Məhkəmə qərarları › İş №2(105)-389/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-389/2022

26.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-389/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Quba Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(027)-75/2021 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(027)-75/2021 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(027)-75/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı tərəfindən 2010-ci il tarixdə Cavabdeh adına verilmiş В 168199 nömrəli diplomun etibarsız hesab edilməsi və Quba rayonu Aşağı Tüləkərən kənd tam orta məktəbi ilə Cavabdeh arasındakı əmək münasibətlərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh hazırda Quba rayonunun Aşağı Tüləkərən kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. Müəllimlərin bilik və bacarıqlarının dioqnostik qiymətləndirilməsi zamanı cavabdehin təhsil sənədləri yoxlanılarkən məlum olmuşdur ki, onun məktəbə təqdim etdiyi diplom dövlət nümunəli təhsil sənədi deyildir. Ona görə də, cavabdeh dioqnostik qiymətləndirilməyə buraxılmamış və onun dərs saatları azaldılmışdır. Belə ki, cavabdehin təqdim etdiyi diplom Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı tərəfindən verildiyi müəyyən edilmişdir. Lakin, onun ali təhsil müəssisəsinə qəbul edilməsi təhsil qanunvericiliyinin tələblərinə ziddiyyət təşkil etdiyini və ona görə də ona məxsus diplomun Təhsil Nazirliyi tərəfindən verilmədiyi aşkar edilmişdir. Onun iş yerinə təqdim etdiyi ali təhsil haqqında В №li 168199 diplomdan görünür ki, o, 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ali peşə istiqaməti üzrə “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. O, 2009-cu ildə ali təhsilini başa vurmasına baxmayaraq, diplom ona 2010-cu ildə verilmişdir. Aparılan araşdırma zamanı cavabdehin diplomunun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunveriviliyinə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh saxta sənəd təqdim etməklə ümumitəhsil məktəbində müəllim kimi işə qəbul edilmiş, fəaliyyəti dövründə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuşdur. Onun fəaliyyət göstərdiyi məktəb tərəfindən cavabdehə məxsus diplomun sürəti Nazirliyə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinə hüquqi əsas yoxdur. Belə ki, “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Cavabdehə məxsus diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasına uyğun gəlmir. Digər tərəfdən, Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və onlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Belə ki, 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”una əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçirilir.Lakin həmin şəxsin Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialına testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsində Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları müəyyən edilmişdir. Təhsil qanunvericiliyinin tələbinə görə, ali təhsil müəssisəsinə qəbul yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Lakin cavabdehin AMİ- nin Gəncə filialına saxta və qanunsuz yolla qəbul olduğundan onun təhsilinin heç bir hüquqi əsası olmamışdır. Digər tərəfdən diplom saxta olduğundan onun həmin diplomla pedoqoji fəaliyyətlə məşğul olması hüquq normalarına ziddiyyət təşkil edir. Belə ki, cavabdehin şəxsi işindən görünür ki, o, 2006-cı ildən etibarən ibtidai sinf müəllimi kimi məktəbə işə qəbul edilmiş və hal-hazıradək həmin məktəbdə sinif müəllimi vəzifəsində işləyir. Qanunun tələbindən göründüyü kimi, ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sənəd təhsil haqqında dövlət sənədidir. Yəni pedoqoji fəaliyyətlə məşğul olmaq üçün tələb olunan əsas sənəd şəxsin ali təhsilli olmasını təsdiq edən diplomdur. Azərbaycan Respublikasınn Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürən təhsil barədə müvafiq sənəd təqdim edilir.Yəni pedoqoji fəaliyyətlə məşğul olmaq istəyən şəxs mütləq qaydada ali təhsilli olmasını təsdiq edən dövlət nümunəli təhsil sənədini işgötürünə təqdim etməlidir. Lakin cavabdehin iş yerinə təqdim etdiyi diplomun saxta olduğundan onun pedoqoji fəaliyyətlə məşğul olması əmək qanunvericiliyinə zidiyyət təşkil edir. Ona görə də, iş üzrə cavabdehin dövlət standartlarına və qanunvericiliyin tələblərinə cavab verməyən diplomla müəllim işləməsinin qarşısını almaq məqsədi ilə həmin sənəd məhkəmə qaydasında etibarsız hesab edilməli və işəgötürənlə onun arasında olan əmək münasibətlərinə xitam verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 17 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 26, 27-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinin, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1,88, 217.3,217.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3, 26.1, 27.1-27.2, 36-1.1, 36-1.2-36-1.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş olsa belə, ona verilmiş bakalavr diplomu dövlət attestasiya komissiyasının qərarı əsasında təsdiq edilmişdir. Həmçinin, cavabdehə diplom Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarınına görə deyil, təhsil müəsissəsində aldığı təhsilin və verdiyi imtahanların nəticəsində, eyni zamanda dövlət attestasiya komissiyasının qərarı ilə verilir. Lakin iddiaçı həmin komissiyanın qərarını mübahisələndirmədən, birbaşa sənədin etibarsızlığı ilə əlaqədar rayon məhkəməsinə müraciət etmişdir. Həmçinin tərəflər arasında əvvəllər də, əmək münasibətləri ilə əlaqədar məhkəmə mübahisəsi olsa da, iddiaçı cavabdehin ali təhsilini mübahisələndirməyərək faktiki olaraq onun pedoqoji fəaliyyətinə razılığını bildirmişdir. Cavabdehə qarşı bu formada iddianın vrilməsi isə onun indiyədək dərs dediyi şagirdlərin qanunla müəyyən edilmiş hüquqlarını da şübhə altına alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının B168199 saylı diplomundan görünür ki, Dövlət Attestasiya Komissiyasının 16.03.2009-cu il tarixli qərarı ilə, Cavabdeh ibtidai təhsilin pedaqogika və metodikası üzrə bakalavr dərəcəsi verilmişdir. 0018281 saylı əmək kitabçasının surətindən görünür ki, 14.09.2006-cı il tarixdə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmiş, 30.09.2006-cı il tarixdə həmin vəzifədən azad edilərək, məktəbin UBTR vəzifəsinə təyin edilmiş, 30.03.2007-ci il tarixdə həmin vəzifədən azad edilərək, məktəbin ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Aşağı-Tüləkəran kənd tam orta məktəbinin 18.06.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən də, 15.09.2006-cı il tarixdən hal-hazıradək Quba rayon Aşağı- Tüləkəran kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının 05.10.2009-cu il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisasının qiyabi şöbə üzrə bakalavr pilləsinin tam kursunu bitirmiş və diplom hüququ saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-947/2019 saylı, 14.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iş saatının bərpa olunması” tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli, 2(103)8356/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilib, Bakı şəhəri Nərimanov Rayon Məkhəməsinin 2(005)-947/2019 saylı, 14.03.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Quba rayonu, AşağıTüləkəran kəndi tam orta məktəbində müəllim işləyən Cavabdeh iş saatının 2017-2018 dərs ilində 24 saatdan 6 saata endirilməsi qanunsuz hesab edilmiş və iş saatı əvvəlki səviyyəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)7727/2019 saylı, 19.11.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1564/2020 saylı, 19.02.2020ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilib, Bakı şəhəri Nərimanov Rayon Məkhəməsinin 2(005)-947/2019 saylı, 14.03.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Qeyd edilən qətnamədən kassasiya şikayəti verilməmişdir. Beləliklə, iş materialları ilə müəyyən olur ki, cavabdeh Quba rayonunun Aşağı Tüləkərən kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. Müəllimlərin bilik və bacarıqlarının dioqnostik qiymətləndirlməsi zamanı cavabdehin təhsil sənədləri yoxlanılarkən məlum olmuşdur ki, onun məktəbə təqdim etdiyi diplom dövlət nümunəli təhsil sənədi deyildir. Ona görə də, cavabdeh diaqnostik qiymətləndirilməyə buraxılmamış və onun dərs saatları azaldılmışdır. Belə ki, cavabdehə məxsus diplom Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verildiyi müəyyən edilmişdir. Lakin onun ali təhsil müəssisəsinə qəbul edilməsi təhsil qanunvericiliyinin tələblərinə uyğun olmadığından, ona məxsus diplom blankı Təhsil Nazirliyi tərəfindən verilməmişdir. Onun iş yerinə təqdim etdiyi ali təhsil haqqında В №li 168199 diplomdan görünür ki, o 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ali peşə istiqaməti üzrə “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. O. 2009cu ildə ali təhsilini başa vurmasına baxmayaraq, diplom ona 2010-cu ildə verilmişdir. Aparılan araşdırma zamanı cavabdehin diplomunun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunveriviciliyinə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh saxta sənəd təqdim etməklə ümumitəhsil məktəbində müəllim kimi işə qəbul edilmişdir Onun fəaliyyət göstərdiyi məktəb tərəfindən cavabdehə məxsus diplomun sürəti Nazirliyə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinə hüquqi əsas yoxdur. Belə ki, “Təhsil haqqında’’ Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Cavabdehə məxsus diplom Azərbaycan Respublikası təhsil nazirinin 09.11.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təstiq edilmiş və 23.11.2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2188 nömrə ilə qeydə alımış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimata və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasına uyğun gəlmir. Digər tərəfdən, Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar yolla qəbul olunmuş və ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Belə ki, 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun“una əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçiilir. Lakin iddiaçının Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialına testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Belə ki, məhkəmə sorğusuna əsasən, X3 tərəfindən verilən cavab məktubundan görünür ki, iddiaçı ali təhsil müəssisələrinə qəbul imthanlarında iştirak etməsinə baxmayaraq, ali təhsil müəssisəsinə qəbul olunmaq üçün müvafiq keçid balını toplamamış və heç bir ali təhsil müəssisəsinə qəbul olunmamışdır. “Təhsil haqqında" Azərbaycan Respublikası Qanunun 26-cı maddəsində Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları müəyyən edilmişdir. 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.1-1-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər: 26.3.1-ci bəndinə əsasən təhsil müəssisəsinin nizamnaməsi; 26.3.2. təhsil sahəsində fəaliyyət üçün lisenziya; 26.3.3. təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd. 26.4-cü bəndinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əidə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. 26.5-ci bəndinə əsasən beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. 26.5-1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.5-2-ci bəndinə əsasən Bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulan olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 26.5-3-cü bəndinə əsasən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Təhsil qanunvericiliyinin tələbinə görə, ali təhsil müəssisəsinə qəbul yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Lakin cavabdehin AMİ- nin Gəncə filialına saxta və qanunsuz yolla qəbul olduğundan onun təhsilinin heç bir hüquqi əsası olmamışdır. Digər tərəfdən diplom saxta olduğundan onun həmin diplomla pedoqoji fəaliyyətlə məşğul olması hüquq normalarına ziddiyyət təşkil edir. Cavabdehin şəxsi işindən görünür ki, o 2006-cı ildən etibarən ibtidai s'ırif müəllimi kimi məktəbə işə qəbul edilmiş və hal-hazıradək həmin məktəbdə sinif müəllimi vəzifəsində işləyir. Qeyd edilən Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Qanunun tələbindən göründüyü kimi, ixtisas üzrə emək fəaliyyətinə başlamaq üçün əsas sənəd təhsil haqqında dövlət sənədidir. Yəni pedoqoji fəaliyyətlə məşğul olmaq üçün tələb olunan əsas sənəd şəxsin ali təhsilli olmasını təsdiq edən diplomdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürən təhsil barədə müvafiq sənəd təqdim edilir.Yəni pedoqoji fəaliyyətlə məşğul olmaq istəyən şəxs mütləq qaydada ali təhsilli olmasını təsdiq edən dövlət nümunəli təhsil sənədini işgötürünə təqdim etməlidir. Lakin cavabdehin iş yerinə təqdim etdiyi diplomun saxta olduğından onun pedoqoji fəaliyyətlə məşğul olması əmək qanunvericiliyinə zidiyyət təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikasında qanunverciliklə müəyyən edilmiş qaydada təhsilini başa vuran və diplom alan məzunların adları «Tələbə-məzun» mərkəzləşdirilmiş elektron sistemində qeydə alınmışdır. Lakin hazırki iş üzrə Cavabdeh adı bu sistemdə aşkar edilməmişdir. İşin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o haldapozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(027)-75/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Müəllimlər İnstitunun Gəncə Filialı tərəfindən 2010-cu il tarixdə Cavabdeh adına verilmiş B168199 saylı diplom etibarsız hesab edilsin. Quba rayonu Aşağı Tüləkərən kənd tam orta məktəbi ilə Cavabdeh arasındakı əmək münasibətlərinə xitam verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar