Məhkəmə qərarları › İş №2(105)-396/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-396/2022

12.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-396/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(060)-6885/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(060)-6885/2021 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh ünvan 1 ünvanına istifadə hüququna xitam verilmiş və ilk iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(060)-6885/2021 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, 18ci mikrorayon, ev 39 ünvanda yerləşən 19 saylı mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 Sumqayıt şəhəri, XDS-nin İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən 31.05.1991-ci il tarixli, 34/496 saylı order ilə 6 nəfər ailə üzvü ilə birlikdə onların istifadəsinə verilmişdir. Həmin mənzil hal-hazırda dövlət fonduna aiddir və 1991-ci ildən həmin mənzilə köçərək orada yaşayırlar. Cavabdeh onun övladıdır və sonuncu 2006-cı ildə Sahib Dəmirov ilə ailə həyatı quraraq həyat yoldaşına məxsus ünvan 2 ünvanına gəlin köçmüş, həmin vaxtdan mübahisəli mənzildə yaşamamış, birgə təsərrüfat aparmamış və həmin ünvanda formal qeydiyyatda qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanda yerləşən 19 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 1991-ci ildə İddiaçı işlədiyi müəssisədən 4 uşağa görə verilmiş və həmin mənzilə dair verilmiş orderdə onun da adı qeyd olunmuşdur. Anası 1993-cü ildə ölmüş, atası İddiaçı isə ikinci dəfə ailə həyatı qurmuşdur. Lakin analığı Solmaz Mikayılova onunla, bacı və qardaşı ilə normal rəftar etməmiş, onları incitmiş və onlar bu əzablara qatlaşaraq həmin mənzildə yaşamışlar. O, 2006-cı ildə İddiaçı ilə ailə həyatı qurub, gəlin köçdüyü ər evində yaşasa da mübahisəli mənzillə əlaqəsini kəsməmiş və hazırda da həmin ünvanda qeydiyyatdadır. Ona məxsus şəxsi əmlakının bir qismi həmin mənzildə olmuş, yalnız 04.07.2021-ci ildə ona geri qaytarılmışdır. Qaynanasının xüsusi mülkiyyətində olan mənzilə gəlin köçdüyü üçün, həmin mənzilə istifadə hüququ yaranmamışdır. Hazırda həyat yoldaşı ilə aralarındakı ailədaxili münasibətlər pozulmuş, qaynanası isə özünə məxsus mənzilindən ona istifadə hüququ vermək istəmir və onun mənzildən çıxmasını tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 19 oktyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 28, 43, 71-ci maddələrinin, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87-cü maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri, X6 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 31.05.1991-ci il tarixli, 34/496 saylı orderə əsasən ünvan 1 ailə üzvləri ilə birlikdə İddiaçı adına qeydiyyata alınmışdır. 19 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş, sahə ustası Gülarə Qüdrətova, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 17-də yaşayan X3, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 5-də yaşayan X5, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 26 da yaşayan X1 tərəfindən tərtib edilərək imzalanmış 28 aprel 2021-ci il tarixli aktla müəyyən olur ki, Cavabdeh 2006-cı ildə ailə həyatı qurub gəlin köçdükdən sonra mübahisəli mənzildə yaşamamışdır. İş materialları ilə müəyyən olur ki, İddiaçı və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli mənzil 1991-ci ildə order əsasında İddiaçı adına qeydiyyata alınmış və onun övladı Cavabdeh 2006-cı ilə kimi həmin ünvanda yaşamaqla mənzilə istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Ona görə də, tərəflər arasındakı hazırkı mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməli, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası ilə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Birinci instansiya məhkəməsi ilk iddia tələbini mənzilə istifadə hüququna xitam verilməsi hissədə təmin etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, Cavabdeh 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və daimi yaşamaq üçün başqa yerə köçmüşdür. Cavabdehnin 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurması və daimi yaşamaq üçün başqa yerə, yəni ər evinə köçüb hazırkı vaxta kimi orada yaşaması işin mübahisəsiz halıdır. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən olur ki, Cavabdehnin mübahisəli mənzildə heç bir əmlakı mövcud deyildir, uzun müddətdir ki, həmin ünvanla əlaqəci kəsilmiş, orada yaşamamış, mənzilin təmirində, kommunal xərclərin ödənilməsində iştirakı olmamış və apellyant tərəfindən bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsində əsaslıdır. Eyni zamanda iş materialları ilə müəyyən olur ki, iddia tələbindən biri də Cavabdeh pasport qeydiyyatından çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi Cavabdeh ünvan 1 ünvanına olan pasport qeydiyyatından çıxarılması hissəsində təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, tələb qeyd olunan hissədə müvafiq qeydiyyatı həyata keçirən dövlət orqanının səlahiyyətində olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ünvan 1 ünvanına olan pasport qeydiyyatından çıxarılması hissəsi barədə iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə ayrıca qərardadla xitam verilməlidir. İş materialları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsini təmin etməmiş və gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verildiyi üçün onun həmin mənzilə köçürülməsi tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri “mənzilə istifadə hüququna xitam verilməsi” hissəsində əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən «İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatından çıxarılma tələbi təmin edilməsin» hissəsində ilk iddia ərizəsi üzrə tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatından çıxarılma tələbi təmin edilməsin» hissəsində ləğv edilib, iş üzrə həmin hissədə ayrıca qərardad çıxarılməlı və qətnamə – «Cavabdeh ünvan 1 ünvanına istifadə hüququna xitam verilsin və Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.5, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(060)-6885/2021 saylı qətnaməsi qismən – «İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatından çıxarılma tələbi təmin edilməsin» hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə ayrıca qərardad çıxarılsın. Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(060)-6885/2021 saylı qətnaməsi – «Cavabdeh ünvan 1 ünvanına istifadə hüququna xitam verilsin və Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar