Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-388/2024 26.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı X5 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-259/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddiaçı X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı X8 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X8 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 dekabr 2005-ci il tarixdə verdiyi 6 milyon manat və 30 dekabr 2006cı il tarixdə verdiyi 5 milyon manat cəmi 11 milyon manat pulun əvəzi olaraq cavabdehdən qeyri-rəsmi aldığı 0.90 ha torpaq sahəsi əvəzinə torpağın hal-hazırki bazar qiyməti olan 20 min manat, ona vurduğu zərərə görə 5000 manat və 165 dövlət rüsumunun ondan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. O və ailə üzvləri cavabdehə məxsus torpaq aralarında olan razılaşmaya əsasən istifadə etmiş, cavabdeh 2005-ci ildə onlara bildirmişdir ki, Quba rayon AİK-nın 1999-cu il 18 fevral tarixli 03 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş və JN:204 Kod 30313018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktına əsasən onlara məxsus 2,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha satmaq istəyirlər. O, da həmin torpaq sahəsini almaq istədiyindən həmin torpağı o vaxtki pul ilə 11 (on bir milyon) manata, yəni 11 bağlama şirvana cavabdehlə razılaşmışdır. Beləliklə də, cavabdehlə öz aralarında 10 dekabr 2005ci il tarixdə akt tərtib edərək, torpaq sahəsinin dəyərindən 6 (altı) milyon manatını ilkin olaraq Cavabdeh vermiş, qalan 5 (beş) milyon manatını isə alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirəcəkləri zaman verəcəyini bildirmişdir. Cavabdehdə həmin aktla razılaşaraq torpaq sahəsini ona satması barədə akta imza etmiş və Dövlət Aktının əslini ona təhvil vermişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə torpağın dəyərindən qalıq 5 milyon manatı cavabdehə verərək bildirmişdir ki, torpaq sahəsini ona satmasına dair alqısatqı müqaviləsini notariat kontorunda təsdiq etdirsinlər. Cavabdeh 5 milyon manatı götürüb bildirmişdir ki, tez bir zamanda notariat kontoruna gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirəcəyini öhdəsinə götürməsini bildirmişdir və bu barədə qəbz yazaraq vermişdir. Bundan sonra cavabdehə dəfələrlə torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirməyi bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə alqı-satqını rəsmiləşdirməkdən boyun qaçırmış, sonda isə yaşadığı ünvanı onlardan gizlətmişdir. Cavabdeh Quba rayon məhkəməsinə ərizə ilə müraciət edərək onların həmin torpaq sahəsindən çıxmağını tələb etmiş, alqı-satqı müqaviləsini rəsmiləşdirməyi tələb etdikdə isə ondan 5000 manat pul istəmişdir. Halbuki, cavabdeh 10 dekabr 2005-ci il tarixli akt tərtib edilərkən, gələcəkdə torpaq sahəsinin bahalaşmasının alqı-satqı müqaviləsinin notariat kontorunda rəsmiləşməməsi üçün əsas ola bilməməsi, əgər belə bir hərəkət edilərsə ona istənilən məbləğdə maddi və mənəvi ziyanın ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh torpaq sahəsinin dəyərini tam şəkildə almasına baxmayaraq, alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etmiş, əvəzində 5000 manat pul tələb etmiş və onu torpaq sahəsindən çıxararaq torpaq sahəsini satışa çıxarmışdır. Ondan aldığı pulu isə geri qaytarmamış, sonda isə borclu olduğu pulu ödəməkdən imtina etmişdir. Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən pul alması barədə qəbzdəki yazıların və imzanın Cavabdeh tərəfindən icra olunduğu qeyd olunmuşdur. Hazırda həmin 0.90 ha torpaq sahəsinin bazar qiyməti 20.000 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı X8 Qusar Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddia müddətini tərəflər arasında sonuncu haq-hesab olduqdan sonra, yəni xx.xx.2006-cı il tarixdən hesablamışdır. İddiaçı X8 torpaq sahəsini öz aralarında tərtib etdikləri alqı-satqı müqaviləsini bağladıqdan sonra özünün gözlənti hüququndan istifadə etməklə cavabdehin notariat orqanına gedəcəyini gözləmiş, 2021-ci ildə cavabdeh ondan əsassız olaraq, razılaşmanı pozaraq, yenidən iddiaçıdan 5.000 manat pul tələb etmiş, cavabdeh ona aralarında belə razılaşmanın ümumiyyətlə olmadığını bildirərək pulu ödəməkdən imtina etmiş və bundan sonra Cavabdeh Quba Rayon Məhkəməsində iddiaçını torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş və bundan sonra X6 Qusar Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, qanunun tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu andan başlanır. İddiaçı X8 Cavabdeh Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə onu torpaqdan çıxarılması üçün müraciət etdiyini bildikdən sonra, artıq cavabdehin notariat orqanına getməkdən imtina etdiyini başa düşmüş və bundan sonra Qusar Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Yəni bu o deməkdir ki, X8 cavabdehin Quba Rayon Məhkəməsinə müraciət etdiyi 2021-ci ilin ortalarında bildiyindən, iddia müddətinin axımı qeyd edilən vaxtdan hesablanmalıdır. Hakimin gəldiyi nəticə qanuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilməli və Qusar rayon məhkəməsinin 2(029)-259/2023 nömrəli 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməlidir. Bundan başqa ilk iclasda cavabdeh pulu ödəmək istəmədiyini bildirsə də, sonuncu iclasda o, məhkəməyə iddia müddətinin keçməsi barədə ərizə verdikdən sonra pulu ödəmək istədiyini bildirsə də, hakim bu hala əhəmiyyət verməmiş və iddia müddətinin keçməsini əsas götürərək iddia ərizəsini rədd etmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh məhkəmə iclaslarında səmimi olmamış və torpaq sahəsini xx.xx.2022-ci il tarixdə başqa şəxsə satdığını gizləmişdir. Belə ki, cavabdeh torpaq sahəsini mülki işə Quba rayon məhkəməsində baxılarkən və məhkəmənin qərardadı ilə torpaq üzərinə həbs qoyulmasına baxmayaraq dələduzluq edərək torpaq sahəsini üçüncü şəxsə satmışdır. Bu barədə cavabdehin dələduzluq hərəkətlərinə qiymət verilməsi üçün prokurorluq orqanlarına şikayət vermişlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı X5 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı X8 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçı Ruslan Yulchiev tərəfindən iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi 0,90 ha torpaq sahəsinin əvəzinə torpağın hazırkı dəyəri olan 20.000 manat və vurduğu mənəvi zərərə görə 5000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21-ci maddəsi nəzərdən keçirilə bilər. İşdən görünür ki,Cavabdeh özünə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,90 ha hissəsini iddiaçı Ruslan Yulchievə 10 dekabr 2005-ci il tarixdə 11 (on bir) milyon manata satmaq barədə razılığa gəlməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsindən Ruslan Yulchievin çıxarılması barədə Cavabdeh iddiasının təmin edilməsi, bundan sonra həmin torpaq sahəsinin xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1 və hazırda sonuncunun mülkiyyətində olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı mövcud akta əsasən mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməməsinə görə cavabdehin maddi və mənəvi ziyanın ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq rəsmiləşdirilmədən imtina edərək, onun həmin torpaq sahəsindən çıxarılmasını tələb etdiyini əsas gətirərək, torpaq sahəsinin hazırkı bazar dəyərinin 20.000 manat, mənəvi zərər kimi 5000 manat pulun ona ödənilməsini iddia etmiş, cavabdeh isə iddiaya etiraz edərək iddiaçı tərəfindən razılaşdıqları 11 (on bir) milyon manatdan qalan 05 (beş) milyon manatının ona ödəmədiyinə istinad edərək torpaq sahəsini artıq başqa şəxsə satdığını bildirmişdir. Mövcud tələblə bağlı iddia müddətinin ötürülməsini əsas gətirərək, 20.000 manat pulun tutulması hissəsində iddianın rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual qanunvericilik tələblərinə zidd olduğundan, əsaslı və qanuni sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixdə torpağın dəyərinin qalıq 5 milyon manatını cavabdehə verərək rəsmiləşdirmənin həyata keçirməsini sonuncuya bildirdiyi vaxtdan hüququn pozulduğunu bilməli olduğu halda, 15 ildən çox müddətin ötməsinə baxmayaraq məhkəməyə müraciət etməməsi qənaətinə gəlməklə, həmin müddətin başlanğıcını torpaq sahəsinə görə ödənilməli olan pulun qalıq hissəsinin ödənildiyi xx.xx.2006-cı ildən hesablamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia müddətinin başlanğıcını müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Qeyd olunmalıdır ki, qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir. Nəzərə alınmalıdır ki, iddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi şəxsin tələb hüququnun kobud şəkildə pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2. və 384.0.4. maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qeyd olunduğu kimi qanunun tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu andan başlanır. İşdən görünür ki, iddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsindən Cavabdeh iddiası üzrə 2022-ci ildə çıxarıldıqdan sonra mövcud tələblə məhkəməyə müraciət etmişdir. Çünki həmin vaxtadək torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Belə olan halda iddiaçı mövcud tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. İşdən göründüyü kimi tərəflər arasında torpaq sahəsinin satılması barədə razılıq əldə edilməsi və bu məqsədlə torpağa aid dövlət aktının cavabdeh tərəfindən iddiaçıya verilməsi və həmin torpaq sahəsindən 2022-ci ilə kimi çıxarılanadək torpaq sahəsinin iddiaçının istifadəsində və sahibliyində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi tərəflər öz aralarında qeyri-notariat qaydasında bağlanmış müqavilə üzrə icra hərəkətlərini edərək, bir tərəf torpaq sahəsini alıcı qismində çıxış edən tərəfə, digər tərəf isə pul vəsaitini satıcı qismində çıxış edən tərəfə vermişdir. Bu səbəblə də alıcı qismində tərəfin hüquqlarının faktiki pozulması vaxtı onun torpaqdan çıxarıldığı tarix olduğuna görə, iddia müddətinin axımı da məhz bu tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən razılaşdıqları məbləğin 5 (beş) milyon manatının ona verilməməsi barədə iddiaya etirazına gəldikdə isə qeyd edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının arvadı Əminə Ağabala qızının iddiası üzrə keçirilmiş xx.xx.2020-ci il tarixli 4/788 saylı ekspert rəyi ilə “Mən Məhərova X4” sözləri ilə başlayıb, “...Cavabdeh” sözləri ilə bitən 2006-cı il tarixli qəbzdəki yazılar (“xx.xx.2006” tarix göstəricisindəki “3” və “6” rəqəmlərindən başqa) həmin qəbzdə “imza” yazısı qarşısındakı imza və “Cavabdeh” yazılarından aşağıdakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi vacib hesab edir ki, iş üzrə hətta iddia müddəti ötürülmüş olsaydı da belə, mübahisəli işin halları baxımından iddia müddətinin tətbiqi hüquqdan sui-istifadə nəticəsini yaratdığına görə yolverilməzdir. Hüquqdan sui-istifadə qadağası qanunvericiliyin məcburi göstərişi olduğuna görə, mülki icraat qaydasında işə baxılarkən tərəflər irəli sürməsələr də məhkəmələr iş materiallarından hüquqdan sui-istifadə olunduğunu müəyyən etdikdə bunu nəzərə almaq vəzifəsi daşıyır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir» (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarı) Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən 2005-2006-cı illər üzrə həmin dövrün məzənnəsinə uyğun 11.000.000 manat (şirvanla) verməklə satın aldığı və uzun müddət istifadəsində, sahibliyində olmaqla özününkü hesab etmiş iddiaçını, təxminən 17 il sonra həmin torpaqdan çıxararaq sözügedən torpaq sahəsini təkrar başqa şəxsə satması və əvəzində isə özünün iddiaçıdan almış olduğu vəsaiti isə “iddia müddəti institutundan” istifadə etməklə geri qaytarmaqdan imtina etməsi Mülki Məcəllənin 5.3-cü maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar” müddəasına və hüquqdan sui-istifadəni qadağan edən 560-cı maddəsinin tələblərinə ziddir. Belə ki, cavabdehin özü də 10 dekabr 2005-ci il tarixli müqavilənin qeyri-notariat qaydasında bağlanılmasına səbəb olmuş və həmin müqavilənin qeyri-notariat qaydasında bağlanılmasının bilavasitə istəyərək iştirakçısı olmuşdur. Bu şəkildə özünün məlumat və hətta istəyi daxilində bağlanmış olan bu müqaviləyə görə iddiaçıdan pul vəsaiti almış və bunun müqabilində də torpaq sahəsini hazırki iş üzrə iddiaçıya faktiki təhvil vermişdir. Bununla da hazırki iddiaçını aralarındakı müqavilə münasibətinə olan bağlılığa və etibara tam arxayın salmışdır. Lakin aradan 17 il keçdikdən sonra hüquq normalarından istifadə edərək X7 həmin torpaq sahəsindən çıxartmasına baxmayaraq ondan torpağa görə aldığı vəsaiti də iddia müddəti institutundan istifadə etməklə verməkdən imtina etməsi bariz şəkildə həm “öz hüququnu vicdanla həyata keçirmək borcuna”, həm də Mülki Məcəllənin “digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi”ni qadağan edən 560.3.4-cü maddəsinin tələblərini pozur. Burada nəzərə almaq lazımdır ki, hazırki iş üzrə cavabdeh sözügedən torpaq sahəsini təkrar başqa şəxsə satıb, yəni özünün torpağa olan şəxsi ehtiyacı üçün deyil, elə yenə də təkrar satmaqla eyni torpaq sahəsinə görə iki dəfə satış pulu əldə etməyə nail olmuşdur. Mübahisəli məhkəmə işinin halları baxımından cavabdehin “iddia müddəti” institutundan bu şəkildə istifadə etməklə özünün əmlak mənafeyini təmin etməsi aşkar şəkildə “hüquqi baxımdan müdafiə edilməli olmayan mənafeyin” təmin edilməsi nəticəsini yaradır ki, bu da Mülki Məcəllənin 560.3.2 və 560.3.3-cü maddələri ilə yanaşı həm də hüququn hamılıqla qəbul edilən ümumi əsas məqsədi olan ədalətlilik prinsipinin də pozulmasına səbəb olur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən 2005-2006-cı illər üzrə həmin dövrün məzənnəsinə uyğun 11.000.000 manat (şirvanla) verməklə satın aldığı və uzun müddət istifadəsində, sahibliyndə olmaqla özününki hesab etmiş iddiaçını, təxminən 17 il sonra həmin torpaqdan çıxarmaqla, başqa şəxsə satması cavabdehin hərəkətlərinin hüquqdan sui-istifadə olunmasına və nəticədə iddiaçını maddi cəhətdən zərərə düşməsinə səbəb olmuşdur. Çünki hazırda iddiaçıya həmin ərazidə oxşar torpaq sahəsi almaq üçün həmin vəsaitin yetərli olmadığı aşkardır. Beləki, qeyd olunan ərazidə kənd təsərrüfatı təyinatlı 0,90 ha torpaq sahəsinin bazar dəyəri 2023-cü il üçün 2280 manat, 2024-cü il üçün isə 27.000 manat təşkil edir. Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmiş və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mövcud vəziyyət hər bir halda, işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməsini tələb edir. Çünki torpaq sahəsinin iddiaçıda olması zaman baxımından kifayət qədər uzun müddəti əhatə edir. Bu müddətdə cavabdehin iddia etdiyi qalıq 6 milyonun iddiaçıdan alınması, mümkün olmadığı təqdirdə isə torpaq sahəsinin ona geri qaytarılması barədə məhkəməyə müraciət etməməsi sual doğurur. Məhkəmə kollegiyası xatırladır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Qeyd olunmalıdır ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsdit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmuş, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Bu baxımdan iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə kollegiyası məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-9/62xx-xx/6112 nömrəli, 21 noyabr 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı 12 dekabr 2024-cü il tarixdə məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin məlumatda qeyd edilmişdir ki, tədqiq olunan obyektə tərəflərin iştirakı ilə yerli baxış keçirilməsi xx.xx.2024cü il tarixə təyin edilmişdir. Göstərilən tarixdə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq qeydlər aparılmışdır. Lakin sualda qeyd olunmuş kənddə yerləşən torpaq sahəsinə uyğun analoji yerli internet saytlarında məlumat olmadığı üçün tədqiqat aparılması mümkün olmamışdır. Bu səbəbdən də qərardadla ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılması və cavablandırılması mümkün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyini və iddiaçı tərəfindən məhkəmə kollgiyasına təqdim edilmiş mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, hər iki rəydə mübahisəli torpaq sahəsinin bazar dəyəri 2023-cü il üçün 22800 manat, 2024-cü il üçün isə 27.000 manat təşkil etsə də, həmin məbləğlər iddiaçının tələb etdiyi məbləğdən çox olduğundan, 0.90 ha torpaq sahəsinin əvəzi olaraq torpağın hazırki bazar dəyəri kimi tələb olunan 20.000 (iyirmi min) manat Cavabdeh alınaraq iddiaçı X3 ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehin əməli nəticəsində iddiaçıya 5000 manat məbləğində mənəvi zərərin vurulması hissəsinə gəldikdə isə hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin dəyməsini təsdiq edən hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etmədiyindən, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, keçirilmiş "xxxx" MMC-nin rəyinin verilməsi üçün qiymətləndirmə haqqı 400 (dörd yüz) manat Cavabdeh alınaraq "xxxx" MMC-nin bank hesabına ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 165 (yüz altmış beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı X3 ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı X5 apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 0.90 ha torpaq sahəsinin əvəzi olaraq torpağın hal-hazırki bazar dəyəri 20.000 (iyirmi min) manat və 165 (yüz altmış beş) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş "xxxx" MMC-nin rəyinin verilməsi üçün qiymətləndirmə haqqı 400 (dörd yüz) manat Cavabdeh alınaraq "xxxx" MMC-nin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-388/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-388/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver