtında qəbul edilməməsinə və müddətin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş № ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ¾ hissədə X2, ¼ hissədə isə Cavabdeh1 məxsusdur. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixində verilən, № 934465 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Ş.Ə.Azadəliyeva xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. İşə əlavə olan Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilən, xx xxxx 2011-ci il tarixli vəsiyyətnamədə qeyd edilir ki, Ş.Ə.Azadəliyeva bütün əmlakını adları həmin vəsiyyətnamədə göstərilən uşaqlarına vəsiyyət edir və oğlu Cavabdeh1 bütün əmlakdakı paydan məhrum edir. İş materiallarından olan Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilən, xx xxxxxx 2018-ci il tarixli vəsiyyətnamədə qeyd edilir ki, Ş.Ə.Azadəliyeva bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. Mülki işin materiallarından olan notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında xx xxxx 2019-cu il tarixli, № 813 saylı qərardan görünür ki, Abşeron rayonu, 1 saylı notariat kontoru İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətini aparmaqdan imtina edilib. İşə əlavə olan Abşeron rayonu, 1 saylı notariat kontoru tərəfindən təqdim edilən vərəsəlik işi üzrə sənədlərdən müəyyən edilir ki, Cavabdeh1 xx xxx 2018-ci il tarixdə, İddiaçı isə xx.xx.2019-cu il tarixdə miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə müraciət etmişlər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi, X7 küçəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 109,7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ¾ hissədə X2, ¼ hissədə isə Cavabdeh1 məxsusdur. Həmin evin paylı mülkiyyətçisi olan Ş.Ə.Azadəliyeva xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Həmçinin, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, xx xxxx 2011-ci il tarixli vəsiyyətnaməsi ilə Ş.Ə.Azadəliyeva bütün əmlakını adları həmin vəsiyyətnamədə göstərilən uşaqlarına vəsiyyət edib və oğlu Cavabdeh1 bütün əmlakdakı paydan məhrum etmiş, lakin sonradan fikrini dəyişərək, xx xxxxxx 2018-ci il tarixli vəsiyyətnaməsi ilə X3 bütün əmlakını ölümündən sonra qızı İddiaçı vəsiyyət etmişdir. Bundan başqa, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Ş.Ə.Azadəliyevanın xx xxxx 2018-ci il tarixdə ölümündən sonra ondan miras qalan yeganə əmlak olan mübahisəli evdə yalnız cavabdeh faktiki olaraq yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Cavabdeh1 xx xxx 2018-ci il tarixdə, İddiaçı isə xx.xx.2019-cu il tarixdə miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə müraciət etmişlər. Abşeron rayonu, 1 saylı notariat kontorunu xx xxxx 2019-cu il tarixli, № 813 saylı qərarı ilə Abşeron rayonu, 1 saylı notariat kontoru İddiaçı qardaşı Cavabdeh1lə aralarında miras əmlakla bağlı mübahisə olduğundan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina verilməsini xahiş etmiş və bu əsasla da notariat hərəkətini aparmaqdan imtina edilib. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, iddiaçı miras əmlakı faktiki qəbul etməmiş və qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi müddətini ötürməklə Notariat kontoruna müraciət etmişdir. İddia tələbinin edərək mirasın qəbulu müddətini üzürlü hesab edərək xx xxxx 2019-cu il tarixədək uzadılmış hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1248-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, üzürlü səbəb məsələsi hər bir konkret halda məqamlar nəzərə alınmaqla fərdi qaydada həll edilir.Konkret halda, tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı ali təhsilli şəxsdir, işləyir, onun miras açılan vaxtdan mirasın qəbulu üçün müraciət etmək imkanını məhdudlaşdıran hər hansı hal məhkəmə baxışında müəyyən edilməmişdir. Qaldı ki, mirasqoyanın vəfatı ilə bağlı iddiaçının dərin psixoloji sarsıntı keçirməsi və daim həkim nəzarətində olması barədə dəlilinə bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir, onun izahatı isə formal mülahizələrdən ibarətdir. İddiaçının təqdim etdiyi arayışa əsasən nevroloji xəstəliklə bağlı müalicə alması, göründüyü kimi mübahisəli müddət üçün deyil, xx.xx.2020-ci il tarixdə Nevroloji klinika tərəfindən verilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mirası nə qanunla müəyyən edilmiş müddətdə, nə də faktiki sahiblik etməklə qəbul etmədiyindən, habelə mirası qəbul etmə müddəti üzürsüz səbəbdən ötürüldüyündən onun iddia tələbi əsassız və təmin edilə bilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində heç bir dəlil göstərilməməsini nəzərə alaraq hesab edir ki, şikayətdə sadalanmış maddi normalar qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(012)-1764/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-384/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-384/2021
25.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver