Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-390/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə, qətnamə ilə maraqlarına toxunan şəxs Əhmədov Rəhimdil Qılınc oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı hərracın protokolunun ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(060)-236/2019 saylı qətnaməsindən İddiaçı və qətnamə ilə maraqlarına toxunan şəxs Əhmədov Rəhimdil Qılınc oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Əmlak İxtisaslaşdırılmış Hərac Mərkəzi MMC-yə qarşı hərracın protokolunun ləğv edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı və qətnamə ilə maraqlarına toxunan şəxs Rəhimdil Əhmədov qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Quliyev sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədov) 26.08.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və qətnamə ilə maraqlarına toxunan şəxs R.Əhmədovun verdiyi apelyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(060)-236/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1468/2020 nömrəli, 26.08.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı məhkəməyə müraciət edərək, Protokol N-Y-275 saylı, 09.08.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və yenidən hərrac keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 05.05.2016cı il tarixli, 2(060)-5875 saylı qətnaməsinə əsasən "xxxx" ASC-yə olan 112617,24 manat məbləğində kredit borcu ailə üzvlərinə məxsus ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A, mənzil 27, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 74, mənzil 14, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25, mənzil 43, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli 92A\1 saylı fərdi yaşayış evlərinə yönəldilmiş, 12-ci mikrorayon, ev 8A, 27 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat, 9-cu mikrorayon, ev 74, 14 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat, 9-cu mikrorayon, ev 25, 43 saylı mənzilin ilkin satış qiyməti 50000 manat, Corat qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 92A/1 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 57000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən həmin əmlaklar açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına onların (İddiaçı və X1) "xxxx" ASC-yə olan borcları ödənilməlidir. Onların əmlaklarının ilkin satış qiyməti ümumilikdə 207000 manat təşkil edir. Lakin həmin qiymətlər hazırki bazar qiymətlərinə uyğun deyildir, ümumilikdə əmlakların bazar qiyməti 330000 manatdan artıqdır. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərkən onlara bu barədə məlumat verilməmiş, qeyd etdiyi məsələlərə toxunulmamış, borcun ödənilməsinə münasibətləri öyrənilməmiş, hüquqları pozulmuşdur. Onlar məsələdən yalnız əmlaklarının dəyər-dəyməzinə satılanda və mənzillərin boşaldılması tələb olunduqda xəbərləri olmuşdur. Bildirişi alan kimi icra şöbəsinə getmiş, protokolun surətini imza edərək almış, onda məlum olmuşdur ki, evlər çox ucuz qiymətə satılmışdır. Hansı ki, bazar qiyməti ilə satılsaydı 3 mənzil borcu ödəmək üçün yetərli olardı. Amma 4 mənzil satılıb üstəlik borcu da qalmışdır. Hamıya məlumdur ki, Sumqayıt şəhərində satış qiyməti 30000 manata 3 otaqlı mənzil yoxdur. Hətta bu qiymətə nə 2 otaqlı, nə də 1 otaqlı mənzil almaq mümkünsüzdür. Hamıya məlumdur ki, 1 otaqlı mənzillərin satış qiyməti 35.000 manatdan başlayır. Hərracın keçirilməsi barədə onlara məlumat verilməmiş, əmlakları dəyərdəyməzinə mənimsənilmək niyyəti ilə satılmışdır. Bundan əlavə, o borcunu ödəmək istəyir, lakin şərait yaradılmır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 25 noyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Qətnamə ilə maraqlarına toxunan şəxs Əhmədov Rəhimdil Qılınc oğlu Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 25 noyabr 2019-cu il tarixli qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, "xxxx" KB ASC və İddiaçı arasında bağlanmış kredit müaviləsinin təminatı olaraq "xxxx" KB ASC-də ipoteka ilə yüklü edilmiş mənzillərin orta bazar qiyməti göstərilən məbləğdən olduqca çox olmuşdur. Lakin bank qətnamədə müəyyən edilmiş məbləğlərdən də aşağı qiymətə həmin əmlakları hərrac vasitəsi ilə almış və özgəninkiləşdirmişdir. Halbuki kredit müaviləsi üzrə ödənilmədən qalmış borcun tam ödənilməsi öhdəliyini icra etməyə razılıq versə də, bank bundan imtina etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən qətnamə ilə maraqlarına toxunan şəxs Əhmədov Rəhimdil Qılınc oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi və izahatında göstərdi ki, hərracın keçirilməsi barədə onların məlumatı olmuş və bundan narazı deyil, o yalnız əmlakın aşağı qiymətə satılması ilə bağlı razı deyildir. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərini qəbul etməyərək, şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni keçirilmiş hərracın əsassız olduğu üçün ləğv edilməsi barədə sübut təqdim etməməsi, iddia tələbinin əsaslarını ehtimallarla izah etməsi ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 və “İcra haqqında” Qanunun 53.2, 61.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.7, 43.8-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı və qətnamə ilə maraqlarına toxunan şəxs apellyasiya şikayətləri vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan İddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən məhkəmələrin hərracın keçirilməsinə dair sənədləri tələb etməməsi, hərrac keçirilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasını araşdırmadan yekun qərar qəbul etməsi, Sumqayıt şəhərində yerləşən üç otaqlı, iki otaqlı, bir otaqlı üç mənzilin və tam yaşayış şəraitli bir bağ evinin ikinci hərracdan sonra tələbkara cəmi 131.962 manat, 50 qəpiyə satılması, hərracın reallıqda açıq keçirilməsini şübhə altına almaqla həmin sənədlərin tədqiq edilməsinə zərurət yaratdığını, mübahisə ilə bağlı yekun qərar qəbul edilməsi üçün hərracın keçirilməsinə dair sənədlərin tələb edilməsi, hərracın keçirilməsi barədə elanların verilibverilməməsi, həmin elanların hərracda iştirak etməyi arzu edən kütlənin tanıdığı, izlədiyi kütləvi informasiya vasitələrində edilib-edilməməsi, ipotekaqoyanlara vaxtında məlumat verilib-verilməməsi, hərrac baş tutmadığı təqdirdə onlara hazırkı qərarın 21-ci bəndində nəzərdə tutulan hüquqlarından istifadə etmələri üçün şərait yaradılıb-yaradılmaması aydınlaşdırılmalı və bunun nəticəsindən asılı olaraq yekun qərar qəbul edilməli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişini və hər iki apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi protokol N-Y-275 saylı, 09.08.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməklə yenidən hərrac keçirilməsi barədədir və işin mübahisə edilməyən halı isə ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 05.05.2016-cı il tarixli, 2(060)- 5875 saylı qətnaməsi ilə "xxxx" ASC-yə olan 112617,24 manat məbləğində kredit borcu ailə üzvlərinə məxsus ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A, mənzil 27, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 74, mənzil 14, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 25, mənzil 43, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinə və onun üzərinə yerləşən 1 mərtəbəli 92A\1 saylı fərdi yaşayış evlərinə yönəldilməsi, 12-ci mikrorayon, ev 8A, 27 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat, 9-cu mikrorayon, ev 74, 14 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat, 9-cu mikrorayon, ev 25, 43 saylı mənzilin ilkin satış qiyməti 50000 manat, Corat qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli 92A/1 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 57000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracda satılması qət edilmişdir. İddiaçı iddiasının əsası kimi iki hala, birincisi ona hərracın keçirilməsi barədə məlumat verilməməsinə, ikincisi isə ipoteka ilə yüklü edilmiş əmlakların dəyərindən aşağı qiymətə satılmasına istinad etmişdir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü Sumqayıt şəhəri üzrə İcra İdarəsindən icra işini tələb edib öyrənərkən müəyyən edilmişdir ki, icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə 11.08.2017-ci il tarixdə daxil olmuş və elə həmin tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. İcra İdarəsi tərəfindən 06.09.2017-ci il tarixdə "xxxx" MMC-yə sifariş məktubu göndərilmiş, həmin icraat zamanı iddiaçı qərarın ləğv və icraatın dayandırılması barədə məhkəməyə müraciət etməsi ilə bağlı iddia ərizəsini İcra İdarəsinə təqdim edərək həmin ərizəsində onlara məxsus əmlakların hərraca çıxarılması ilə bağlı Hərrac Mərkəzi tərəfindən məlumat əldə etdiyini bildirmişdir. "xxxx" MMC tərəfindən sifarişçi Sumqayıt şəhər İcra İdarəsinə göndərilən 25.05.2018-ci il tarixli bildirişdə Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin “12K-399/Q saylı 06.09.2017-ci il tarixli sifariş məktubuna əsasən əmlakların satılması üçün açıq hərraca çıxarılması göstərilmişdir. Eyni zamanda İcra İdarəsi 26.07.2018-ci il tarixdə "xxxx" MMC-yə məktub ünvanlayaraq hərracın davam etdirilməsi xahiş etmişdir. "xxxx" MMC-nin 3809 № 03.08.2018-ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildirişi göndərilmişdir. "xxxx" MMC-nin sifarişçiyə ünvanlanmış 09.08.2018-ci il tarixli məktubundan da görünür ki, sifariş verilmiş əmlaklar satılmışdır. Bununla yanaşı hərracın keçirilməsinə dair sənədlərin tələb edilməsi, hərracın keçirilməsi barədə elanların verilməsi, hərracın baş tutmadığı təqdirdə onlara qərarın 21-ci bəndində nəzərdə tutulan hüquqlardan istifadə etmələri üçün şərait yaradılıbyaradılmamasının aydınlaşdırılması barədə kassasiya instansiya məhkəməsinin göstərişlərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunmuş market qəzeti, bildiriş və qəbzlərdən görünür ki, kütləvi informasiya vasitəsində hərracın keçirilməsi barədə hərrac təşkilatı "xxxx" MMC tərəfindən elanlar verilmişdir. "xxxx" MMC tərəfindən sifarişçiyə, tələbkara, o cümlədən borclulara əmlakların açıq hərracda satılması barədə sifarişli məktubla məlumatlar verilməklə ünvanlara çatdırılmışdır. Bu hal təkrar apellyasiya baxışı zamanı dindirilən Rəhimdil Əhmədovun izahatında da öz təsdiqini tapmışdır. Belə ki, sonuncu izahatında qeyd etmişdir ki, hərracın keçirilməsi barədə onların məlumatı olmuşdur. O, yalnız əmlakların qiymətindən narazıdır. Elanların hərracda iştirak etməyi arzu edən kütlənin tanıdığı, izlədiyi kütləvi informasiya vasitələrində verilib-verilməməsi barədə məsələyə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Hazırkı iş üzrə iddiaçı dəfələrlə məhkəmə iclasının vaxtı barədə məlumatlandırılsa da, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və onun hazırkı icraat çərçivəsində passiv iştirakı nəticəsində bu halın araşdırılması mümkün olmamışdır. Lakin digər ipoteka qoyan Rəhimdil Əhmədov isə elan verilmiş kütləvi informasiya vasitəsini tanımadığını bildirmişdir. Əmlakların satış qiymətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti təşkil edən üç mənzil və bir bağ evin ilkin satış qiyməti qanuni qüvvədə olan məhkəmə aktı ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A, 27 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 74, 14 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat, 9-cu mikrorayon, ev 25, 43 saylı mənzilin ilkin satış qiyməti 50000 manat, Corat qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 92A/1 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 57000 manat, ümumilikdə 207.000 manat müəyyən edilmişdir. Keçirilmiş hərrac zamanı isə həmin əmlaklar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətinin enmiş faizləri nəzərə alınmaqla satılmışdır. Bu baxımdan məhkəmə kollegiyası ipoteka predmeti olmuş əmlakların ilkin satış qiyməti artıq qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunduğundan və hərrac təşkilatı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından ilkin satış qiymətinin enmiş faizləri nəzərə alınmaqla satıldığından, həmin əmlakların aşağı qiymətə satılması barədə apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmaq olmaz. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmet müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (Mülki Məcəllənin 415.2-ci maddəsi). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (Mülki Məcəllənin 416.1. və 416.2. maddələri). Qanunun mənasından göründüyü kimi, iddiaçının iddiası üzrə keçirilən hərracın nəticələrinin etibarsızlığı üçün Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydalar pozulmuş olmalıdır. Lakin hazırkı işdə hərrac keçirilərkən Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1. maddəsinin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hərracın ləğvini xahiş etsə də, əslində ərizənin məzmunundan görünür ki, o hərracın etibarsızlığını tələb edir. Hətta ləğvini tələb etmiş olsa da, hazırkı işdə bunun üçün heç bir qanuni əsaslar mövcud deyil. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 14.2., 77.1 və 217.4. maddələri). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd etmək lazımdır ki, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməli olduğu halda bu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı zamanı iddia tələbi hərracın iddiaçının məlumatının olmadan keçirilməsi və əmlakların aşağı qiymətə satılması əsası ilə ləğv edilməsi iş materialları ilə təkzib edildiyindən, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-390/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-390/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver