Məhkəmə qərarları › İş №2(105)-390/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-390/2021

29.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-390/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-390/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-390/2020 saylı qətnaməsi ilə, iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 171 B saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. (hakim V.Y.Ruvinov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 171 B saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxxx 2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşaqları olmuşdur. Ailə qurduqdan sonar, cavabdeh onun valideynlərinə məxsus Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 171 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan olan uşaqlar həmin evdə dünyaya gəlmişlər. Onlar valideynlərinə məxsus olan fərdi yaşayış evində 2015-ci ilədək yaşamışlar. Valideynlərinin köməkliyi ilə o, 2015-ci ilin yay aylarında həyətyanı olan torpaq sahəsində ayrıca ev inşa etmiş və həmin evə köçərək orada yaşamağa başlamışlar. Həmin evdə o, öz ailəsi ilə 2019-cu ilin yay aylarınadək yaşamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh ilə olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh o, işdə olarkən evin qapısının açarlarını dəyişdirərək onun evə girməyinə maneçilik yaratmışdır. Artıq bir ildən çoxdur ki, onun evinin olmasına baxmayaraq, məcburən valideynlərinə məxsus olan evdə yaşayır. Onun inşa etdiyi evin heç bir hüquq müəyyənedici sənədi yoxdur, özbaşına tikilidir. Özbaşına tikiliyə yaşayış hüququ ilə bağlı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə ilə əlaqədar münasibətləri tənzimləyən hüquq normaları və X3 Məhkəməsinin presedentləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə və X3 Məhkəməsinin bir neçə qərarına istinad etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, guya mübahisəli evin yerləşdiyi torpaq sahəsi onlara məxsus 171 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olmuşdur. Əslində isə bu sahə qonşuluqda yaşayan Zəhra adlı şəxsə (qonşuya) məxsus olmuşdur. Həmin dövrdə o, iddiaçıgilə məxsus olan, gəlin köçdüyü 171 saylı fərdi yaşayış evində yaşayırdı. İdiaçı və onun valideynləri ilə yola gedə bilmədiyindən, atası məcbur qalıb, ailə dağılmasın deyə, ayrıca ev tikdirmək məqsədi ilə hazırki mübahisəli evin yerləşdiyi torpaq sahəsini, yəni təxminən 0,01 hektar ölçüdə olan hissəni qonşuluqda yaşayan Zəhra adlı şəxsdən 1800 ABŞ dollarına, öz vəsaiti hesabına əldə etmişdir. Mübahisəli evə çəkilmiş bütün xərcləri atası X2 öz hesabına etmişdir. Qarşı tərəf buna heç bir vəsait sərf etməmiş, yalnız fiziki yardım etməklə kifayətlənmişlər (gəlib ustalara nəzarət etmək, işin gedişatına baxmaq və s). Bu səbəbdən də evə aid olan bütün ödənişlər (kommunal xidmətlər və s. barədə müqavilə və ödənişlər) onun adına olmuş və rəsmiləşdirilmişdir. Həmin əraziyə xidmət edən Məhəllə Komitəsi tərəfindən təqdim edilmiş arayışdan da görünür ki, ev onun adına qeydə alınmışdır, iddiaçı ilə birgə həmin evə köçsələr də, bir gün belə olsun ər-arvad kimi münasibətləri olmamışdır, çünki iddiaçı işləmir, evinə, ailəsinə baxmır, hətta yeməyini belə gedib atasıgildə yeyirdi. 2018-ci ilin sentyabr ayından iddiaçı faktiki olaraq evi tam tərk edərək öz yaşadığı 171 saylı evə köçüb getmişdir. Heç bir zaman onun mübahisəli evdən getməsinə və ya onun orada yaşamasına maneçilik törətməmişdir. Hazırda aralarında olan nikah pozulmuşdur və iddiaçının yaşamağa yeri var (171 saylı ev). Nikah pozulduqdan sonrakı müddətdə-karantin dövründə evə öz vəsaiti hesabına əlavə xərclər də çəkmişdir, belə ki, evin döşəməsinin, giriş pilləkəninin təmiri və digər kosmetik işləri görməklə 4000-5000 manat civarında pul vəsaiti xərcləmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinin pulunu və evin tam olaraq bütün xərclərini atası çəkdiyi üçün ev ona məxsusdur. İddiaçmın orada hər hansısa bir hüququ yoxdur. İddia tələbi isə ona qarşı qaldırılmalı deyildi. Hazırki iş üzrə mübahisəli hüquq münasibəti 2015-ci ildən yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, mübahisəli evlə bağlı tərəflər arasındakı münasibətlər hazırda qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, əsassız qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqların Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. Yenə iş materiallarında olan Sumqayıt Bələdiyyəsi 1 saylı İnşaatçı Məhəllə Komitəsi tərəfindən İddiaçı oğluna verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən Beton zavod üzrə 1 saylı İnşaatçı Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 171 saylı evdə yaşayır. Yenə də iş materiallarında olan Sumqayıt Bələdiyyəsi 1 saylı İnşaatçı Məhəllə Komitəsi tərəfindən Sumqayıt regional vəkil bürosuna göndərilmiş xx xxx 2020-ci il tarixli məlumatdan görünür ki, Beton zavod ərazisində şərti nömrə ilə nömrələnmiş 171 B nömrəli evin heç bir hüquqi sənədi yoxdur. Həmin ev Məhəllə Komitəsinin ailə tərkibli kitabında “rəsmi qeydiyyatsız” kimi qeydə alınmışdır. Ev 2015-ci il tarixində İddiaçı və Cavabdeh birgə nikahı dövründə özləri tərəfindən tikilmişdir. Həmin ev inşa edildikdən sonra, orada 4 nəfər ailə üzvləri birgə yaşamışlar (nikah pozulduğu zamana qədər). Hazırda evdə Cavabdeh iki uşaqları ilə birgə yaşayır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, iş üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx xxxxx 2011-ci il tarixdə rəsmi nikaha girmişlər və bu nikahdan onların Damla və Yağmur adlı uşaqları olmuşdur. Nikaha girdikdən sonra, tərəflər iddiaçının valideynlərinə məxsus qeyd olunan ərazidə yerləşən 171 saylı evdə yaşamışlar. Lakin sonradan onlar qonşuluqda yerləşən torpaq sahəsində özbaşına mübahisəli 171 B saylı evi inça etmiş və nikah pozulana kimi burada yaşamışlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsilə tərəflərin nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar Cavabdeh yanında qalmışlar. Hazırda cavabdeh uşaqları ilə birlikdə mübahisəli evdə yaşayır, lakin iddiaçının bu evdə yaşamasına maneçilik törədilir. Həmçinin məhkəmə iclasında sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 171 B saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əşya hesab edilmir. Bu tip mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini əsas götürən məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli ev iddiaçı ilə nikaha girəndən əvvəl cavabdehə məxsus olmamış, məhz onların birgə nikahı dövründə inşa edilmişdir. Belə olan halda, iddiaçının da bu tikilinin ərsəyə gəlmədə hansısa formada iştirakı istisna deyildir. Cavabdehin özü də etiraf etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi onların birgə nikahı müddətində əldə edilmişdir. Nə qədər ki, torpaq sahəsi və ev iddiaçının iştirakı ilə məhz birgə nikah dövründə əldə edilib, iddiaçı da bir neçə ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər, çünki hazırkı Mənzil Məcəlləsinin anoloji (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir. Qeyd olunan Mənzil Məcəlləsinin 30.1, 30.2. 30.3 və 30.4-cü maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Yenə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşılqdığında isə həmin mübahisəli evə köçürülməsi barədə İddiaçı iddiasının əsaslı olması şübhə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası sadalanan bu normaların tələbi baxımından çıxış edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Zeynalov X1 şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 171 B saylı fərdi yaşayış evinə köçürülməlidir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə düzgün olaraq belə hesab etmişdir ki, hazırki halda, mübahisəli evə dair kommunal ödənişləri cavabdehin ödəməsindən, habelə mübahisəli evdə uşaqları ilə birlikdə yaşaması faktından, yəni hüquqdan sui-istifadə etməsi İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının da qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair tərəflər eyni hüquqlara malik olduqlarından iddia təmin edilməli, İddiaçı mübahisəli evə köçürülməlidir və bu barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də qüvvədə olan maddi hüquq normalarına uyğundur. Tərəflərin münasibətlərinin pis olması, həmçinin mübahisəli evin onun atasının vəsaiti hesabına inşa edilməsi və buna görə də iddiaçının mübahisəli evə köçürülməli olmaması barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunduğundan iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh isə apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-390/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)- 390/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 11 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar