Məhkəmə qərarları › İş №2(105)-389/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-389/2024

03.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-389/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı əmlakın cavabdehlərin qanunsuz sahiblikdən götürülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(027)-273/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın təmin edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 0,4501 ha torpaq sahəsini Cavabdeh MMC qanunsuz sahibliyindən alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verilməsi və Cavabdeh MMC torpaq sahəsindən çıxarılması, Cavabdeh MMC-dən 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və torpaq sahəsindən çıxarılma tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 10 mart 2020-ci ildə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli çıxarışa əsasən onların - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan, ünvan 1i ərazisində yerləşən 0,4501 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən geri qaytarılması və cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 10 mart 2020-ci ildə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1i ərazisində 0,4501 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi paylı mülkiyyətindədir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Mülkiyyətlərində olan torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR PHŞ-in 5 saylı Ərazi İdarəsinə ünvanlanmış müraciətləri əsasında, torpaq sahəsi faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Torpaq sahəsinin yeri müəyyən olunduqdan sonra bu sahənin digər bir mülkiyyətçi tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Beləliklə cavabdeh onlara məxsus 0,4501 ha torpaq sahəsini qanunsuz tutaraq oradan istifadə edir və onların mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Cavabdeh müəssisənin səlahiyyətli şəxslərinə torpaq sahəsindən çıxmaları barədə xahiş və tələbləri olsa da, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Beləliklə, mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olmaq mümkün deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-273/2023 nömrəli xx.xx.2023-cü tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Atakışı qızının iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsi, məhkəmə tərəfindən işə mahiyyət üzrə baxdığı halda, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Atakışı qızının Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Cavabdeh MMC tərəfindən Ələddinovlar ailəsindən ünvan 1i ünvanında yerləşən birgə mülkiyyət üzrə onlara məxsus ümumi sahəsi ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi alınmışdır. Həmin vaxtda Ələddinovlar ailəsindən olan X2 (Ş.V:AA0138497, FİN: 10RT4JH) özünə məxsus olan torpaq sahəsini Cavabdeh MMC-yə satmağı təklif etdi. Lakin bildirdi ki, o, 2000-ci ildə özünə məxsus olan 0.4498 ha torpaq sahəsini İddiaçı1 məxsus 0.4501 ha torpaq sahəsi ilə dəyişib və 0.4501 ha hal-hazırda Ə.Maxlutun, 0.4498 ha torpaq sahəsi isə Ə.İmranın istifadəsindədir. Belə ki, İddiaçı1 xx.xx.2020-ci il tarixli çıxarış ilə ona məxsus olan torpaq sahəsinin qonşuluğunda olan X2 ilə razılaşaraq ona aid çıxarışla özünə məxsus torpaq sahəsini faktiki olaraq dəyişmiş və İddiaçı1 dəyişdiyi qonşu torpaq sahəsində alma bağı salmış, həmin bağ üçün uzun illər, yəni 23 ildən çox bir müddətdə dövlətdən subsidiya almışdır. Cavabdeh MMC Ə.Maxlutun təklifini qəbul etmiş və mülkiyyətində olan torpaq sahəsi ilə qonşu ərazidə yerləşən, Ə.Maxlutun sahibliyində olan, lakin sənəd üzərində İddiaçı1 məxsus 0.4501 ha torpaq sahəsini almaq istədiyini Ə.Maxluta bildirmişdir. Bu məsələ ilə bağlı Ə.Maxlut İddiaçı1lə görüşmüş və onun razılığı ilə mübahisəli torpaq sahəsi Cavabdeh MMC tərəfindən alınmışdır. Artıq 4 ildir ki, bu qaydada qonşu təsərrüfat olmaqla İddiaçı1 Cavabdeh MMC-nin mülkiyyətində olan alma bağı saldığı torpaq sahəsindən, Cavabdeh MMC isə İddiaçı1 adına olan torpaq sahəsindən istifadə edir. Bu razılıqdan sonra Cavabdeh MMC İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində yeni gilas bağı salmışdır. Gilas bağı artıq 4 ildir ki salınmışdır. Cavabdeh MMC-nin saldığı gilas bağının uğurlu bir bağ olmasını görən İddiaçı1 artıq bağın yaxşı məhsul verməsini və hazırda məhsul yığımı ərəfəsində olmasını görərək 4 il mübahisələndirmədiyi məsələ ilə bağlı mübahisə qaldırmaq fikrinə düşmüş, mülki hüquqlarından sui-istifadə etməklə zəhmətlə yetişdirilən məhsula vicdansızcasına sahiblənmək məqsədilə məhkəməyə ərizə ilə müraciət etmişdir və iddiası təmin olunmuşdur. Daha öncə də qeyd olunduğu kimi İddiaçı1 Ə.Məxlutla dəyişdiyi torpaq sahəsində 23 ildir ki, alma bağı salıb. Onun iddiası özündə qərəzli münasibət və tamahkarlıq motivi daşıyır və iddiaçı əsassız varlanmaq istəyir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı və digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı4 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər İddiaçı2 və cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçı iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmiş, lakin cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilərək məhkəmə iclası təxirə salınsa da, növbəti məhkəmə iclasına gəlməmiş, yenidən təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bunun artıq işin uzadılması kimi qiymətləndirərək, Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisəli torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olması, lakin, həmin torpaq sahəsinin hüquqların dövlət qeydiyyatına Cavabdeh MMC-nin adına qeydiyyata alınmasının hansı alqı-satqı müqaviləsi ilə həyata keçirildiyi müəyyən edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh MMC vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçılar mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilərək iddia tələbi təmin edilmiş, Cavabdeh MMC həmin nəticədən narazı qalaraq apellyasiya qaydasında mübahisələndirmişdir. ünvan 1i ərazisində yerləşən 0,4501 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2q qızının, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi iddiaçılara məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və cavabdehin torpaq sahəsindən çıxarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Bu maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli mənzilin onların mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunan torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması işin mübahisəsiz halıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçılar mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmiş, cavabdeh mübahisəli torpağın iddiaçı ilə qonşu torpaq sahəsinin mülkiyyətçisi olan M.Ələddinovla dəyişdirdiyini, onun razılığı ilə həmin torpaq sahəsini M.Ələddinovdan aldığını qeyd etsə də, bunu təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə tərəflərin qeyd etdikləri kimi, cavabdeh həmin torpaq sahəsinə hüquqlarını rəsmiləşdirməmişdir. Hazırda da onun mübahisəli sahəyə hər hansı bir hüquqları yoxdur. Bu hal iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi ilə də öz təsdiqini tapmışdır. İddiaçıların isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçıların mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətində cavabdehin göstərdiyi dəlillərlə bağlı onun məhkəmə iclasında iştirakı üçün məhkəmə iclası nümayəndənin vəsatəti əsasında təxirə salınsa da, növbəti məhkəmə iclasında nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapdığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar